İyunun 22-də Bakı Pedaqoji Kadrların
İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda
(BPKİYİ) "Heydər Əliyev siyasəti və vətəndaş
mövqeyinə dövlət qayğısı" mövzusunda
elmi-praktik konfrans keçirildi.
Tədbirdə
institutun professor-müəllim heyəti, BDU-nun
Sosiologiya kafedrasının müdiri, fəlsəfə elmləri
doktoru, professor İzzət Rüstəmov, ADPU-nun
Ümumi tarix kafedrasının müdiri, tarix elmləri
doktoru, professor Vəli Əliyev və digər qonaqlar
iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan BPKİYİ-nin rektoru,
fizika-riyaziyyat elmləri doktoru, professor
Asəf Zamanov ulu öndər Heydər Əliyevin həyat və
fəaliyyətindən söz açaraq, dahi şəxsiyyətin
müasir Azərbaycan dövlətinin yaranmasında və
dünya ölkələri içərisində tanınmasında
göstərdiyi misilsiz xidmətlərindən danışdı. Qeyd
edildi ki, müstəqilliyimizin ilk illərində
yaranmış xaos və hərc-mərclik dövlətimizi məhv
olmaq təhlükəsi qarşısında qoymuşdu. Belə bir
şəraitdə xalqın təkidi ilə ikinci dəfə
hakimiyyətə gələn Heydər Əliyev müdrik siyasəti
və qəti tədbirləri sayəsində dövləti məhv olmaq
təhlükəsindən xilas etdi. Ümummilli lider Heydər
Əliyev Azərbaycan xalqının tarix boyu
yetişdirdiyi nadir siyasətçidir. Böyük tarixi
şəxsiyyət, ulu öndər Heydər Əliyev nəinki
xalqımızın, bütün dünya xalqlarının qəlbində
daim yaşayacaqdır.
Sonra söz professor İzzət Rüstəmova verildi. O,
Heydər Əliyevin rəhbərliyi altında çalışdığını
və ulu öndərlə dünyanın bir çox ölkələrində
olduğunu vurğulayaraq, xatirələrini tədbir
iştirakçıları ilə bölüşdü. Heydər Əliyevin
dünyada böyük nüfuza və hörmətə malik olduğunu
qeyd edən İ.Rüstəmov onunla hər bir
azərbaycanlının fəxr etdiyini bildirdi.
Dövlətimizin durmadan artan uğurlarının
qazanılmasında ümummilli liderin xidmətlərini
yüksək qiymətləndirdi. Bu gün möhtərəm
Prezidentimiz İlham Əliyev ulu öndərin siyasi
kursunu uğurla davam etdirir.
Tədbirdə çıxış edən professor Vəli Əliyev
dövlətçilik tarixindən danışdı. O, Heydər
Əliyevi müasir Azərbaycanımızın qurucusu
olduğunu və onun ideyaları əsasında formalaşan
dövlətimizin sürətlə inkişaf etdiyini bildirdi.
Ömrünü Vətəninə və dövlətinə həsr edən ulu
öndərin bütün sahələrə olduğu kimi, təhsil
sahəsinə verdiyi töhfələrdən danışan natiq,
Heydər Əliyevin elm adamlarına və təhsil
işçilərinə göstərdiyi diqqət və qayğını yüksək
qiymətləndirdi.
Digər çıxış edənlər ümummilli lider Heydər
Əliyevin misilsiz tarixi xidmətlərindən və
azərbaycançılıq ideyalarından danışdılar.
Niyazi RƏHİMOV |