Almaniyada keçirilən "Avromedika-Qannover 2010"
beynəlxalq tibb konqresində azərbaycanlı uşaq
yazıçı-nağılçısı, Avropa Təbiət Elmləri
Akademiyasının həqiqi üzvü Solmaz Amanova
"Monastır apteki" kitabına görə Leanardo da
Vinçi medalına layiq görülmüşdür.
Leonardo
da Vinçi medalı Solmaz Amanovaya Fransada
dünyanın ən qədim məbədlərindən birində -
Notrdam-su-Terr (X əsr) monastırında təqdim
edilmişdir. Nəşr Azərbaycanın ən qədim abidələri
- Alban monastırları, Qarabağ və Gəncə
xanlıqları haqqında üç kitabdan ibarətdir.
Kitablara şeirlər, nağıllar və pyeslər daxildir.
Hər kitaba müəllimlər üçün metodik göstərişlər
əlavə edilmişdir.
Medal BMT yanında Mükafatlar üzrə Avropa
Komitəsində intibah dövrünün dühası Leonardo da
Vinçinin 550 illik yubileyi münasibətilə təsis
edilmişdir. Fəxri mükafat dünya birliyi, Vətən,
qeyri-hökumət təşkilatları qarşısında xüsusi
xidmətlərə, rəngkarlıq, memarlıq, ədəbiyyat və
digər sahələrdə beynəlxalq aləmdə tanınmış
görkəmli əsərlərə görə təqdim olunur.
Solmaz Amanova xaricdə çoxdan tanınır. Onun
əsərləri Belarus və Ukrayna dillərinə tərcümə
olunmuş, ABŞ-ın Hyuston şəhərində, Almaniyadakı
qalereyalarda nümayiş etdirilir, Mədəniyyət və
Turizm Nazirliyinin xətti ilə 50-dən çox ölkənin
kitabxanalarında saxlanılır.
Bakının orta məktəblərində "İrs" dərnəkləri
təşkil olunmuşdur, yazıçının şeir, nağıl və
pyesləri öyrənilir və səhnələşdirilir, "İrs"
fənni rəsmi olaraq tədris proqramına daxil
edilmişdir. "İrs" fənninin müəllifi, Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin ibtidai siniflər üzrə
metodisti S.Amanova çox xeyirxah nağıllar yazır.
O, "Bütün dünyanın mahnıları mənim qəlbimdədir"
(Azərbaycan və rus dillərində), "Anatomiya
rəngkarlıqda və poeziyada", "Turac" və digər
kitabların müəllifidir.
Onun "İrs", "Anatomiya teatrı" kitabları ötən
ilin sentyabrında Moskvada keçirilən "Kitab
sənəti" beynəlxalq sərgi-müsabiqəsində ikinci və
üçüncü yerləri tutmuşdur.
Gələn il "İrs" fənni üzrə daha bir kitab -
"Monastır apteki" buraxılacaqdır. Uşaqlar bu
kitabdan dərman bitkiləri, tarix, diyarımızın
qədim dinləri barədə çox şeylər öyrənəcəklər.
Azərbaycan Prezidenti İlham Əliyev bu kitabları
görəndən sonra demişdir ki, Solmaz Amanova
şəkillər əsasında yazan yeganə yazıçıdır. Əcnəbi
mütəxəssislərin rəyləri və qazanılmış mükafatlar
da bunu təsdiq edir.
AzərTAc |