Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin 17 aprel 2006-cı il tarixli, 1414
nömrəli Sərəncamı ilə təsdiq olunmuş "Xüsusi
istedada malik uşaqların (gənclərin) yaradıcılıq
potensialının inkişafı üzrə Proqram(2006-2010-cu
illər)"dan irəli gələn müddəaları, maddi
dəyərləri, ölkənin iqtisadi potensialını insan
kapitalına çevirmək barədə dövlət başçısının
konseptual xarakterli göstərişini rəhbər
tutaraq, istedadlı şagirdlər üçün səmərəli və
keyfiyyətli təhsil şəraiti yaratmaq və onların
davamlı inkişafını təmin etmək məqsədilə
ƏMR EDİRƏM:
1. Bölgələr üzrə müəyyən olunmuş şəhər və
rayonların qeyd edilən təhsil müəssisələrinin
bazasında 2010-2011-ci dərs ilindən xüsusi
istedadı ilə fərqlənən şagirdlər üçün 1 (bir) V
sinif açılsın:
1.1. Gəncə şəhər 27 nömrəli fizika-riyaziyyat və
informatika təmayüllü lisey.
1.2. Sumqayıt şəhər təbiət elmləri təmayüllü
gimnaziya.
1.3. Mingəçevir şəhər İ.Qayıbov adına 10 nömrəli
orta məktəb.
1.4. Şirvan şəhər S.Hüseynov adına 1 nömrəli
orta məktəb.
1.5. Lənkəran şəhər S.Kazımbəyov adına 6 nömrəli
məktəb.
1.6. Şəki şəhər 19 nömrəli orta məktəb.
1.7. Quba şəhər A.Məmmədov adına təbiət fənləri
təmayüllü 2 nömrəli məktəb-lisey.
1.8. Ağdaş şəhər S.Vurğun adına 1 nömrəli orta
məktəb.
2. Həmin siniflər üçün nəzərdə tutulmuş tədris
planı təsdiq edilsin (əlavə olunur).
3. Göstərilən şəhər və rayonların təhsil
şöbələrinin müdirlərinə (M.Əliyev, V.Bağırov,
N.Sultanov, P.Nəbiyev, S.Abdullayev,
F.İbrahimov, S.Aslanov, L.Paşayev) tapşırılsın:
3.1. Gələcəkdə xüsusi istedada malik şagirdlər
üçün V-XI sinifləri əhatə edən liseylərə
çevriləcəyini nəzərə alaraq, bu təhsil
müəssisələrində 2010-2011-ci dərs ilindən
etibarən I siniflərə şagird qəbulunu
dayandırsınlar, həmin siniflərin yaxınlıqda
yerləşən digər məktəblərdə açılması və aidiyyəti
müəllimlərin müvafiq qaydada işlə təmin olunması
istiqamətində tədbirlər görsünlər.
3.2. Qeyd olunan təhsil müəssisələrində xüsusi
istedadlı şagirdlər üçün V sinif açılması barədə
valideynlər arasında məlumatlandırma xarakterli
işlər aparılmasını, yerli qəzetlərdə və digər
informasiya vasitələrində elanlar verilməsini
təmin etsinlər.
3.3. Nəzərdə tutulmuş V sinfə şagird qəbulunu
həyata keçirmək məqsədilə təcrübəli təhsil
işçilərindən ibarət müsabiqə komissiyası
yaratsınlar, həmin sinifdə bütün fənləri,
xüsusilə də ana dili, riyaziyyat, Azərbaycan
tarixi, xarici dil fənlərini nüfuzlu və yüksək
peşəkarlıga malik müəllimlərin tədris etmələrinə
nail olsunlar.
3.4. Cari il avqustun sonunadək şagirdlərin və
müəllimlərin seçilməsi, habelə həmin V sinfin
komplektləşdirilib məktəbdaxili əmrlə
rəsmiləşdirilməsini başa çatdırsınlar.
3.5. Şagirdlərin seçimini aparan müsabiqə
komissiyasının iş qrafikini hazırlayıb iyul
ayının 30-dan gec olmayaraq nazirliyə təqdim
etsinlər.
4. Nazirlik Aparatının rəhbəri (İ.Pirməmmədov),
Kənd rayonları üzrə ümumi təhsil şöbəsi
(A.Əhmədov) istedadlı şagirdlər üçün V
siniflərin açılması ilə bağlı zəruri tədbirlərin
həyata keçirilməsində qeyd olunan şəhər və
rayonların təhsil orqanlarına yaxından əməli
kömək göstərsinlər, müsabiqə komissiyalarının
işində iştirak etmək məqsədilə nazirliyin
əməkdaşlarının və digər mütəxəssislərin yerlərə
ezam olunmasını nəzərdə tutsunlar.
5. Strateji təhlil, planlaşdırma və kadrların
idarəolunması şöbəsi (F.Qədirov) həmin V
siniflərdə dərs deyəcək müəllimlərin xüsusi
testlər vasitəsilə seçilməsini təmin etsin.
6. Monitorinq və qiymətləndirmə şöbəsi
(T.Hacıyeva) şagirdlərin seçiminin obyektiv və
psixoloji-metodiki əsasda aparılması üçün 1 ay
müddətinə bir neçə variantda ana dili,
riyaziyyat fənlərindən, eləcə də məntiqi
xarakterli nümunəvi testlər hazırlayıb təqdim
etsin.
7. Təhsil sisteminin informasiyalaşdırılması
idarəsi (S.Məmmədov) qeyd olunan məktəblərin
növbəti dərs ilindən "Elektron məktəb"
layihəsinə daxil edilməsini nəzərdə tutsun, bu
müəssisələrin İKT avadanlığına ehtiyacını
müəyyənləşdirib ödənilməsi istiqamətində
tədbirlər görsün.
8. Nəzərə alınsın ki, göstərilən təhsil
müəssisələri TSİİL çərçivəsində pilot məktəblər
siyahısına daxil olunmuşdur və onların təmirlə
bağlı ehtiyaclarının aradan qaldırılması, eləcə
də idarəetmənin və kitabxanaların fəaliyyətinin
təkmilləşdirilməsi sahəsində zəruri tədbirlər
həyata keçiriləcəkdir.
9. Təhsil Problemləri İnstitutu (A.Mehrabov)
qeyd olunan müəssisələrdə istedadlı uşaqlarla
işin təşkili məsələlərinə aid eksperiment və
tədqiqatların aparılmasını təmin etsin, həmin V
siniflər üçün "Nitq mədəniyyəti" və "Məntiq"
kurslarının (həftədə 1 saat) nümunəvi
proqramlarını, habelə əmək hazırlığı üzrə bütün
təhsilalanlar üçün zəruri hesab olunan həyati
bacarıqları əhatə edən fənn proqramını 1 ay
müddətinə hazırlayıb nazirliyə təqdim etsin.
10. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə)
əmrin "Azərbaycan müəllimi" qəzetində və "Təhsil
xəbərləri" məcmuəsində dərc olunmasını təmin
etsin.
11. Əmrin icrasına nəzarəti öz üzərimdə
saxlayıram.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
22 iyun 2010-cu il |