Xüsusi ifaçılıq qabiliyyəti və istedadı ilə
fərqlənən Prezident təqaüdçüsü Toğrul
Hüseynlinin uğurları çoxdur.
İlk öncə o, görkəmli bəstəkar Oqtay Zülfüqarovun
Uşaq Filarmoniyasının nəzdindəki "Aysel" uşaq
teatrının solisti seçilib. Bakı Musiqi
Akademiyasının nəzdindəki Pedaqoji hazırlıq
kafedrasında təhsilə başlayıb,fortepiano
ifaçılığına yiyələnib.
9
yaşında olarkən Nazim Əliverdibəyov adına gənc
ifaçıların 4-cü ümumşəhər müsabiqəsinə
qatılaraq birincilik əldə edib. Toğrul
beynəlxalq müsabiqələrdə də müvəffəqiyyətlər
qazanıb. 2005-ci ildə Cürcüstanda keçirilən
pianoçuların II beynəlxalq müsabiqəsində III
yeri tutaraq bürünc medala layiq görülüb.
2006-cı ildə Rauf Adıgözəlovun rəhbərlik etdiyi
Azərbaycan Dövlət Simfonik Orkestri ilə
filarmoniyada konsert verib. 2008-ci ildə ulu
öndər Heydər Əliyevin 85 illik yubileyinə həsr
olunmuş gənc musiqiçilərin birinci respublika
müsabiqəsinin qalibi olub. Heydər Əliyev
Fondunun dəstəyi ilə Qəbələdə keçirilən
Beynəlxalq musiqi festivalında da uğur qazanıb.
Gənc ifaçı növbəti uğurunu isə Belarusda
keçirilən musiqi festivalında qazanıb.Böyük bir
musiqi bayramı yaşandığını qeyd edən Toğrulun
sözlərinə görə, 4-cü dəfədir ki, Belarusda belə
bir möhtəşəm musiqi festivalı keçirilir. O,
Gənclər Akademiyasında olarkən dünya şöhrətli
musiqiçi və tanınmış sənətçilərlə
görüşüb,onlardan həm ustad,həm də fərdi dərslər
alıb. Bir həftə ərzində 2 konsert verildiyini
deyən Toğrul, bunlardan birinin Musiqi
Akademiyasının böyük zalında,digərinin isə
Belarus Dövlət Filarmoniyasında baş tutduğunu
söylədi. Bildirdi ki, Gənclər Akademiyasının ilk
konsertində ən istedadlı musiqiçilər iştirak
edirdi. Final konsertində isə Azərbaycanın
təmsilçiləri daha çox fərqləndilər.
Toğrul Hüseynlinin uğurları şübhəsiz bunlarla
bitmir. O, 2009-cu ilin noyabrında Azərbaycan
Dövlət Filarmoniyasında Prezident
təqaüdçülərinin hesabat konsertində Verdi -
List Konsert parafrazasını uğurla ifa etmişdir.
2009-cu il dekabrın 4-də isə istedadlı gənc
Beynəlxalq Uşaq Olimpiadasına həsr olunmuş
konsertdə maestro Teymur Göyçayevin dirijorluğu
və Azərbaycan Dövlət Uşaq Simfonik Orkestrinin
müşayiəti ilə T.Quliyevin "Qaytağı" pyesini
məharətlə ifa edərək tamaşaçıların böyük
rəğbətini qazanıb. 2009-cu ilin 8-14 dekabr
tarixlərində ölkəmizin mədəni həyatında önəmli
hadisələri kimi M.Rostropoviç adına Beynəlxalq
musiqi festivalı keçirilirdi. T.Hüseynli bu
festival çərçivəsində dekabrın 13-də
filarmoniyanın səhnəsində baş tutan konsertdə
də yaddaqalan ifaçılardan biri oldu. O, 2009-cu
il martın 2-də F.Şopenin 200 illik yubileyi
münasibətilə keçirilən festivalda Polşa
pianoçusu S.Deya və ölkəmizin bir sıra
pianoçuları ilə eyni səhnəni paylaşaraq
müvəffəqiyyət qazanıb. T.Hüseynli bu il Bülbül
adına Orta İxtisas Musiqi Məktəbini fərqlənmə
attestatı ilə bitirib.
İncəsənətdə nail olduğu bütün müvəffəqiyyətlərə
görə Toğrul Hüseynli ölkə rəhbərinə təşəkkürünü
belə ifadə etdi: - Bütün müsabiqələrdə
qazandığım uğurlara görə Azərbaycan dövlətinə,
möhtərəm Prezidentimiz İlham Əliyevə öz
minnətdarlığımı bildirirəm.
Sifai SƏFƏROVA |