Tələbələrin yüksək təhsil almaları ilə yanaşı,
onların bir vətəndaş, şəxsiyyət kimi
formalaşması işini də diqqət mərkəzində saxlayan
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasında dekabrın 8-də
Azərbaycanın Milli Qəhrəmanı Mübariz
İbrahimovun xatirəsinə həsr olunan anım mərasimi
keçirildi.
Tədbiri
akademiyanın Tarix kafedrasının dosenti
Firdovsiyyə Əhmədova açaraq Milli Qəhrəman
Mübariz İbrahimovun döyüş yolundan danışdı,
Azərbaycan gəncliyinin Vətən, torpaq uğrunda
canından keçməyə qadir olduğunu bir daha
təsdiqləyən nümunə kimi dövlət səviyyəsində
təqdir edildiyini diqqətə çatdırdı.
Sonra tanınmış yazıçı-publisist Mustafa
Çəmənlinin Mübariz İbrahimovdan bəhs edən
sənədli povestinin təqdimatı oldu. "Mübariz"
povesti ali təhsil ocağının müəllim və tələbə
heyəti tərəfindən böyük maraqla qarşılandı.
Çıxış üçün söz alan Mustafa Çəmənli qəhrəmanın
ömür yolundan söz açaraq əsəri yazarkən yaşadığı
hissləri tədbir iştirakçıları ilə bölüşdü.
Çıxış edənlər "Mübariz" povestini gənclərə
vətənpərvərlik hissi aşılayan bir əsər kimi
dəyərləndirdilər. Mübariz İbrahimovun
qəhrəmanlığının dövlət başçısı, cənab İlham
Əliyev tərəfindən yüksək qiymətləndirilməsi
xüsusi vurğulandı. Çıxışlarda həmçinin
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun
göstərdiyi igidliyin gənclərdə hərbi
vətənpərvərlik hissinin gücləndirilməsi işində
parlaq nümunə, ibrətamiz örnək olduğu qeyd
edildi.
Tədbir Azərbaycanın Milli Qəhrəmanı Mübariz
İbrahimova həsr olunmuş videoçarxın nümayişi və
ədəbi-bədii kompozisiya ilə başa çatdı.
Samirə KƏRİMOVA |