Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə
"Dünyaya baxış" (World Vision) humanitar
təşkilatının birgə həyata keçirdikləri
"Gənclərin inkişafı və məşğulluq şəbəkəsinin
yaradılması" layihəsi çərçivəsində nazirliyin
bir qrup əməkdaşı bu günlərdə Almaniya Federativ
Respublikasında səfərdə olmuşdur. Onlar Bonn
şəhərində federal səviyyədə peşə təhsili ilə
məşğul olan müəssisələrdə, təhsil
departamentlərində, məktəblərdə olmuş, görüş və
müzakirələr keçirmişlər.
Almaniyanın
peşə təhsili təhsilalanların gələcəyinə təminat
verir. Almaniyada təhsil iki yerdə aparılır:
peşə məktəbində və müəssisədə. Dual (paralel)
təhsil sistemi sayəsində gənclər məktəbdə və
müəssisədə öz gələcək peşələrinə optimal surətdə
hazırlaşırlar. Alman peşə təhsili sisteminin
üstün cəhətlərini aşağıda göstərilən 5 fərqlənmə
əlaməti ilə xarakterizə etmək olar:
1. Dövlət, iqtisadiyyat və sosial tərəfdaşlar
birlikdə peşə təhsilinin çərçivə şərtlərini
təmin edirlər.
2. Almaniyada təcrübədən keçirilən peşə
təhsilinin məqsədi şagirdlərə səriştəyə yönəlmiş
hərtərəfli kompetensiyaların aşılanmasıdır: bu
məqsədə çatmağın ən yaxşı yolu bir tərəfdən
müəssisədə, digər tərəfdən məktəbdə təlimdir.
3. Bütün müəssisələrdə təhsil standartlarının
eyni olması və imtahanlara təqdim olunan vahid
tələbat təhsilin keyfiyyətinə zəmanət verir və
təhsilin insanların həyatı boyu onları müşayiət
etdiyini təsdiqləyir.
4. Fasiləsiz olaraq əmək ehtiyatları bazarı və
peşə təhsilinin öyrənilməsi peşə təhsilinin
texniki, iqtisadi və ictimai inkişafa adaptasiya
olunmasına şərait yaradır.
5. Xüsusi ixtisas və pedaqoji təhsili olan
personal şagirdlərdə peşə kompetensiyalarının
daimi inkişafına, həmçinin təlim və tədrisin
yüksək keyfiyyətinə təminat verir.
Peşə təhsilində şagirdlərin kompetensiyalarının
inkişaf etdirilməsi əsasən üç yöndə aparılır:
- Şəxsi və sosial kompetentlilik, yəni daxili
motivasiya, kollektivdə işləmək bacarığı və
qərar qəbul etmək;
- İstehsalatda işləmək, işçi avadanlıqlarla
davranmaq və istehsal prosesini anlamaq;
- Problemi həll etmək üçün həll strategiyası
axtarmaq bacarığı və bu strategiyadan çıxış
etmək qabiliyyəti.
Hər yerdə oldugu kimi, Almaniyada da məktəbi
bitirənləri belə bir sual düşündürür: hara
getmək, hansı ixtisası öyrənmək, hansı ixtisasın
perspektivli gələcəyi var? Almaniyada peşə
təhsilində xüsusi ənənə var. Məktəbin vəzifəsi
yeniyetmələri cəmiyyətin gələcək həyatına
hazırlamaqdır. Yeniyetmələr peşə məktəbində və
müəssisədə 2-3, 5 il müddətində təhsillərini
davam etdirirlər. Təlim vaxtı şagirdlər öz
təlim-istehsalat müəssisələrindən təqaüd
alırlar.
Peşə təhsili prosesini həyata keçirmək üçün
təlimatları Peşə Təhsili üzrə Federal İnstitut
(BİBB) hazırlayır. Bu institutda dual sistemə
daxil olan 350 peşə üzrə təlimatlar hazırlanır.
BİBB-in hazırladığı təlimatlar təhsil
kurikulumlarına uyğunlaşdırılır. Təlim
təlimatları aşağıda göstərilən formada
hazırlanır:
- Təlimin adı;
- Təlimin müddəti;
- Peşənin profili;
- Kurikulum çərçivəsi;
- İmtahana olan tələblər.
BİBB 350 peşə üzrə hazırladığı və ya
uyğunlaşdırdığı təlimatlarda hər hansı
dəyişikliyi şirkətlərlə, təlim alanlarla
məsləhətləşdikdən sonra edir. İstehsalatda
təlimi işəgötürənlərin assosiasiyası tərəfindən
yaradılan palatalar-çemberlər həyata keçirirlər.
Peşə təhsilində dual sistemi aşağıdakı kimi başa
düşmək olar:
1. Təhsil
2.İstehsalat
Şagirdlər məktəbi necə tapırlar? Əvvəla
işəgötürən şirkətlər elanlar verir, bu elanlara
əsasən müraciət edənləri şirkət işə qəbul edir,
müqavilə bağlayır və işə götürülənin
bacarığından asılı olaraq ona əməkhaqqı təyin
edir. Şirkət özü işçini peşə məktəbində qeydə
aldırır və uyğun məktəbi tapmaq üçün məsuliyyət
daşıyır. Treninq (təlim) belə olur: məktəbdə
müəllim, istehsalatda usta. Şagirdlər iki gün
məktəbdə nəzəri dərslər, üç gün isə çemberlərdə
istehsalat təlimi keçirlər. Şirkətdə işləyən
təcrübəli ustalar öz iş günlərinin yarısını
şirkətdə, yarısını isə çemberlərdə şagirdləri
öyrətməklə məşğul olurlar. Çemberləri ən yeni
texnologiyalara uyğun avadanlıqlarla təmin
etməkdə şirkətlər özləri maraqlıdırlar.
Çemberlər təlimə, monitorinqə və imtahanların
keçirilməsinə məsuliyyət daşıyırlar. Çemberlər
İqtisadiyyat Nazirliyinə tabedirlər. Təhsil
Nazirliyi tərəfindən hazırlanan kurikulumları
İqtisadiyyat Nazirliyi təsdiq edir. Çemberlərin
bütün maliyyə xərclərini şirkətlər ödəyirlər.
İmtahanların keçirilməsinə çemberlər
cavabdehdirlər. İki imtahan olur: biri məktəbdə
nəzəri imtahan, digəri isə məktəbin iştirakı ilə
istehsalatda. İmtahanların keçirilməsi üçün hər
şeyi çemberlər təşkil edirlər. Çemberlər imtahan
tapşırıqlarını hazırlamaq üçün öz institutlarına
sifarişlər verirlər. Öz institutu olmayan çember
başqa institutla müqavilə bağlaya bilər.
İmtahanların keçirilməsi üçün çember şirkətdən
əlavə pul alır. İmtahanları müvəffəqiyyətlə
verməyən tələbələr təkrar təlimə cəlb olunurlar.
İstehsalatda işləyən mütəxəssislər 2-3 ildən bir
çemberlərdə ixtisasartırma kursları keçib
sertifikat alırlar. Almaniyada 54 çember var.
Almaniyada 16 federal sistem var və onlar hərəsi
öz ərazisində olan peşə müəssisəsinə
cavabdehdirlər. Peşə məktəblərinə müəllimləri
onlar işə qəbul edirlər. Peşə məktəblərində 119
min müəllim çalışır. 755 min yüksəkixtisaslı
usta şirkətlərdə işləməklə bərabər öz iş
vaxtlarının yarısını şagirdləri öyrətməklə
məşğul olurlar. Peşə məktəblərində kadrların 77
faizi şirkətlər, 13 faizi məşğulluq mərkəzləri,
10 faizi isə dövlət sifarişi əsasında
hazırlanır. Çemberlərdə təlim alan məzunların
hər il 2 faizi Almaniyanı tərk edir ki, bu da
təbii hal sayılır. Çünki gənclər dünyanın bir
çox inkişaf etmiş ölkələrinə getməkdə
maraqlıdırlar.
Eksport istiqamətində maraqlı olan Almaniya
hökuməti Avropa və beynəlxalq istiqamətdə peşə
təhsilinin inkişafında səylər göstərir. Federal
Təhsil və Elmi-Tədqiqat Nazirliyinin tapşırığı
ilə Peşə Təhsili üzrə Federal İnstitut- BİBB
inkişaf etməkdə olan bir çox ölkələrlə onların
peşə təhsili sisteminin islahatı və
modernləşdirilməsi sahəsində məsləhətləşmələr
aparır. Peşə təhsili haqqında qanun qəbul olunan
ölkələrdə, məsələn, Sloveniya, Türkiyə, Vyetnam
və bir çox ölkələrdə onların öz istəyi ilə
çemberlər yaradılıb. Bu çemberlərdə təlim keçib
sertifikat alan məzunlar dünyanın hər yerində öz
ixtisasları üzrə işləmək hüququna malik olurlar.
Almaniyada çemberlərin əsas məqsədi beynəlxalq
əməkdaşlıq deyil. Mövcud 54 çemberdən 10-u
beynəlxalq əməkdaşlıq edir.
Təhsil sistemi federal torpaqların təhsil
sisteminə uyğundur. Federal torpaqdan asılı
olaraq 9 yaşından 13 yaşına qədər təhsil
zəruridir. Orta məktəbdə təhsil müddəti 9 il
davam edir. Sonra tam təhsil almaq üçün texniki
peşə məktəblərində təhsili davam etdirmək olar.
Əksər federal torpaqlarda 3 mərhələli 13 illik
təhsil sistemi mövcuddur. xalq məktəbi, real
məktəb və gimnaziya. Ali təhsil almağa hüquq
verən şəhadətnamə federal torpaqda 12-ci və ya
13-cü sinifdən sonra təqdim olunur. Praktik
olaraq bütün yeniyetmələr orta məktəbdən sonra
təhsillərini təhsilin yuxarı mərhələsi olan
müəssisələrdə davam etdirirlər. Təhsil
müəssisələrində təhsil alanlar həftədə 1 və ya 2
dəfə texniki peşə məktəblərində olurlar. Təhsil
alanlar istəkdən asılı olaraq universitetləri və
yaxud peşə məktəblərini seçə bilərlər.
Elxan CƏFƏROV,
Təhsil Nazirliyi Texniki peşə təhsili şöbəsinin
aparıcı məsləhətçisi,
Sultan ƏSƏDOV,
Təhsil Problemləri İnstitutu İlkin peşə
təhsilinin inkişaf mərkəzi kurikulum şöbəsinin
müdiri |