Dekabrın 7-də Dövlət Gənc Tamaşaçılar Teatrında
Azərbaycanda ilk qəza məktəbinin - Üzeyir bəy
Hacıbəyli adına Şuşa şəhər 1 nömrəli orta
məktəbin 180 illik yubileyi təntənəli şəkildə
qeyd olundu.
Yubiley
mərasiminin iştirakçıları əvvəlcə Fəxri xiyabana
gələrək xalqımızın ümummilli lideri Heydər
Əliyevin əziz xatirəsini yad edib məzarı üzərinə
tər çiçək dəstələri düzdülər.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım
Əliyevanın da xatirəsi anıldı.
Sonra xalqımızın qəhrəman oğullarının uyuduğu
Şəhidlər xiyabanı ziyarət olundu.
Qonaqlar, o cümlədən bir sıra dövlət
qurumlarının rəsmiləri, xarici ölkələrin
səfirləri teatrın foyesində rəssam Rövşən
Bayramovun yağlı boya ilə çəkdiyi Şuşa abidələri
və mənzərələrinə həsr olunmuş şəkillərindən,
şəhər 1 nömrəli orta məktəbin məzunlarının qızıl
və gümüş medallarından, vinetkalarından, bugünkü
şagirdlərinin rəsm əsərlərindən, Vətən haqqında
inşalarından ibarət sərgiyə maraqla baxdılar.
Rəsmi yubiley tədbiri açıq elan olunduqdan və
Azərbaycan Respublikasının Dövlət himni
səsləndikdən sonra yubilyar məktəbin keçdiyi
tarixi yoldan və bugünkü fəaliyyətindən bəhs
edən "Mənim doğma məktəbim" sənədli filmi
nümayiş olundu.
Sonra söz təhsil naziri Misir Mərdanova verildi.
Misir Mərdanov Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin məktəbin kollektivinə
ünvanladığı təbrik məktubunu oxudu, yubiley
münasibəti ilə tədris ocağının bir qrup
müəlliminin mükafatlandırılması ilə bağlı dövlət
başçısının 2010-cu il dekabrın 6-da imzaladığı
sərəncamlarla mərasim iştirakçılarını tanış
etdi. Qeyd edək ki, həmin sərəncamlara əsasən
təhsil sahəsində xidmətlərinə görə bir nəfərə
"Əməkdar müəllim" fəxri adı verilmiş, iki nəfər
"Tərəqqi" medalı ilə təltif olunmuşdur.
Məktub və sərəncamlara görə ölkə başçısına
minnətdarlığını bildirən təhsil naziri məktəbin
kollektivini, mərasim iştirakçılarını yubiley
münasibəti ilə təbrik etdi.
Təhsil naziri məktəbin 180 illik yubileyinin
keçirilməsini tarixi hadisə adlandıraraq
bildirdi ki, hələ 1982-ci ildə bu təhsil
ocağının 150 illiyi o vaxt Azərbaycan KP MK-nın
birinci katibi işləyən Heydər Əliyevin təşəbbüsü
ilə MK bürosunun qərarına əsasən geniş qeyd
olunmuşdur. İlk qəza məktəbinin Şuşada
açılmasını təhsil naziri tarixi zərurət kimi
dəyərləndirərək Şuşanın Azərbaycanın təhsil və
mədəniyyət tarixində böyük rol oynadığını
vurğuladı.
Təhsil naziri son illər ölkəmizdə təhsilin
inkişafı istiqamətində atılmış bəzi addımlara da
diqqəti cəlb edərək bildirdi ki, son 7 il
ərzində ölkəmizdə 2000 yeni məktəb binası
tikilib istifadəyə verilmişdir. Onların 300-dən
çoxu Heydər Əliyev Fondunun dəstəyi ilə inşa
olunmuşdur. Nazir yubiley mərasimi
iştirakçılarının diqqətinə çatdırdı ki, Heydər
Əliyev Fondunun təşəbbüsü ilə 2011-ci ildə 180
yaşlı Şuşa şəhər 1 nömrəli məktəb üçün paytaxtın
görməli yerində yeni binanın tikilməsi nəzərdə
tutulub.
Misir Mərdanov çıxışının sonunda Təhsil
Nazirliyi tərəfindən yubilyar məktəbin
kollektivinə təbrik məktubu ünvanlandığını, onun
bir qrup müəlliminin nazirliyin "Azərbaycan
Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı,
fəxri fərmanları və təşəkkürnamələri ilə
mükafatlandırıldığını bildirib, onların adlarını
açıqladı və yubiley tədbirinin hazırlanmasında
əməyi olanlara minnətdarlıq etdi.
Yubiley tədbirində Şuşa Rayon İcra
Hakimiyyətinin başçısı, "Azərbaycan Respublikası
Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması"
İctimai Birliyinin rəhbəri Bayram Səfərovun
təntənəli açılışı 1830-cu il dekabrın 30-da
olmuş ilk qəza məktəbinin keçdiyi tarixi yoldan,
bu günündən, yetirmələrindən bəhs edən məruzəsi
dinlənildi.
Məruzəçi qeyd etdi ki, Şuşa qəza məktəbi
fəaliyyət göstərdiyi bütün illərdə təhsil-təlim
keyfiyyətinə görə birinci olmuşdur. Şagirdlərin
sayına görə də bu məktəb bütün Zaqafqaziyada
birinci yeri tuturdu. 1865-ci ildə Şuşa qəza
məktəbində 240 şagird oxuyurdu. Məktəbdə
kitabxana yaradılmışdı. 1845-ci ilin məlumatına
görə, Şuşa qəza məktəbinin kitabxanasında 301
adda kitab və tədris vəsaiti olmuşdur. 1868-ci
ildən məktəbdə digər fənlərlə yanaşı, fransız
dili də tədris olunmuşdur.
1874-cü ildə Şuşa qəza məktəbi şəhər məktəbinə
çevrilmiş, onun şəhər məktəbi kimi ilk
buraxılışından bir neçə nəfəri 1879-cu ildə
Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasına
daxil olmuşdur. Onların arasında məşhur müəllim
Əliş bəy Tahirov, Azərbaycan elmi-pedaqoji fikir
tarixində görkəmli ədəbiyyatşünas, pedaqoq kimi
yer tutan Firudin bəy Köçərli və tanınmış
pedaqoq Səfərəli bəy Vəlibəyov da var idi.
Ümumiyyətlə, XIX əsr Azərbaycan ədəbiyyatının
bir çox görkəmli nümayəndələri, ziyalılar ilk
təhsillərini Şuşa (qəza) şəhər məktəbində
almışlar.
Bu baxımdan məruzəçi tanınmış məzunlardan
akademiklər Lətif İmanovu, Səttar Əsədovu, Paşa
Rüstəmovu, Cəlal Allahverdiyevi, elmlər
doktorları Validə Yusifzadəni, Sabir Rüstəmovu,
Əbülfət Rüstəmovu, Cəlal Şükürovu, Sayalı
Tağıyevanı, Əkbər Ağayevi, Kamran Məmmədovu,
Nadir Əlişovu, Sovet İttifaqı Qəhrəmanı Xəlil
Məmmədovu, bəstəkarlar Süleyman Ələsgərovu,
Əşrəf Abbasovu və başqalarını xatırlatdı.
Məruzədə qeyd olundu ki, Şuşa şəhər məktəbi XX
əsrdə də öz fəaliyyətini uğurla davam etdirmiş,
xeyli məzun buraxmışdır. Bir çox hallarda
rus-tatar və ya digər ibtidai məktəbləri bitirən
gənclər şəhər məktəbində hazırlıq keçir və
burada ibtidai məktəb müəllimliyinə imtahan
verirdilər. Belələrindən biri də Şuşada ibtidai
təhsilin təşkilatçılarından olmuş tanınmış
müəllim Mirzə Xosrov Axundzadə idi.
Şuşa şəhər məktəbi 1927-1928-ci dərs ilində
yeddiillik məktəbə çevrilmiş, 1933-cü ildə
nümunə məktəbi adını almışdır.
Şuşa yeddiillik nümunə məktəbi 1937-1938-ci dərs
ilindən 1 nömrəli şəhər orta məktəbi kimi
fəaliyyətini davam etdirmiş, 1939-1940-cı dərs
ilində onun orta təhsil üzrə ilk buraxılışı
olmuşdur. 1992-ci ilin mayınadək fasiləsiz
fəaliyyət göstərən məktəbin pedaqoji və şagird
kollektivi Şuşanın ermənilər tərəfindən
işğalından sonra respublikanın müxtəlif
rayonlarında müvəqqəti məskunlaşmışlar.
Şuşanın digər təhsil ocaqlarından şagirdlər və
müəllimlər cəlb olunmaqla yenidən təşkil edilmiş
məktəb hazırda paytaxtın Yasamal rayonundakı 38
nömrəli orta məktəbdə yerləşir. Bu gün burada
103 şagird təhsil alır. Onların təlim-tərbiyəsi
ilə 21 müəllim məşğul olur.
Məruzəsinin sonunda B.Səfərov vurğuladı ki, ulu
öndərimiz tərəfindən əsası qoyulan, möhtərəm
Prezidentimiz İlham Əliyev tərəfindən uğurla
davam etdirilən xarici və daxili siyasəti
bəyənən bütün şuşalılar kimi Şuşa şəhər 1
nömrəli orta məktəbin pedaqoji kollektivi də
gələcəyə böyük inam və nikbinliklə baxır,
məcburi köçkün övladlarını fiziki və mənəvi
cəhətdən sağlam, savadlı böyütmək, onları doğma
Şuşaya qayıdacağımız günə hazırlamaq kimi
şərəfli bir işlə məşğul olurlar. İnanırlar ki,
tezliklə ölkə Prezidenti İlham Əliyev
cənablarının müdrik siyasəti nəticəsində tarixi
yurdları olan doğma Şuşaya qayıdacaq və daha
müasir Şuşa şəhər 1 nömrəli orta məktəbin sinif
otaqlarında XXI əsrə layiq müasir gənclər
yetişdirəcəklər.
Məktəbin direktoru, əməkdar müəllim Sevil
Babayeva mərasimdə çıxış edərək təhsil ocağının
yubileyinin dövlət səviyyəsində qeyd edildiyi
üçün Azərbaycan Prezidentinə minnətdarlığını
bildirdi, yubiley tədbirinin keçirilməsində
zəhməti olan insanlara təşəkkür etdi.
Məktəbin məzunu, hazırda Moskvada yaşayan
fizika-riyaziyyat elmləri namizədi Şünasi
Xəlilov söz alaraq öz sevincini tədbir
iştirakçıları ilə bölüşdü.
Yubiley tədbirində çıxış edən Azərbaycan
Respublikası Baş nazirinin müavini, Qaçqınların
və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət
Komitəsinin sədri Əli Həsənov məktəbin
yubileyinin dövlət başçısının sərəncamı ilə qeyd
olunduğunu əlamətdar hadisə kimi qiymətləndirdi,
müəllim və şagirdləri təbrik etdi. O dedi ki:
"Həmişə Şuşanı musiqi və mədəniyyət beşiyi
adlandırmışıq. Haqlı olaraq 180 yaşlı məktəbi
olan bu yurdu həm də ziyalılar şəhəri adlandıra
bilərik". Baş nazirin müavini
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həllində dövlətimizin başçısının
mövqeyini xatırlatdı və inamla vurğuladı ki,
Qarabağın düşməndən azad edilməsi Şuşadan
başlayacaqdır.
Yubiley tədbirinin iştirakçıları adından
Azərbaycan Prezidenti İlham Əliyevə müraciət
qəbul olundu.
Tədbir maraqlı bayram konserti ilə başa çatdı.
Yusif ƏLİYEV |