Yeni fənn kurikulumunun I və II siniflərdə
tətbiqi vəziyyətini öyrənmək, öz fəaliyyətini
uğurlu təşkil etməyi bacaran müəllimlərin
müəyyənləşdirilməsi və təcrübəsinin öyrənilib
yayılması məqsədilə bu günlərdə AMİ-nin
əməkdaşları Bərdə rayonundakı 8 nömrəli şəhər
orta məktəbinə ezam olunmuşlar.
Keçirilən görüşdə RTŞ-ın müdiri R.İsmayılova,
metodkabinetin direktoru X.Qurbanova, ibtidai
siniflər üzrə metodist E.Məmmədov, məktəbin
direktoru Q.Ağayev çıxış edərək təhsilin
keyfiyyətini yüksəltmək istiqamətində rayonda, o
cümlədən 8 nömrəli məktəbdə müəyyən nailiyyətlər
əldə olunduğunu bildirmişlər.
İnstitutun əməkdaşları üç gün ərzində I və II
sinif müəllimlərindən Roza İbrahimovanın I "B"
sinfində Ana dilindən "Su" şeiri, Rüxsarə
Mirzəyevanın I "C" sinfində "Həyat bilgisi"
fənnindən "Yurdumuzun təbiəti", Leyla
Rüstəmovanın I "Ç" sinfində "Su" şeiri, Ramizə
Hacıyevanın II sinifdə riyaziyyatdan "Sehrli
kvadrat" mövzusunda, Könül Quliyevanın II "C"
sinfində Ana dilindən "Dostlar səfərdə", Mətanət
Məmmədovanın II "A" sinfində Ana dilindən
"Zarafat" mətni, Nərgiz Həsənovanın II "B"
sinfində Ana dilindən "İki gonbul və dovşan"
mövzusunda apardıqları dərsləri dinləmişlər.
Müəllimlərin və direktorun iştirakı ilə
dinlənilmiş dərslərin təhlili aparılmışdır. Qeyd
olunmuşdur ki, müəllimlərin əksəriyyəti təhsil
islahatının həyata keçirilməsində xüsusi fəallıq
nümayiş etdirir, fəal/interaktiv təlim
metodlarına üstünlük verərək dərslərini müasir
tələblər əsasında qururlar. Müəllimlərin İKT
vasitələrindən uğurla istifadə edərək elektron
dərslər hazırlamaq yolu ilə təlimə marağı
artırtmağa nail olmaları vurğulanmışdır. Çıxış
edənlər bildirmişlər ki, müəllimlər dərs
prosesində sağlam psixoloji mühit yaradaraq
müəllim-şagird münasibətlərini düzgün qururlar.
Rüxsarə Mirzəyevanın fəaliyyəti xüsusilə təqdir
olunmuşdur. Qeyd edilmişdir ki, onun dərsi
elmi-metodiki cəhətdən düzgün qurulmuş,
şagirdlərin fəallığı sona qədər qorunub
saxlanmışdır. O, standartların
reallaşdırılmasında düzgün üsul və forma seçmiş,
qiymətləndirmə vasitələrindən tam dolğun şəkildə
istifadə etmişdir.
Aparılan müşahidələr zamanı aydın oldu ki, Bərdə
rayonunda, o cümlədən Bərdə şəhər 8 nömrəli orta
məktəbində kurikulum islahatı və onun tətbiqi
uğurla həyata keçirilir. Məktəbin foyesində
kurikulum islahatına dair geniş məzmunlu
stendlər hazırlanmışdır. Burada "Kurikulum
mərkəzi" də fəaliyyət göstərir. Rayon təhsil
şöbəsində hər həftənin IV günləri ibtidai
siniflərdə dərs deyən müəllimlərin öyrədici
seminarları təşkil olunur.
AMİ-nin əməkdaşları müəllimlərlə fikir
mübadiləsi aparıb, yaranan sualları
cavablandıraraq bəzi metodiki göstərişlər və
təkliflər vermişlər.
Solmayə ƏMRALIYEVA,
Zöhrə ƏLİYEVA,
AMİ-nin əməkdaşları |