Azərbaycan xalqının ümummilli lideri, görkəmli
dövlət xadimi Heydər Əliyevin xatirə günü ilə
əlaqədar olaraq Naxçıvan Dövlət Universitetində
bir həftə ərzində silsilə tədbirlərin
keçirilməsi planlaşdırılıb. Heydər Əliyev
həftəsinin ilk tədbiri kimi universitetin
professor-müəllim heyəti və tələbə kollektivi
ümummilli liderin Naxçıvan şəhərindəki heykəlini
ziyarət edib, ulu öndərin xatirə muzeyi ilə
tanış olublar. Heydər Əliyev muzeyində xüsusi
məşğələ keçirilib. Məşğələni giriş sözü ilə açan
Naxçıvan Dövlət Universitetinin rektoru,
akademik İsa Həbibbəyli yeni Azərbaycanın böyük
yaradıcısı Heydər Əliyevin dövlətçilik
ideallarının yeni nəsillər üçün örnək olduğundan
bəhs etmişdir. Tədris işləri üzrə prorektor,
əməkdar elm xadimi Hüseyn Həşimli "Heydər Əliyev
müstəqil Azərbaycan dövlətinin banisidir"
mövzusunda məruzə ilə çıxış etmişdir.
Naxçıvan şəhərindəki Heydər Əliyev muzeyinin
direktoru Ramin Orucəliyev yeni eksponatlar
haqqında məlumat vermişdir.
Bundan başqa, universitetin tarix-filologiya
fakültəsində ulu öndərə həsr edilmiş şeir
müsabiqəsi uğurla başa çatıb. Müsabiqədə
universitetdə təhsil alan xarici ölkə
vətəndaşları olan tələbələrin də iştirakı böyük
maraqla qarşılanıb.
Həftə ərzində Naxçıvan Dövlət Universitetində
fəaliyyət göstərən Heydər Əliyev Universitetinin
məşğələsində "Heydər Əliyevin dövlətçilik təlimi
və müasir dövr" mövzusunda məruzənin
dinlənilməsi, görkəmli dövlət xadiminin həyatı
və fəaliyyətinə həsr olunmuş tələbə elmi
konfransının keçirilməsi, ədəbi kompozisiyanın,
rəsm və kitab sərgilərinin təşkili də nəzərdə
tutulur.
Mehriban SULTAN |