Bakıdakı
175 nömrəli uşaq bağçasında 6 qrupda 150-dən
çox uşaq tərbiyə olunur. Onlardan 38-i
2010-2011-ci dərs ilində ilk dəfə əlinə çanta
alıb məktəbə gedəcək. Bu münasibətlə iyunun
24-də tərbiyə ocağında "Əlvida bağça, salam
məktəb" adı altında tədbir keçirildi.
Tədbirdə Təhsil Nazirliyindən, yerli icra
hakimiyyətindən nümayəndələr, millət
vəkilləri və digər qonaqlar iştirak
edirdilər.
Tədbiri giriş sözü ilə məktəbə hazırlıq qrupunun
tərbiyəçisi Sevinc Behbudova açaraq balaca
fidanları və onların valideynlərini təbrik etdi.
Tədbir iştirakçıları alqışlarla balacaları
səhnəyə dəvət etdilər. Fidan məzunlar
bir-birindən maraqlı rəqs nömrələri, səhnəciklər
göstərərək tədbiri unudulmaz xatirəyə
çevirdilər.
Tədbirdə iştirak edən Təhsil Nazirliyi
Aparatının rəhbəri İlham Pirməmmədov balaca
fidanları və onların valideynlərini təbrik etdi.
Bu gözəl tədbirin yüksək səviyyədə
hazırlanmasına görə tərbiyə ocağının rəhbəri
Zemfira xanıma və kollektivə təşəkkürünü
bildirdi.
Mərasimin sonunda balacalar "Əlvida bağça" şeiri
ilə tərbiyə ocağına əlvida dedilər.
Rəşad ZİYADOV |