2009-2010
-cu tədris ilinin yay imtahan sessiyasında
tələbələrin biliyinin qiymətləndirilməsində
şəffaflığı və obyektivliyi təmin etmək, yarana
biləcək neqativ halları vaxtında aradan
qaldırmaq məqsədilə Azərbaycan Dövlət Pedaqoji
Universitetində lazımi tədbirlər görülüb.
Bu barədə məlumat verən ADPU-nun rektoru,
AMEA-nın müxbir üzvü, professor Yusif Məmmədov
bildirdi ki, dördüncü ildir əyani şöbədə oxuyan
bütün tələbələr imtahanları Boloniya prosesinin
tələbləri səviyyəsində kompüter vasitəsi ilə
verirlər. Gələcəkdə qiyabi şöbədə oxuyan
tələbələr üçün də bu sistem nəzərdə tutulub.
Rektor Y.Məmmədov onu da əlavə etdi ki,
universitetdə gedən hər bir imtahanın gedişinə
özü kompüter vasitəsilə nəzarət edir və "Qaynar
xətt" fəaliyyət göstərir.
Biz keçirilən imtahanları yerində müşahidə
etmək məqsədilə ADPU-nun tədris-metodika
şöbəsinin müdiri, dosent Namiq Hacıyev və
universitetin nəzarət qrupunun rəhbəri, dosent
Qulaməli Balaşovla birlikdə tələbələrin
imtahan verdikləri kompüter mərkəzinə daxil
olduq. Burada "VEDU.TEST" sistemi ilə imtahan
gedirdi. Tarix fakültəsinin 204-205, pedaqoji
fakültənin 301-302, qonşu otaqda isə kimya
fakültəsinin 202-203-cü qrup tələbələri
imtahan verirdilər. Zal nəzarətçiləri
imtahanların gedişinə ciddi nəzarət edirdilər.
Tarix fakültəsinin tələbələrindən Salman
Salmanov, Leyla Yolçuyeva və Mahmud Adıgözəlov
sualları cavablandıraraq vaxtından əvvəl imtahan
verdilər.
Həmin gün tələbələr və valideynlər
imtahanların şəffaf və obyektiv keçməsi üçün
yaradılan şəraitə görə universitet
rəhbərliyindən razılıq etdilər.
Şakir CƏFƏROV |