Dekabrın 3-də Təhsil Nazirliyində "Ali təhsil
müəssisələrində yeni maliyyələşmə mexanizminin
tətbiqi, qarşıya çıxan problemlər, onların həlli
yolları və təkliflər" mövzusunda 2010-2011-ci
tədris ilində dövlət sifarişinin yerinə
yetirilməsində iştirak etmiş ali məktəblərin baş
mühasiblərinin seminar-müşavirəsi keçirilib.
Seminar-müşavirədə
Təhsil Nazirliyi Aparatının rəhbəri İlham
Pirməmmədov, İqtisadiyyat şöbəsinin müdiri
Şahrza Əliyev və Maliyyə Nazirliyinin Sosial
sahələrin maliyyəsi şöbəsinin müdiri Xaqani
Rzayev iştirak ediblər.
Azərbaycan Respublikası Prezidentinin "Ali
təhsil müəssisələrində yeni maliyyələşmə
mexanizminin tətbiq edilməsi barədə" 10 fevral
2010-cu il tarixli Fərmanına əsasən cari tədris
ilindən ali təhsil müəssisələrində dövlət
sifarişi üzrə kadr hazırlığının adambaşına
maliyyələşdirmə prinsipi əsasında həyata
keçirilməsinin əhəmiyyətindən söz açan Təhsil
Nazirliyi Aparatının rəhbəri İlham Pirməmmədov
bu mexanizmin mütərəqqi xarakterindən, yeni
mexanizmin icrası ilə bağlı bir sıra normativ
sənədlərin hazırlanması istiqamətində Təhsil
Nazirliyi və Maliyyə Nazirliyinin birgə
əməkdaşlığından bəhs edib. Yeni maliyyələşmə
mexanizminin tabeçiliyindən və mülkiyyət
formasından asılı olmayaraq ali təhsil
müəssisələri arasında sağlam rəqabətə yol
açması, tələbələrin azad seçim imkanlarının
təmin edilməsindəki rolu barədə fikirlərini
bildirən İ.Pirməmmədov cari tədris ili üçün
tələbə qəbulunun proqnozunun hazırlanmasında
tətbiq olunan yeniliklərdən və bir neçə ali
məktəbin timsalında qəbulun nəticələrindən
danışıb. Təhsil Nazirliyi Aparatının rəhbəri
qeyd edib ki, ali məktəblər tərəfindən mövcud
resurslardan daha səmərəli istifadə baxımından
bir sıra təxirəsalınmaz tədbirlər görülməlidir
ki, bu işdə də baş mühasiblərin üzərinə böyük
məsuliyyət düşür.
Seminar-müşavirədə çıxış edən Maliyyə
Nazirliyinin Sosial sahələrin maliyyəsi
şöbəsinin müdiri Xaqani Rzayev ali təhsil
müəssisələrində yeni maliyyələşmə mexanizminin
tətbiqinin "Təhsil haqqında" Azərbaycan
Respublikası Qanununun bir sıra müddəalarının,
həmçinin Azərbaycan Respublikası Prezidentinin
2009-cu il 22 may tarixli 295 nömrəli Sərəncamı
ilə təsdiq olunmuş "2009-2013-cü illərdə
Azərbaycan Respublikasının ali təhsil sistemində
islahatlar üzrə Dövlət Proqramı"nda nəzərdə
tutulan tədbirlərin icrasından irəli gəldiyini
vurğulayıb. O, həmçinin ali təhsil
müəssisələrində yeni maliyyələşmə mexanizminin
tətbiqi istiqamətində görülən işlər haqqında
ətraflı məlumat verib, artıq dövlətin ali
məktəbi deyil, tələbəni maliyyələşdirdiyini
nəzərə çatdırıb. Yeni mexanizmin tətbiqinin
mövcud resursların saxlanılması baxımından ali
məktəblər qarşısında bir sıra problemlər
yaratdığını vurğulayan X.Rzayev bu məsələnin
həllində baş mühasiblərin üzərinə düşən
vəzifələrə diqqət çəkib. Xaqani Rzayev yeni
mexanizmin tətbiqinin ali məktəblərin
səlahiyyətlərinin artırılmasına yönəldiyini, 22
oktyabr 2010-cu il tarixdə Təhsil Nazirliyində
təhsil, maliyyə, iqtisadi inkişaf nazirlərinin,
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sədrinin,
Respublika Nazirlər Kabinetinin şöbə müdirinin,
dövlət sifarişinin yerinə yetirilməsində iştirak
etmiş ali məktəb rektorlarının və digər
aidiyyəti şəxslərin iştirakı ilə "Ali təhsildə
yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı
mövcud vəziyyət, təkliflər və qarşıda duran
vəzifələr" mövzusunda keçirilmiş kollegiya
iclasında səslənən bir sıra təkliflərə Maliyyə
Nazirliyinin müsbət yanaşdığını, lakin bu
təkliflərin təmin olunması üçün ali məktəblərdən
tələb olunan müvafiq məlumat və hesablamaların
vaxtında təqdim edilmədiyini və bu işdə baş
mühasiblərin daha çox məsuliyyət daşıdıqlarını
bildirib.
Təhsil Nazirliyi İqtisadiyyat şöbəsinin müdiri
Şahrza Əliyev bu tədbirə qatıldığına görə
Maliyyə Nazirliyi Sosial sahələrin maliyyəsi
şöbəsinin müdiri Xaqani Rzayevə təşəkkürünü
bildirib, seminar-müşavirənin təhsil
müəssisələrində yeni maliyyələşmə mexanizminin
tətbiqi prosesinin əsas iştirakçıları və
icraçıları olan baş mühasiblərin
maarifləndirilməsi baxımından mühüm əhəmiyyət
kəsb etdiyini vurğulayıb. Ölkə Prezidentinin
"Ali təhsil müəssisələrində yeni maliyyələşmə
mexanizminin tətbiq edilməsi barədə" 10 fevral
2010-cu il tarixli Fərmanına əsasən Maliyyə
Nazirliyinin bilavasitə dəstəyi ilə görülən
konkret işlər barədə məlumat verən Ş.Əliyev "Ali
təhsil müəssisələrində yeni maliyyələşmə
mexanizminin tətbiq edilməsi haqqında"
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25
iyun 2010-cu il tarixli, 120 nömrəli Qərarı ilə
təsdiq olunmuş bir sıra qaydaların və sənədlərin
tələblərinin baş mühasiblər tərəfindən
öyrənilməsinin zəruriliyini diqqətə çatdırıb.
Şahrza Əliyev Maliyyə Nazirliyi tərəfindən
hazırlanmış "Azərbaycan Respublikası ərazisində
fəaliyyət göstərən ali təhsil müəssisələrində I
kurs bakalavriat və magistratura səviyyələri
üçün dövlət büdcəsinin vəsaiti hesabına
maliyyələşmənin dövlət sifarişi əsasında həyata
keçirilməsi məqsədilə cari ilin sonunadək əlavə
tələb olunan vəsaitin (2010-cu ilin
sentyabr-dekabr ayları üçün, illik məbləğin
3-dən biri həcmində) bölgüsü"nə əsasən müvafiq
vəsaitlərin Təhsil Nazirliyi tərəfindən ali
məktəblərin hesablarına köçürülməsindən və bu
vəsaitlərin təyinatı üzrə xərclənilməsi ilə
əlaqədar baş mühasiblərin qarşısında duran
vəzifələrdən söz açıb, bir sıra tövsiyələrlə
çıxış edib. Şöbə müdiri ölkə Prezidentinin
müvafiq sərəncamı əsasında təhsil haqlarından
azad olunmuş məcburi köçkün və qaçqın statuslu
tələbələrin təhsil xərclərinin kompensasiya
olunması ilə bağlı təklifə Maliyyə Nazirliyi
tərəfindən müsbət yanaşılması, bu xərclərin
büdcədən əlavə olaraq ödənilməsinin qərara
alınması barədə fikirlərini bildirib və dövlət
ali məktəblərindən müvafiq məlumatları Maliyyə
Nazirliyinə təqdim etmədiklərinə görə ali
məktəblərin baş mühasiblərinin fəaliyyətlərindən
narazı olduğunu nəzərə çatdırıb, onları qısa
müddət ərzində bu istiqamətdə dönüş yaratmağa
çağırıb. Gələcəkdə büdcədənkənar vəsaitlərin
planlaşdırılmasında və xərclənməsində ali
məktəblərin səlahiyyətlərinin artırılmasının
vacibliyini, hər bir ixtisas üzrə dövlət
sifarişi üzrə bir təhsilalan üçün
müəyyənləşdirilmiş xərc məbləği ilə ödənişli
təhsil haqqı arasında uyğunluğun yaradılmasının
zəruriliyini vurğulayan Ş.Əliyev dövlət sifarişi
üzrə kadr hazırlığı ilə bağlı cari ilin
sentyabr-dekabr ayları üçün köçürülmüş
vəsaitlərin təyinatı üzrə səmərəli xərclənilməsi
və bununla əlaqədar növbəti ilin əvvəlində
maliyyə və mühasibat hesabatlarının təqdim
olunmasına dair təkliflərini bildirib.
Çıxışlardan sonra yeni maliyyələşmə mexanizminin
tətbiqi ilə bağlı qarşıya çıxan problemlər,
onların həlli yolları, həmçinin ali məktəblərə
dövlət sifarişi üzrə kadr hazırlığı üçün
köçürülmüş, eyni zamanda büdcədənkənar
vəsaitlərdən daha səmərəli istifadəni təmin
etmək məqsədilə bu vəsaitlərin ilin sonunda
büdcəyə silinməməsi ilə bağlı təkliflər
müzakirə edilib, bu barədə Maliyyə Nazirliyinin
dəstəyi ilə yuxarı orqanlar qarşısında vəsatət
qaldırılması qərara alınıb, baş mühasibləri
maraqlandıran suallar cavablandırılıb, onlara
müvafiq tapşırıq və tövsiyələr verilib. |