Tədris etdiyim Azərbaycan dili və ədəbiyyat
fənləri üzrə tez-tez "açıq dərs"lər təşkil
edirəm. İnteraktiv təlim metodlarının
tələblərinə uyğun olaraq tədris etdiyim
mövzularda fəndaxili və fənlərarası əlaqələr
yaradıram.
Direktorun
Azərbaycan dili və ədəbiyyat müəllimlərinin
iştirakı ilə Azərbaycan dili fənnindən "Felin
təsriflənməyən formaları", ədəbiyyat fənnindən
F.Kərimzadənin "Xudafərin körpüsü" romanı,
Ş.İ.Xətainin" Dəhnamə" poeması, "M.P.Vaqifin
həyat və yaradıcılığı" mövzularında keçdiyim
"açıq dərs"lərdə interaktiv təlim metodlarından
istifadə etməklə yüksək nəticələr əldə etmişəm.
Dərslərimin bir-birinə bənzəməməsi üçün müxtəlif
yanaşma üsullarından istifadə etməyə çalışıram.
Səkkizinci sinifdə son "açıq dərs"im
Azərbaycanın ilk xalq şairi S.Vurğunun
ev-muzeyində oldu. Dərsdə muzeyin əməkdaşları,
Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak
edirdilər. Şagirdləri "Vətən", "Xalq", "Torpaq"
adlı qruplara bölərək, dərsin ilk mərhələsində
dahi şairin öz ifasında "Bahar" şeirini
səsləndirdim. Sonra isə klaster metodundan
istifadə edərək şagirdlərə tapşırıq verdim.
Müəyyən olunan vaxt bitdikdən sonra "Xalq"
qrupunun lideri Aynurə Əliyeva sualları
cavablandırdı. "Vətən" qrupundan Emin və Jalə
"Azərbaycan" şeirini söylədilər. Şagirdlər şeiri
ifa etdikcə proyektorla Vətənimizin gözəl
mənzərələrini nümayiş etdirdim. Dərsin birinci
mərhələsində qrupları qiymətləndirib, onlara
BİBÖ cədvəli təqdim etdim. Şairin həyat və
yaradıcılığı haqqında bildiklərini və bilmək
istədiklərini, öyrəndiklərini yazmağı tapşırdım.
Bura şairin şeirlərinin, həyatı haqqında
məlumatların, müasirlərinin S.Vurğun haqqında
fikirlərinin, şair haqqında xatirələrin də aid
olduğunu bildirdim. "Xalq" qrupundan Sənanın
sazla ifa etdiyi həzin aşıq havasının sədaları
altında Aynurə "Yadıma düşdü" şeirini, "Vətən"
qrupundan Aysel və Lalə şairin müharibə
mövzusunda yazdığı şeirini söylədilər.
"Torpaq" qrupundan Nərmin və Dilarə
müasirlərinin şair haqqında xatirələrini
danışdılar. Pərviz unudulmaz şairimizin adının
əbədiləşdirilməsindən söz açdı.
Dərsin ikinci mərhələsində şagirdlərin
biliklərini qiymətləndirdim, üçüncü mərhələdə
isə qruplara krossvordlar verdim. Şagirdlərin
cavablarını qiymətləndirib, onlara şairin həyat
və yaradıcılığından bəhs edən testlər verdim.
İKT vasitəsilə şairin sözlərinə bəstələnmiş "Bir
diyarın eşqinə" mahnısını səsləndirdim.
Şagirdlər musiqi sədaları altında testləri
cavablandırdılar. Liderlərin təqdimatlarını
dinləyib, meyarlar üzrə şagirdləri
qiymətləndirdim. Dərsdə fəal iştirak edən qrupu
elan etdim. Sonra şagirdlər S.Vurğunun "Vaqif"
mənzum dramından bir parçaya tamaşa etdilər.
S.Vurğun haqqında şagirdlərə geniş məlumat
verdim. Dərsi ulu öndərimiz Heydər Əliyevin
1996-cı il martın 7-də şairin 90 illik
yubileyində söylədiyi sözlərlə bitirdim: "Səməd
Vurğun böyük şairdir. Şərq aləmində şair həmişə
ən yüksək hörmətə layiq olubdur. Azərbaycan
dilini hər bir azərbaycanlı üçün doğma, şirin,
sevimli dil edibdir. Bu da S.Vurğunun Azərbaycan
xalqı qarşısında göstərdiyi böyük xidmətlərdən
biridir".
Dərsin sonunda muzeyin əməkdaşları şagirdlərə
S.Vurğunun şeirlər kitabını hədiyyə edib,
muzeydəki eksponatlar haqqında məlumat verdilər.
Təranə BAĞIROVA,
Bakıdakı 164 nömrəli orta məktəbin müəllimi |