"Təhsilin əsasları" fənninin tədrisinin
əhəmiyyəti, onun məqsədi və vəzifələri haqqında
"Azərbaycan müəllimi" qəzetində bir sıra
müəlliflərin geniş mülahizələri verilmişdir.
"Təhsilin əsasları" fənninin məqsədi nəzəri və
praktik baxımdan səriştəli müəllimlər
hazırlamaq, yeni fənn kurikulumlarının uğurla
həyata keçirilməsinə nail olmaq, təhsilin
ehtiyaclarını reallaşdırmağı bacaran yaradıcı
pedaqoji kadrlar yetişdirməkdir.
Qoyulmuş məqsədə nail olmaq üçün Azərbaycan
Respublikasının təhsil siyasətinin əsas
prinsiplərini həyata keçirən, nəzəri bilikləri
tətbiq edə bilən, peşə ustalığını artıran,
praktik bacarıqlar əldə edən müəllimlər
hazırlamaq zərurəti yaranır.
"Təhsilin əsasları" fənninin məzmun xətlərindən
biri də cəmiyyətin təhsil ehtiyacları və
onların hüquqi təminatıdır. Bu məzmun xəttində
hər bir tələbə üçün demokratik cəmiyyətin
ehtiyaclarını ödəyə bilən, təhsil sistemində
maraqlı tərəflərin hüquq, vəzifə və
məsuliyyətləri ilə tanış olmaqla bir sıra
sənədlərin araşdırılması əhəmiyyətli hesab
edilir.
Təlim-tədris prosesində belə araşdırmalar
müəllim-şagird münasibətlərinin, eləcə də təlim
mühitinin hüquqi baxımdan düzgün təşkili üçün
zəruri hesab edilir. Təhsil alanlar cəmiyyətin
(ölkənin, bölgənin, şəhərin, kəndin) təhsil
ehtiyaclarını öyrənir, araşdırır, nəticələr əldə
edir və təlim prosesində tətbiq edir. Onlar
həmçinin cəmiyyətin ehtiyaclarının hüquqi
sənədlərdə necə təsbit edildiyini tətbiq etməklə
müəyyənləşdirir və bunu təlim prosesində əlaqəli
şəkildə təhlil edərək nəticə əldə edir.
Təhsil alanlar Azərbaycan Respublikasının
Konstitusiyası, Azərbaycan Respublikasının
"Təhsil haqqında" Qanunu, Birləşmiş Millətlər
Təşkilatının Uşaq Hüquqları Konvensiyası,
Azərbaycan Respublikasının "Uşaq hüquqları
haqqında" Qanunu və s. kimi sənədləri araşdırır,
öz mülahizələrini dəqiqləşdirməklə nəticə əldə
edir.
Cəmiyyətdə gedən ictimai, iqtisadi
dəyişikliklər, dünyada gedən qloballaşma, eləcə
də elmi-texniki tərəqqi təhsilin ehtiyaclarını
müəyyənləşdirən əsas amillərdir.
Azərbaycan Respublikasının təhsil standartları
hazırlananda şagirdlərin, müəllimlərin,
valideynlərin, təhsilin digər iştirakçılarının
maraq və ehtiyacları ciddi şəkildə araşdırılmış
və bunun əsasında təklif edilən deyil, ehtiyac
duyulan məsələləri əhatə edən kurikulumların
hazırlanmasına nail olundu. Yəni, cəmiyyətin
təhsilə olan ehtiyacları yuxarıdan aşağıya
deyil, aşağıdan yuxarıya müəyyən edildi.
Cəmiyyətdə ictimai dəyişikliklər və yeni təhsil
ehtiyacları tədris olunarkən, totalitar rejimdən
demokratik keçidin başlanması, bununla bağlı
cəmiyyətin rəyinin həlledici rol oynamağa
başlaması, qarşılıqlı münasibətlərin əsasında
demokratik prinsiplərin durması ilə bağlı
müəllimin sualları əsasında mülahizələr
aparılır. Aşağıdakı suallar verilir:
- əvvəllər necə cəmiyyətdə yaşayırdıq, indi
hansı cəmiyyətdə yaşayırıq?
- totalitar rejimdə qərarlar necə qəbul
edilirdi, bəs demokratik cəmiyyətdə?
- insanlar arasında münasibətlər haqqında nə
deyə bilərsiniz?
Cavablar əsasında ümumiləşmə aparılır və müəllim
qeyd edir ki, cəmiyyətdə baş verən dəyişikliklər
iqtisadi dəyişiklikləri diktə edir:
- planlaşma iqtisadiyyatından bazar
iqtisadiyyatına keçid;
- iqtisadiyyatın müxtəlif sektorlarının
inkişafının əmək bazarına təsiri;
- əmək bazarında rəqabət;
- bütün vətəndaşların sosial rifahının təmin
edilməsi üçün təhsilin əhəmiyyəti.
Slayd izah edilir.
Dünyada gedən qloballaşmanın təhsil qarşısında
qoyduğu tələblər də eyni qaydada təhlil olunur.
Elmi-texniki tərəqqi və yeni təhsil ehtiyacları
tədris olunanda müəllim sual verir: "Siz Cəlil
Məmmədquluzadənin "Poçt qutusu" hekayəsini
oxumusunuz? Həmin hekayədə Novruzəlinin məktubu
poçtla necə göndərdiyi yadınızdadır?".
Fərziyyələr dinlənilir.
Müəllim yenə sual verir: "Bəs indi siz məktubu
necə göndərirsiniz?". Gəlin müqayisə edək.
Müəllim ümumiləşmə aparır. Görürsünüzmü, elm və
texnikanın inkişafı məlumatların xassələrini,
göndərmə vasitələrini, həcmini, keyfiyyətini,
sürətini dəyişmişdir. Bu dəyişikliklər təhsilə
ciddi təsir göstərmişdir.
Sonra slayddakı elmi-texniki tərəqqi və yeni
təhsil ehtiyacları mətni təhlil edilərək
təhsilin inkişafının əhəmiyyətini qeyd edir:
- elmin, texnikanın sürətli inkişafı informasiya
bolluğu yaratdı;
- informasiyaların sürətlə dəyişkənliyi onların
yaddaşlarda mühafizə edilməsini azaltdı;
- insanlar artıq informasiya mühafizəçilərinə
deyil, informasiya istifadəçilərinə çevrildi;
- informasiyaların əldə edilməsi imkanlarını
genişləndirmək üçün müvafiq texnologiyalardan
istifadə aktuallaşdı;
- təhsilin məzmunu və təlimin təşkili əsaslı
şəkildə dəyişildi.
Təhsil ehtiyaclarını təmin edən hüquqi
sənədlərlə bağlı qərarlar qəbul edərkən
cəmiyyətin ehtiyaclarının nə qədər əhəmiyyətli
olmasını qeyd edərək müəllim bu ehtiyacların
hüquqi sənədlərdə öz əksini tapdığını qeyd etdi.
Müəllim bu sənədlərin hansılar olduğunu sual
verir. Müxtəlif hüquqi sənədlər sadalanır.
Auditoriyadan mülahizələr alınır. Slayddakı
sənədlərlə müqayisə edilir. Slaydda
- Azərbaycan Respublikasının Konstitusiyası;
- Azərbaycan Respublikasının "Təhsil haqqında"
Qanunu;
- Ümumdünya İnsan Haqları Bəyannaməsi;
- BMT-nin Uşaq Hüquqları Konvensiyası var.
Bu sənədlərdə təhsil iştirakçılarının hüquq,
vəzifə və məsuliyyətləri verildiyi qeyd olunur.
"Təhsilin əsasları" fənninin tədrisində təhsil
alanlar nəyi öyrənməyin, niyə öyrənməyin və necə
öyrənməyin mahiyyətini müəyyənləşdirirlər.
Napoleon Bonapartın dediyi kimi, onlar biliyi
real şəkildə istifadə etmək üçün toplayır,
praktik yönümlü təhsil alırlar. Yeni
informasiya-kommunikasiya texnologiyalarına
yiyələnirlər. Təhsil alanlar məktəbə
idarəçilikdən məlumatlanmışlar kimi gedirlər.
Bütün bunlar onların əmək bazarında işləmələrinə
stimul yaradır və onların işlə təmin edilməsi
üçün sifarişçilərin sayını artırır.
Rəşid CABBAROV,
AMİ-nin Təhsilin idarə edilməsi və peşə təlimi
kafedrasının dosenti, pedaqoji elmlər üzrə
fəlsəfə doktoru |