Hər
dəfə "müəllim" kəlməsini işlədərkən yadımıza,
ilk növbədə, ən yaxşı, ən sevimli müəllimlərimiz
düşür. O müəllimlərimiz ki, qayğılı bir
təbəssümü ilə qəlbimizi işıqlandırmış, ürəyimizi
kövrəltmişlər. O müəllimlərimiz ki, tələb və
tapşırıqları ilə bizi zirvələrə yüksəltmişlər.
Bizdə həmişə belə müəllimlər olmuş və indi də
yetərincədir. Bu gün belə müəllimlərdən biri də
Bakıdakı 181 nömrəli orta məktəbin Azərbaycan
dili və ədəbiyyat müəllimi Aybəniz Quliyevadır.
Azərbaycanın qədim tarixə malik olan Beyləqan
rayonunun I Şahsevən kəndində dünyaya göz açan
Aybəniz müəllim 1980-ci ildə Azərbaycan Dövlət
Pedaqoji Universitetinin filologiya fakültəsini
"əla" qiymətlərlə bitirərək həmin ildən də əmək
fəaliyyətinə başlayıb. Zəhmətlə dolu mənalı bir
müəllim ömrü yaşayır. Onun işlədiyi məktəbdə
kiçik şagirdlərdən tutmuş direktora kimi
Aybəniz müəllim haqqında nəsə soruşmaq istəsən,
ağızdolusu şirin sözlər, hörmətli kəlmələr
eşidərsən. Onu bu mərtəbəyə halal zəhməti və
ürəyinin odu gətirib.İşlədiyi müddətdə baş və
ali dərəcəli müəllim kimi aldığı fəxri adlar,
şagirdlərinin fənn olimpiadalarında, inşa
müsabiqələrində əldə etdiyi yüksək nəticələr
onun zəhmətinin nəticəsidir.
"Mənim ən böyük mükafatım şagirdlərimin mənə
olan məhəbbətidir. Onların şəfqət və məhəbbət
dolu baxışları mənim üçün hər şeydir", - deyən
Aybəniz Quliyeva müəllimlik sənətini ürəkdən
sevir və böyük həvəslə çalışır. Eyni zamanda o,
yaxşı müəllim olmaqla bərabər, həm də gözəl
tədqiqatçıdır. 2002-ci ildə respublika üzrə
keçirilən "İlin ən yaxşı məruzəsi"
müsabiqəsində birinci yeri tutmuş və hazırda
da Azərbaycan dilini öyrənmək istəyən
ingilisdilli əcnəbilər üçün kitab üzərində
işləyir. Biz də ona bu yaradıcı işində
uğurlar diləyir və mənalı günlər arzulayırıq.
Məmmədxan SOLTANOV,
ADPU-nun dosenti |