BDU-nun
rektoru, akademik Abel Məhərrəmov "British
Council"in rəhbəri Paul Klementonu qəbul edib.
BDU haqqında qonağa ətraflı məlumat verən rektor
onu universitetdə görməkdən məmnun olduğunu
bildirib. Akademik Abel Məhərrəmov ölkə
Prezidenti İlham Əliyevin Azərbaycan elmi və
təhsilinin Avropa təhsil sisteminə
uyğunlaşdırılması istiqamətində gördüyü
çoxşaxəli işlərdən danışıb, ölkədaxili təhsil və
elm proqramlarının həyata keçirilməsini,
azərbaycanlı gənclərin xaricdə təhsilinin təmin
edilməsini də həmin prinsiplərin tərkib hissəsi
sayıb.
İnteqrasiya mexanizmlərindən, bu prosesi
gücləndirmək üçün tələbələrin ingilis dilini
yaxşı bilmələrinin vacibliyindən danışan rektor
bildirib ki, universitetdə Azərbaycan və rus
dilləri ilə yanaşı, bəzi fakültələrdə ingilis
dilində də qruplar fəaliyyət göstərirlər. Rektor
bütün fakültələrdə ingilisdilli qrupların
yaradılmasının nəzərdə tutulduğunu, növbəti
tədris ilinin sonunda bu dildən də dövlət
imtahanlarının veriləcəyini bildirib.
Qəbul üçün rektora təşəkkür edən Raul Klementon
rəhbərlik etdiyi şirkətin ali təhsilin
müəyyənləşdirilməsi istiqamətində proqramından,
bu proqrama uyğun olaraq əməkdaşlığın
genişləndirilməsində maraqlı olduqlarından bəhs
edib. Qonaq ingilis dilinin tədrisi ilə bağlı
mərkəzin yaradılmasını, Azərbaycan ali təhsil
müəssisələri ilə Böyük Britaniya
universitetlərinin əlaqələrinin qurulmasını arzu
etdiyini bildirib.
Sonda qərara alınıb ki, əməkdaşlıq universitetə
ingilis dilinin tədrisi prosesinə metodoloji
baxımdan kömək edilməsi və Böyük Britaniya
universitetləri ilə əməkdaşlıq konturlarının
əldə olunması istiqamətində aparılsın.
BDU-nun Mətbuat və informasiya şöbəsi
|