Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə
(telefonlar: 496-34-82; 496-37-61; e-mail
ünvanı:
qaynar-xett@edu.gov.az) cari ilin oktyabr və
noyabr aylarında 1854 müraciət daxil olub. Həmin
müraciətlərdən 1535-i telefonla, 319-u isə
elektron poçt vasitəsilə qəbul edilib.
Qeyd edək ki, bu aylar ərzində sorğu xarakterli
müraciətlərin çoxu məktəbəqədər, ümumtəhsil,
texniki peşə, orta ixtisas və ali məktəblərə
dair məsələlərlə bağlı olub. Müraciətlərin digər
qismi isə məktəbli forması, dərs bölgüsü,
xaricdə təhsil, özəl ali məktəblər və s.
məsələlərə aid problemləri əhatə edib.
Ümumtəhsil məktəbləri ilə əlaqədar müraciətlərin
207-si Bakıdan, 11-i Yardımlıdan, 10-u
Sumqayıtdan, hər birindən 5-8 olmaqla Cəlilabad,
Quba, Goranboy, Göygöl və Mingəçevirdən, hər
birindən 3 olmaqla Lerik, Daşkəsən, Ağsu, Şamaxı
və Samuxdan qəbul olunub.
Məktəbəqədər təhsil müəssisələrinə uşaqların
qəbulu, ödəniş haqqı, iş rejiminə dair və s.
sorğular "Qaynar xətt" xidmətinin növbətçiləri
tərəfindən cavablandırılıb. Ümumtəhsil
məktəblərinə müəllimlərin müsabiqə yolu ilə işə
qəbulu, dərs bölgüsü, dərsliklərin şagirdlərə
çatdırılması, habelə ali təhsil müəssisələrinə
tələbələrin köçürülmə və bərpası, təhsil
haqqının ödənilməsi, bakalavr və magistr
pillələrində ixtisaslaşma, təhsil sənədlərinin
tanınması və s. ilə bağlı çoxsaylı sorğulara
xidmət əməkdaşları və Təhsil Nazirliyinin
müvafiq struktur bölmələri tərəfindən aydınlıq
gətirilib.
Ötən iki ay ərzində Azərbaycan Beynəlxalq
Universiteti ilə əlaqədar daha çox müraciət
qəbul olunub. Bu təhsil müəssisəsinin
fəaliyyətinə verilmiş xüsusi razılığın
(lisenziya) qüvvədə olma müddətinin uzadılmaması
barədə Təhsil Nazirliyinin 01.09.2010-cu il
tarixli 1200 nömrəli əmrinin icrası ilə əlaqədar
daxil olan bütün sorğular müvafiq sənədlərə
uyğun cavablandırılıb.
"Qaynar xətt" xidmətinə daxil olan şikayət
xarakterli müraciətlər diqqətlə araşdırılıb və
onları törədən amillərin aşkar olunub aradan
qaldırılması istiqamətində konkret tədbirlər
həyata keçirilib. Bütün müraciətlərin təxminən
10 faizdən çoxunu təşkil edən bu şikayətlər
Təhsil Nazirliyinin mərkəzi və yerli struktur
bölmələri tərəfindən araşdırılıb. Bir çox
hallarda həmin şikayətlərin müəllifləri anonim
olub, bir qisim müraciət müəllifləri
şikayətlərini geri götürdüklərinə dair yazılı
izahat verib, digər müraciətlərdə günahı
olanlara qarşı müəyyən tədbirlər görülüb.
İki ay ərzində Abşeron rayon ümumtəhsil
məktəblərindən daxil olan müraciətlər digər
rayonlardan qəbul edilmiş müraciətlərdən daha
çox olub və onların sayı 30-a yaxındır.
Müraciətlərin əksəriyyətində Abşeron rayon
məktəblərində bir neçə dəfə məcburi qaydada
məktəbli formasının satışının təşkil edildiyi
bildirilib. Qeyd olunan məsələ ilə əlaqədar
araşdırma aparıldıqdan sonra Təhsil Nazirliyində
müzakirə keçirilib və Abşeron Rayon Təhsil
Şöbəsinin müdirinə yaranmış problemin qısa
müddətdə aradan qaldırılması üçün müvafiq
tapşırıqlar verilib.
"Qaynar xətt" xidmətinə daxil olan müraciətlər
əsasında işində nöqsanı olanlar tənbeh edilib,
onlara irad bildirilib və töhmət verilib, eləcə
də digər inzibati cəzalar tətbiq olunub. Belə
ki, Xətai rayonundakı 257 nömrəli məktəbin
riyaziyyat müəlliminə dərs zamanı pedaqoji
prinsipləri pozduğuna, müəllim-şagird
münasibətində ifrata vardığına və şagirdlərlə
kobud davranışına görə axırıncı xəbərdarlıqla
şiddətli töhmət verilib. Abşeron rayonu Xırdalan
şəhərindəki 1 nömrəli orta məktəbin müəllimi isə
məktəbli formasının satışında təlimata zidd
olaraq iştirakına görə işdən azad edilib.
Təhsil Nazirliyinin "Qaynar xətt" xidməti |