Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

25 İyun 2010 - ¹24

 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış

Bookmark and Share

(Əvvəli qəzetimizin ötən saylarında) 

Hörmətli oxucular, bu məqalədə ümumi təhsil sahəsində mövcud olan problemlər və onların həlli istiqamətində atılacaq addımlar barədə fikirlərimi sizinlə bölüşməyə çalışacağam.

Məlumdur ki, ümumi təhsilin insanın formalaşmasında müstəsna əhəmiyyəti vardır. O da sirr deyil ki, ümumi təhsil yeganə təhsil pilləsidir ki, bütün insanlar buradan keçməli olur, gələcək həyatını və fəaliyyətini müəyyənləşdirir.

Bu mənada, hesab edirəm ki, son 10 ildə Azərbaycanda aparılan təhsil islahatlarının daha çox ümumi təhsil pilləsini əhatə etməsi heç də təsadüfi deyildir. Son illərdə ümumi təhsildə əhəmiyyətli irəliləyişlər baş vermiş, məktəb infrastrukturu əsaslı şəkildə təkmilləşdirilmiş, məzmun yeniləşdirilmiş, yeni nəsil dərsliklər hazırlanıb tətbiq edilmiş, yeni qiymətləndirmə sisteminə keçilmiş, İKT-nin ümumi təhsilə geniş inteqrasiyası baş tutmuşdur və sair. Onu da vurğulamaq lazımdır ki, Azərbaycanda ümumi təhsil sahəsində əldə edilən nailiyyətlər nəinki MDB məkanında, demək olar ki, regionda və dünyada qəbul olunmuşdur və təhsil ekspertləri tərəfindən geniş müzakirə edilməkdədir. Təsadüfi deyildir ki, Dünya Bankının 2010-cu ildə yaydığı hesabatda qeyd olunur ki, "Azərbaycan təhsil sistemi əhəmiyyətli nailiyyətlər əldə etmişdir".

Əlbəttə, bu yüksək nailiyyətlərə kölgə salmadan, ümumi təhsil sistemində mövcud olan bir sıra problemlərə öz münasibətimi bildirmək istəyirəm.

İlk növbədə, məktəb şəbəkəsinin rasionallaşdırılması barədə. Hazırda Azərbaycanda 4525 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Onlardan 368-i ibtidai (I-IV siniflər), 869-u ümumi orta (I-IX siniflər), 3288-i tam orta (I-XI siniflər) məktəblərdir. Nailiyyət kimi qeyd olunmalıdır ki, böyük və ya kiçik olmasından asılı olmayaraq, hazırda ölkəmizin hər bir yaşayış məntəqəsində məktəb fəaliyyət göstərir.

Lakin Təhsil Nazirliyi tərəfindən aparılmış təhlillər göstərir ki, 1336 (29,5%) məktəbdə şagirdlərin sayı 100 nəfərdən aşağıdır. Belə ki, 315 ibtidai məktəbdə şagirdlərin sayı 30-dək, 38 məktəbdə 50-dək, 9 məktəbdə isə 100-dəkdir. 89 ümumi orta məktəbdə şagirdlərin sayı 30-dək, 154 məktəbdə 50-dək, 325 məktəbdə 100-dəkdir. Eyni zamanda 9 tam orta məktəbdə şagirdlərin sayı 30-dək, 74 məktəbdə 50-dək, 323 məktəbdə 100-dəkdir. Bölgələr üzrə problemi araşdırarkən məlum olmuşdur ki, Laçın rayonunda 103, Kəlbəcər rayonunda 81, Ağdam və Lerik rayonlarında 70, Quba rayonunda 68, Xaçmaz rayonunda 52, Cəlilabad, İsmayıllı, Ağsu, Qusar rayonlarında 41-45, Daşkəsən, Şamaxı, Yardımlı, Gədəbəy, Fizuli rayonlarında 31-38, Goranboy, Qax, Şəki, Şabran, Tovuz, Göygöl, Neftçala rayonlarında 20-29 belə məktəb mövcuddur ki, onlarda şagirdlərin sayı kifayət qədər deyildir.

Ölkə üzrə 77 ibtidai məktəbdə şagirdlərin sayı 10 nəfərdən aşağıdır, 21 məktəbdə isə hətta 5-dən azdır.

Təhlil göstərmişdir ki, 18 ümumi orta məktəbin şagirdlərinin sayı 20 nəfərdən azdır, onlardan 7-də isə təhsilalanların sayı 10 nəfərdən azdır.

Eyni zamanda 9 tam orta məktəbdə şagirdlərin sayı 30 nəfərdən aşağıdır. Hətta onların içərisində 19-25 nəfər şagirdi olan məktəblər də mövcuddur. 74 tam orta məktəbdə isə şagirdlərin sayı 50 nəfərədəkdir.

Aparılan təhlillər bununla bağlı olan daha bir problemi aşkara çıxarmışdır. Məlum olmuşdur ki, şəhərlər və məcburi köçkün rayonları istisna olmaqla, 222 yaşayış məntəqəsində iki və daha çox məktəb fəaliyyət göstərir. Bir sıra yaşayış məntəqələrində buna ehtiyac olsa da, bəzi kəndlərdə müxtəlif vaxtlarda ehtiyac olmadan sayca ikinci, üçüncü, dördüncü məktəblər yaradılmışdır və azsaylı şagird kontingenti ilə fəaliyyət göstərir.

Azsaylı şagird kontingenti olan məktəblərin ən böyük problemi pedaqoji kadr təminatı ilə bağlıdır. Belə məktəblərdə sinif komplektləri və bununla əlaqədar dərs saatları xeyli az olduğundan onları ixtisaslı müəllimlərlə təmin etmək qeyri-mümkün olur və əksər hallarda ayrı-ayrı fənlər qeyri-ixtisaslı müəllimlər tərəfindən tədris edilir. Bu səbəbdən də həmin məktəblərdə keyfiyyəti təmin etmək həllolunmaz bir problemə çevrilir.

Qeyd edim ki, bu problem məni daim düşündürürdü. Bu məqsədlə beynəlxalq təcrübənin öyrənilməsi qərarına gəldik. Həm bir sıra postsovet ölkələrində, həm də inkişaf etmiş ölkələrdə bu sahədə təcrübəni öyrəndik. Məlum oldu ki, həmin ölkələrdə məktəb şagirdin yanına deyil, şagird məktəbin yanına aparılır. Lakin daşınma məsələsi yüksək səviyyədə həll olunur.

Mövcud problemlərin həlli məqsədilə Təhsil Nazirliyi tərəfindən beynəlxalq təcrübə əsasında pilot olaraq Ucar rayonu üçün rasionallaşdırma planı hazırlanmışdır. Rasionallaşdırma planı həmin rayonda aparılmış təhlillərə, monitorinq və qiymətləndirmələrə əsaslanaraq 4 ümumi orta məktəbin bağlanmasını, bağlanacaq məktəblərin şagirdlərinin digər böyük məktəblərə daşınmasını, bir sıra kadr resurslarının ixtisarı nəticəsində şagird - müəllim nisbətinin yüksəldilməsini və nəticədə məktəb şəbəkəsinin səmərələşdirilməsini əhatə etmişdir. Bununla əlaqədar hazırda Maliyyə və İqtisadi İnkişaf nazirlikləri ilə məsləhətləşmələr aparılır. Rasionallaşdırma aparıldıqdan sonra nəticələr təhlil ediləcək, ölkə səviyyəsində məktəb şəbəkəsinin rasionallaşdırılması üzrə Dövlət Proqramı hazırlanacaqdır.

Ümumi təhsil sistemində mövcud olan ciddi problemlərdən biri də ixtisasartırma ilə bağlıdır. Etiraf edim ki, müəllimlərin bacarıqlarının artırılmasında mühüm əhəmiyyət kəsb edən ixtisasartırma təhsili üzrə beynəlxalq təşkilatlarla birlikdə müəyyən işlər görsək də, problemlərimiz daha ciddidir. Fasiləsiz təhsilin mühüm tərkib hissəsi olan bu sahədə dünya təcrübəsinə uyğun müasir model və mexanizmlər hazırlasaq da, praktikada səmərəli tətbiq edə bilməmişik. Təhlil göstərir ki, əlavə təhsil müəssisələrində "öyrədənlər" özləri kifayət qədər peşəkar və səriştəli deyildir, müəllimlərin ehtiyacları lazımi səviyyədə qiymətləndirilmir, mövcud ixtisasartırma proqramları müəllimlərin ehtiyaclarını təmin etmir, fəal təlim texnologiyalarının tətbiqinə diqqət yetirilmir, ixtisasartırmanın nəticələrinə görə müəllim fəaliyyəti stimullaşdırılmır.

İxtisasartırma təhsili müəssisələrində müəllimlərin ixtisasları üzrə lazımi bilik və bacarıqlara yiyələnməməsi cəmiyyətdə həmin təhsil müəssisələrinə inamın azalmasına və haqlı narazılıqlara səbəb olur. İxtisasartırma təhsilinə hər il on minlərlə müəllim cəlb olunur, xeyli dövlət vəsaiti sərf edilir, lakin bunun müqabilində müəllimlər lazımi bacarıqlar əldə etmirlər, bu kursların formal olduğunu bilərək, ümumiyyətlə, ixtisasartırma tədbirlərinə həvəslə gəlmirlər.

Qeyd etmək lazımdır ki, əlavə təhsilin əsas istiqamətlərindən biri olan ixtisasartırma təhsilinin beynəlxalq təcrübəyə uyğun təşkili sahəsində problemlərdən biri də ixtisasartırma təhsili müəssisələri tərəfindən təklif edilən proqramların bu təhsilə cəlb olunan müəllimlərin ehtiyaclarına uyğun hazırlanmaması, ümumiyyətlə, bu ehtiyacların dəqiq müəyyənləşdirilməsi sahəsində etibarlı mexanizmlərin işlənməməsi ilə bağlıdır.

Etiraf etmək lazımdır ki, bu sahədə sovet dövründəki təcrübədən çox da uzağa gedə bilməmişik. O zaman da hər 5 ildən bir müəllimlər məcburi şəkildə ixtisasartırma kurslarına göndərilirdilər, formal olaraq kursdan keçmələri barədə sənəd alırdılar. Xatırlayıram ki, həmin dövrdə Bakı Dövlət Universitetində işləyərkən mən də belə kurslardan keçmişəm, hətta Moskva Dövlət Universitetində ixtisasartırma və stajkeçmə tədbirlərində də iştirak etmişəm. Lakin bu kurslar müddətindən asılı olmayaraq, müəllimlərə praktik vərdişlər aşılamırdı, bir çox hallarda o zamankı SSRİ-nin müxtəlif şəhərlərinə ixtisasartırma kurslarına və stajkeçməyə göndərilənlər şəxsi karyerası, elmi-tədqiqat işləri ilə əlaqədar problemlərinin həllinə daha çox səy göstərirdilər.

Hesab edirəm ki, müəllimlərin peşəkarlığının artırılması sahəsində mövcud olan ciddi problemlərdən biri də metodik xidmətin lazımi səviyyədə təşkil edilməməsi, rayon təhsil şöbələri metodkabinetlərinin öz funksiyalarını lazımi səviyyədə yerinə yetirə bilməməsidir. Bu yaxınlarda Təhsil Nazirliyi tərəfindən ölkədə metodik xidmətin təşkili vəziyyəti araşdırılarkən məlum olmuşdur ki, hazırda bu xidməti həyata keçirən 763 nəfər metodistdən 221 nəfəri (30%) pensiya yaşındadır, 249 nəfəri (32%) isə praktik pedaqoji fəaliyyətlə məşğul olmur. RTŞ metodkabinetlərindən 42-də kimya, 50-də biologiya, 58-də fizika, 65-də informatika, 44-də fiziki tərbiyə, 53-də əmək hazırlığı, 71-də musiqi, təsviri incəsənət, 23-də isə ibtidai təhsil ixtisasları üzrə metodist yoxdur.

Təhsilin məzmunu, xüsusilə fənn kurikulumlarının tətbiqi, yeni pedaqoji texnologiyaların, müasir təlim metodları və strategiyalarının öyrənilməsi və tətbiqi işinin təşkili, bu sahədə məktəb və metodbirləşmə rəhbərlərinin, müəllimlərin işinin istiqamətləndirilməsi, fənlərin tədrisi metodikasının təkmilləşdirilməsi, yeni qiymətləndirmə sisteminin tətbiqi ilə əlaqədar təlim seminarlarının keçirilməsi, innovasiyaların yayılması, yeni pedaqoji texnologiyalardan istifadəyə dair tövsiyələrin hazırlanması məsələləri əksər metodkabinetlərin fəaliyyət istiqamətinə çevrilməmişdir.

Əlbəttə, belə bir vəziyyətdə müəllimlərin peşəkar inkişafına bilavasitə xidmət etməli olan metodkabinetlərin səmərəli fəaliyyətindən danışmaq olarmı? Hesab edirəm ki, yox. Bu səbəbdən mövcud metodkabinetlərin strukturunun təkmilləşdirilməsi, onların daha çox resurs mərkəzlərinə çevrilməsi zəruri məsələlərdəndir. Digər tərəfdən, metodistlərin fəaliyyətinin təhlili, onların tərkibinin səriştəli müəllimlər hesabına yeniləşdirilməsi də xüsusi aktuallıq kəsb edir.

Bu sahədə ən ciddi problemlərdən biri də "öyrədən"lərin hazırlıq səviyyəsinin müasir tələbləri ödəməməsi ilə bağlıdır. Gələcəkdə diqqət yetirəcəyimiz əsas məsələlərdən biri də məhz daha çox sayda peşəkar və səriştəli "trener"lərin hazırlanmasıdır.

Daha bir maraqlı məqamı diqqətinizə çatdırmaq istəyirəm. 2008-2009-cu dərs ilindən ümumtəhsil məktəblərinin I siniflərində yeni fənn kurikulumlarının tətbiqinə başlamışıq. Yeni kurikulum tətbiq edilən siniflərdə işləyən 18 minədək müəllim üçün treninqlər keçirmişik. Ötən müddətdə aparılan monitorinqlər göstərir ki, heç də bütün müəllimlər həmin treninqlərdə lazımi bacarıqlara yiyələnməmişlər. Bunun əsas səbəblərindən biri məhz kifayət qədər peşəkar "trener"lərin olmamasıdır. Hazırda növbəti dərs ilində I siniflərdə işləyəcək müəllimlər üçün treninqlərin keçirilməsi sahəsində iş aparırıq. Məni düşündürən və narahat edən odur ki, treninq materialları müəllim üçün zəruri olan məlumatları özündə əks etdirsin, anlaşıqlı dildə olsun və müəllimə elə formada təqdim edilsin ki, o, praktikada qazandığı bacarıqları tətbiq edə bilsin. Təsəvvür edin ki, müəllimlər tam yeni məlumatları - fənn kurikulumlarının strukturu və məzmunu, yeni təlim strategiyaları, təlimin planlaşdırılması, yeni qiymətləndirmə mexanizmlərinin tətbiqi, yeni dərsliklərlə işin xüsusiyyətlərini mənimsəməli, həm də praktik bacarıqlar əldə etməlidirlər. Bu səbəbdən hətta təklif etdim ki, mənim iştirakımla "trener"lərdən biri canlı bir treninq təşkil etsin və biz qiymətləndirmə aparıb aydınlaşdıraq ki, ölkəmizin ucqar bir kənd məktəbində işləyən müəllim keçiriləcək treninqdən lazımi bacarıqları əldə edə biləcəkmi.

Onu da qeyd etmək istəyirəm ki, əslində, treninqlər ixtisasartırma təhsili müəssisələrində bu müəssisələrin əməkdaşları tərəfindən keçirilməlidir, lakin təəssüflər olsun ki, həmin müəssisələrdə kifayət qədər səriştəli və bu məsuliyyətli işi çiyinlərində apara biləcək əməkdaşların sayı çox azdır.

Digər bir çətinlik onunla bağlıdır ki, istər orta məktəb, istərsə də ali məktəb müəllimləri köhnə üsullarla işləməyi daha asan yol kimi seçirlər, yeniliyə, yeni metodların tətbiqinə səy göstərmirlər. Təhsil Nazirliyi 10 ildir ki, fəal/interaktiv təlim metodlarının tətbiqi sahəsində iş aparır. Beynəlxalq təşkilatlarla birlikdə çoxlu layihələr həyata keçirmişik, minlərlə müəllim hazırlamışıq. Lakin narahatlıq doğuran haldır ki, hələ də fəal/interaktiv təlim ixtisasartırma təhsili müəssisələrinin fəaliyyətinin əsas istiqamətinə çevrilməyib, bir sıra hallarda bu sahədə iş pərakəndə formada aparılır. Təəssüf ki, müasir dövrdə fəal təlim texnologiyalarının keyfiyyətli təhsilin əsası olması hamı tərəfindən dərk edilmir.

Doğrudur, son illərdə Azərbaycan Müəllimlər İnstitutu tərəfindən əlavə təhsilin təkmilləşdirilməsi istiqamətində müsbət addımlar atılıb, bir sıra məzmun dəyişiklikləri edilib, proqramlar yeniləşdirilib, təlimlərin keçirilməsi üçün lazımi infrastruktur formalaşdırılıb. Lakin hesab edirəm ki, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi sahəsində AMİ və onun filiallarının səyləri daha da artırılmalıdır. Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu bu proseslərə daha fəal cəlb olunmalı, təşəbbüskarlığı artırmalıdır. İxtisasartırma təhsili müəssisələrində "öyrədənlər"in tərkibinin keyfiyyətcə yaxşılaşdırılması istiqamətində ciddi tədbirlər həyata keçirilməlidir.

Eyni zamanda ölkə təhsili üçün belə həlledici məqamda müəllim hazırlığı ilə məşğul olan ali məktəblərin seyrçi mövqe tutması daha narahatedici haldır. Son illərdə yeni kurikulumun tətbiqi ilə əlaqədar ümumtəhsil məktəblərində bu istiqamətdə müəyyən addımlar atılsa da, pedaqoji profilli ali məktəblərdə elə bir iş görülməmişdir.

On ildir ki, Təhsil Nazirliyinin fəal təlim üzrə strategiyası həyata keçirilir, ali məktəblərimizin proqramlarında bununla əlaqədar dəyişikliklər aparılmır, professor - müəllim heyətinin müasir təlim strategiyaları haqqında məlumatı yoxdur. Sual yaranır: onların hazırladıqları müəllimlər bu bacarıqlara necə yiyələnməlidirlər? Hesab edirəm ki, pedaqoji profilli ali təhsil müəssisələri bu sahədəki fəaliyyətlərini təkmilləşdirməli, təsirli tədbirlər görməlidirlər.

Bu sahədə mövcud problemlərin aradan qaldırılması məqsədilə Təhsil Nazirliyi tərəfindən "Fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının konsepsiya və strategiyası" sənədi hazırlandı və 2007-ci ildə hökumət tərəfindən təsdiq olundu. Bu sənəddə gələcək üçün müəyyən etdiyimiz perspektivlər, əsasən, təkmil normativ-hüquqi bazanın yaradılması, bu sistemdə zəruri struktur dəyişikliklərinin aparılması, yeni kurikulumların hazırlanıb təsdiq edilməsi, müasir monitorinq və qiymətləndirmə sisteminin tətbiqi öz əksini tapmışdır.

Hazırda əlavə təhsil konsepsiyası haqlı olaraq təhsil ictimaiyyəti tərəfindən geniş müzakirə olunan məsələlərdən biridir. Konsepsiyanın yeniliyini və hazırda təhsil sistemimiz üçün əhəmiyyətini nəzərə alaraq, bu barədə bir qədər ətraflı məlumat vermək istərdim.

Müasir dövrdə əlavə təhsil və peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi fasiləsiz təhsilin tərkib hissəsi olmaqla, peşə-ixtisas müəssisəsini bitirən və təhsil haqqında dövlət sənədi olan hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanları sistemi kimi başa düşülür. Bu, bir tərəfdən müəllimin yaradıcılıq potensialının inkişaf etdirilməsinə, digər tərəfdən təhsilin və onun idarə edilməsinin müasirləşdirilməsi məqsədilə pedaqoji işçilərin və rəhbər pedaqoji kadrların peşə hazırlığının, elmi-pedaqoji qabiliyyətlərinin və peşəkarlıq səviyyəsinin müxtəlif yollarla inkişaf etdirilməsinə xidmət edir.

Əlavə təhsil və peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi pedaqoji kadrların, cəmiyyətin və dövlətin təhsil tələbatlarının hərtərəfli ödənilməsi məqsədilə peşə-ixtisas təhsilinə əlavə olaraq təhsil proqramları və xidmətləri vasitəsilə həyata keçirilir. Fasiləsiz təhsilin hər bir mərhələsində əlavə təhsilin əsas məqsədi şəxsiyyətin inkişafından, intellektual və peşə baxımından onun fasiləsiz təkmilləşdirilməsindən ibarətdir. Əlavə təhsil proqramlarına ümumtəhsil, peşə-ixtisas və əlavə təhsil müəssisələrində, dayaq məntəqələrində və ümumiyyətlə, müvafiq lisenziyası olan digər müəssisələrdə həyata keçirilən müxtəlif yönümlü təhsil proqramları daxildir.

Müasir dövrdə əlavə təhsilin ixtisasartırma, təkmilləşdirmə, stajkeçmə, yenidənhazırlanma, yaşlıların təhsili və s. kimi istiqamətləri müəyyənləşdirilmişdir. Əlbəttə, bu istiqamətlərin hamısı barədə məlumat vermək çətin olardı, onlardan yalnız bəzilərinə toxunmaq istəyirəm.

İxtisasartırma təhsili dedikdə, pedaqoji kadrların və rəhbər pedaqoji işçilərin öz peşə fəaliyyəti dövründə (və ya müəyyən müddət pedaqoji fəaliyyətdə olmayan dövrdə) mütəmadi olaraq peşəkarlıq səviyyəsini, peşə ustalığını, elmi-nəzəri biliklərini artırmaq məqsədi ilə şəxsi ehtiyac və tələbatlarına uyğun gələn, o cümlədən yenilikləri və dəyişiklikləri əks etdirən tədris plan və proqramları üzrə təhsil almaları nəzərdə tutulur.

Stajkeçmə xüsusi ayrılmış müəssisələrdə yüksək ixtisaslı mütəxəssisin rəhbərliyi altında nəzəri biliklərin təcrübi bacarıq və vərdişlərlə əlaqələndirilməsini nəzərdə tutur. Peşə-ixtisas təhsili müəssisələri üzrə pedaqoji heyətin ixtisasının artırılması üçün nəzərdə tutulan tədris plan və proqramlarına, lazım gəldikdə, stajkeçməyə dair ayrıca blok əlavə olunur. Bununla belə, nəzəri hazırlıq planlaşdırılmadan da qabaqcıl texnika və texnologiya ilə tanış olmaq məqsədilə elmi laboratoriya və emalatxanalarda stajkeçmə tədbirləri təşkil edilə bilər. Pedaqoji işçilərin stajkeçməsi pedaqogika, psixologiya və metodika sahələri üzrə bilik və bacarıqların artırılması ilə tamamlanaraq, həmin kateqoriyadan olan müəllimlərin tam əlavə təhsilini təmin edir.

Stajkeçmə ikimərhələli proses olmaqla, peşə-ixtisas təhsili müəssisələrində çalışan professor-müəllim, pedaqoji kadr, mühəndis-müəllim kimi kateqoriyalı işçilərin əlavə təhsilidir. Bu cür təhsil şəbəkəsinə ali məktəblərin baza kafedraları, müvafiq ixtisasartırma müəssisələri və fakültələri, ixtisas profilinə uyğun elm, təhsil və istehsalat müəssisələri, təcrübə-sınaq stansiyaları aiddir.

Kadrların təkmilləşdirilməsi prosesi əlavə təhsildə gedən bir proses olmaqla, tədrisin keyfiyyətinin yaxşılaşdırılması məqsədi daşıyır və aşağıdakı proseslərin və ya tədbirlərin vəhdətini özündə ehtiva edir:

- pedaqoji, psixoloji, metodiki sahədə, dərs vəsaiti və dərsliklərdə, eləcə də tədris plan və proqramlarında, təlim və informasiya texnologiyalarında olan yeniliklərlə operativ tanışlıq, öz həmkarları ilə təcrübə mübadiləsi; distant ötürmə vasitəsilə yeni materialların əldə olunması, bu istiqamətdə fikir mübadilələrinin aparılması; aktual mövzuların dinlənilməsi üçün sahə üzrə qabaqcıl mütəxəssislərin dayaq məntəqələrinə dəvət olunması, problem mövzular ətrafında təhlillərin təşkili; dərslərdə kollektiv iştirak, konkret metodikanın aprobasiyası, nəticələrin təhlili; kadr hazırlığı, əlavə təhsil sahəsində tətbiq olunan plan və proqramlara, eləcə də yeni dərslik və dərs vəsaitlərinə dair əsaslandırılmış təkliflərin verilməsi; "öyrədənləri öyrədən" statuslu müəllim və metodistlərlə diskussiyaların keçirilməsi; daimi özünütəhsil. 

 

¹

Mövcud ixtisasartırma sistemi Yeni ixtisasartırma sistemi
1 Kurslar həmişə eyni müəssisələr tərəfindən həyata keçirilir. Rəqabət mühiti olmandığınndan ixtisasartırma proqramlarının keyfiyyəti yüksək olmur. Kursların müxtəlif müəssisələr, təşkilatlar tərəfindən təklif olunması və həyata keçirilməsi rəqabət mühiti formalaşdırır və nəticədə ixtisasartırma təhsilinin keyfiyyəti yüksəlir.     
2 Kurslar həmişə eyni müəssisələr tərəfindən təklif olunduğundan təlimlər də həmişə eyni şəxslər tərəfindən həyata keçirilir. Kurslar müxtəlif müəssisələr, təşkilatlar tərəfindən həyata keçirildiyindən təlimçilərin də sayı çoxalır, təlimçilərin hazırlanmasına xüsusi diqqət yetirilir.   
3 Mövcud ixtisasartırma sistemi eyni variantda proqram təklif edir və müəllimlər təklif olunan yeganə proqramı qəbul etməyə məcbur olurlar. Tələbat və ehtiyacnlara uyğun proqramları seçim imkanı olmur. Yeni modeldə 3 modul üzrə çoxsaylı proqramlar təklif edilir. Müəllimlər ehtiyac və tələblərinə uyğun olaraq həmin proqramlardan istədiklərini seçirlər.
4 Hazırda təklif edilən ixtisasartırma kursnlarının məzmunu və təlimçilər əvvəlcədən qiymətləndirilmir. Yeni modeldə akkreditasiya prosesi nəzərdə tutulur ki, burada təklif olunan kursların məzmununun, o cümlədən təlimçilərin minimum keyfiyyət tələblərinə cavab verməsi yoxlanılır. Yalnız kursun məzmunu və təlimçilər tələblərə cavab verdikdə proqram akkreditə olunur.
5 İxtisasartırma təhsilinin icbari olmaması müəllimlərin bu təhsildən yayınmasına imkan yaradır. Çünki ixtisasartırma təhsilindən keçməməyə görə müəllim barəsində heç bir tədbir görülmür və bu onun fəaliyyətinə təsir etmir. Rəhbər və pedaqoji kadrlar icbari olaraq müəyyən edilmiş ixtisasartırma dövründə təlim kursundan keçirlər. İxtisasartırma kreditlərinin toplanması növbəti dövr üçün əmək müqaviləsinin uzadılması üçün əsas şərtlərdən birinə çevrilir.
6 Bütün kateqoriyalardan olan rəhbər və pedaqoji kadrlar üçün eyni müddətli (5 il) ixtisasartırma dövrü müəyyən edilir. Rəhbər və pedaqoji kadrların bu və ya digər kateqoriyası üçün müxtəlif müddətli ixtisasartırma dövrü müəyyən edilir. Məsələn, idarəetmə sahəsində kadr dəyişiklikləri tez-tez baş verdiyi üçün onların ixtisasartırması üçün 5 illik müddət optimal hesab olunmur. 
7 Stimullaşdırıcı amillərin olmaması ixtisasnartırma təhsilinə marağı azaldır. Stimullaşdırıcı amillərin olması nəticəsində ixtisasartırma təhsilinə maraq artır. Belə ki, ixtisasartırma təhsilinin nəticəsi hər bir rəhbər və pedaqoji işçinin əməkhaqqına müvafiq artımların edilməsində, nəticədə irəli çəkilməsində, fəxri adlara və dövlət təltiflərinə layiq görülməsində və sair hallarda nəzərə alınır.
8 Hazırkı ixtisasartırma sistemində keyfiyyətin təminatı, monitorinqi və dəyərləndirməsi sistemi mövcud deyil. Yeni modeldə Təhsil Nazirliyində ixtisasartırma ilə bağlı müvafiq struktur bölmənin yaradılması nəzərdə tutulur ki, bu bölmənin də əsas funksiyalarından biri həyata keçirilən ixtisasartırma təhsilinin keyfiyyətinin təminatı, monitorinqi və dəyərləndirilməsi kimi müəyyənləşdirilir.
9 Kurslar əsasən ixtisasartırma təhsili müəsnsinsələrində keçirilir. Bu da bir sıra hallarda müəlnlimlərin ixtisasartırma təhnsinlinndən yanyınnmasına səbəb olur (ezamiyyə xərclərinin ödənilməməsi, qadın müəllimlərin rayondan kənara çıxmaq istəməməsi və s.). Yeni modeldə ixtisasartırma təhsili bütün mümkün hallarda yerlərdə həyata keçirilir (hazırda yeni kurikulum üzrə aparılan təlimlər kimi).
10 Bir ixtisasartırma dövründə nə zaman və harada kursdan keçmək məsələsi müəssisələr tərəfindən müəyyənləşdirilir. Bir ixtisasartırma dövründə modullar üzrə nə zaman və harada kursdan keçməyi hər bir rəhbər və pedaqoji kadr özü müəyyən edir.
 

Təkmilləşdirmə daha geniş anlayış olmaqla, əlavə təhsilin yuxarıda göstərilən digər tərkib hissələrinə təkanverici proses xarakteri daşıyır, özünütəhsil formasında müəllim hazırlığının fasiləsizliyini təmin edir. Pedaqoji kadrların mütəmadi olaraq təkmilləşdirilməsi gələcək ixtisasartırma və yenidənhazırlanma təhsilini formalaşdırır, müəllimlərin ilkin hazırlığı prosesində mövcud olan çatışmazlıqların aradan qaldırılmasını və onların hazırlığının keyfiyyətcə yüksək səviyyədə olmasını təmin edir.

Müasir dövrdə əlavə təhsil və peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi ixtisasartırma və ya baza peşə-ixtisas təhsili müəssisələrində treninqlər, təhsil müəssisəsi şəraitində treninqlər, kaskad modeli üzrə treninqlər ("öyrədən"lərin öyrədilməsi və müəllimlərin dayaq məntəqələri vasitəsilə ixtisasartırma və təkmilləşmə proseslərinə cəlb edilməsi), texnologiyalara əsaslanan treninqlər, distant təhsil, mentorluq, şəxsi tədqiqata əsaslanan ixtisasartırma və təkmilləşmə, müxtəlif təşkilatlar tərəfindən ixtisasartırma sistemindən kənar keçirilən kurslar və treninqlər kimi modellər üzrə həyata keçirilir.

İxtisasartırma təhsili sahəsində beynəlxalq təcrübə ilə tanışlıq göstərir ki, dünyada bu sahədə fərqli mexanizmlər tətbiq olunur, ixtisasartırma təhsili modul-kredit sisteminə əsaslanaraq 3 moduldan ibarət təşkil olunur. Hər modul üzrə kreditin həcmi müəyyənləşdirilir. Birinci modul ümumpedaqoji, psixoloji, sosioloji məsələləri, ikinci modul tədris metodikası və təlim strategiyalarını, üçüncü modul isə sərbəst modul adlanır və seçmə kursları, yəni müəllimin arzusuna uyğun təşkil ediləcək kursları əhatə edir. Xüsusi vurğulamaq lazımdır ki, ixtisasartırma tədbirlərinə başlamazdan əvvəl hər bir müəllimin bacarıqlarının ilkin diaqnostikası aparılır (giriş qiymətləndirilməsi), treninq proqramları da qiymətləndirmənin nəticələrinə uyğunlaşdırılır. Sonda isə yekun monitorinq aparılır (çıxış qiymətləndirilməsi). Modullar üzrə zəruri kreditləri toplayan müəllimlər sertifikat alır, bu sertifikatlarda kursun adı, müəllimin əldə etdiyi bacarıqların səviyyəsi, saatların miqdarı, toplanan kreditlərin sayı qeyd edilir. Bu sənəd müəllimin karyerasının inkişafı və əməyinin stimullaşdırılmasında mühüm rol oynayır ki, bu da ixtisasartırma təhsilinin statusunu yüksəldir və ona marağı artırır.

Burada bir əhəmiyyətli cəhət də ondan ibarətdir ki, təhsil müəssisələri və ictimaiyyət müəllimlərə verilən sertifikatlara inanır və onu qəbul edirlər. Çünki bu sənədi almamışdan əvvəl kursun, treninqin monitorinqi aparılır, həm "öyrədən"lərin, həm də "öyrənən"lərin fəaliyyəti dəqiq qiymətləndirilir. Eyni zamanda bu monitorinq və qiymətləndirmə mexanizmi işinin daha da təkmilləşdirilməsi üçün təkliflərin hazırlanmasına imkan verir.

Beynəlxalq təcrübədə ixtisasartırma təhsilinin maliyyələşdirilməsi də bizdə olduğundan tam fərqlidir. Azərbaycanda ixtisasartırma təhsili üçün vəsait əsasən bu təhsili həyata keçirən müəssisələrə verilir. Yəni həmin müəssisənin təqdim etdiyi xidmətin səviyyəsindən asılı olmayaraq, büdcə vəsaiti ixtisasartırma təhsili müəssisəsinə yönəldilir.

Dünya təcrübəsində isə belə təhsil müəssisələri vəsaiti özləri qazanırlar, yəni öz proqramlarını elan edirlər, bu proqramlar akkreditasiyadan keçirilib müsbət rəy aldıqdan sonra müəllimlərin seçimi əsasında kurslar təşkil edilir və ixtisasartırma üçün nəzərdə tutulmuş vəsait həmin müəssisəyə yönəldilir. Əgər müəssisənin təklif etdiyi proqramlar müəllimlər tərəfindən seçilməzsə, onda həmin müəssisə vəsait əldə edə bilmir. Bir fərq də ondan ibarətdir ki, ölkəmizdə ixtisasartırma təhsili yalnız dövlət təhsil müəssisələrində həyata keçirilir, beynəlxalq təcrübədə isə dövlət müəssisələri ilə yanaşı, bu fəaliyyətlə daha çox özəl qurumlar, QHT-lər məşğul olurlar ki, bu da rəqabət mühitinin formalaşmasına gətirib çıxarır.

Onu da qeyd edim ki, son illərdə mütəxəssislərin və beynəlxalq məsləhətçilərin iştirakı ilə Təhsil Nazirliyinin müvafiq şöbələri tərəfindən əlavə təhsil sahəsində yuxarıda sadalanan yeni mexanizmlərə keçidi nəzərdə tutan qaydalar hazırlanmış və təsdiq üçün hökumətə təqdim edilmişdir. Eyni zamanda Dünya Bankı ilə birgə həyata keçirdiyimiz Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə çərçivəsində növbəti dərs ilində I siniflərdə işləyəcək müəllimlərin ixtisasının artırılması sahəsində yeni mexanizmlərin tətbiqinə başlamışıq.

Tətbiq edilən yeni ixtisasartırma modeli mövcud modelə nisbətən bir sıra üstünlüklərə malikdir.

(Ardı var) 

Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri,
fizika-riyaziyyat elmləri doktoru, professor

 
Səhifənin başına qalx "Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

25 İyun 2010 - ¹24

Ümumtəhsil məktəblərinin I-III sinifləri üçün tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
2010-2011-ci dərs ili üçün ümumtəhsil məktəblərinin tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Tədbirlər planının təsdiqi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Mirzə Ələkbər Sabirin (Məşədi Ələkbər Hacı Zeynalabdin oğlu Tahirzadənin) 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
İstedadlı şagirdlər üçün xüsusi lisey siniflərinin təşkili barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
2010-2011-ci dərs ilində ümumtəhsil məktəblərinin I-III sinifləri üçün tədris planı
 
Ümumtəhsil məktəblərinin 2010-2011-ci dərs ili üçün tədris planı
 
Şərur Rayon Təhsil Şöbəsi üçün yeni bina istifadəyə verilib
 
Bu il buraxılış imtahanlarında müvəffəq qiymət alanların sayı artıb
 
"Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələri başa çatdı
 
Jurnalist tələbələr seçdikləri peşənin sirlərini Belarusda öyrənirlər
 
"Elektron təhsil" müsabiqəsinin qalibləri mükafatlandırıldılar
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Proqram və dərsliklərlə bağlı məsələlər müzakirə olunub
 
Növbəti xarici səfər: müqavilələr, görüşlər
 
Təhsilə qara yaxanlara layiqli cavab
 
Amerikalı tələbələrlə görüş
 
AMİ-nin əməkdaşları Bərdə rayonunda olublar
 
Müasir mərhələdə milli təhsilə dair fundamental əsər
 
Ali təhsildə Boloniya prosesi  (5 illik təcrübə nə göstərir)
 
"Heydər Əliyev siyasəti və vətəndaş mövqeyinə dövlət qayğısı"
 
Soydaşımız Leonardo da Vinçi medalına layiq görüldü
 
Tələbələr kompüterlə imtahan verdilər
 
Respublika baxış-müsabiqəsinə yekun vuruldu
 
"Əlvida, bağça, salam, məktəb"
 
Almaniyada peşə təhsili
 
Naxçıvan Dövlət Universitetində yubiley tədbiri
 
Muzeydə "açıq dərs"
 
Yeni metodik vəsait
 
Şagirdlərin sevimlisi
 
Cəmiyyətin təhsil ehtiyacları və onların hüquqi təminatı
 
Azərbaycan Respublikası Təhsil Nazirliyi 2011-2012-ci tədris ilinə ümumtəhsil məktəblərinin VII-XI sinifləri üçün dərsliklərin hazırlanmasını və çapını təşkil etmək məqsədilə açıq tender (satınalma müsabiqəsi) elan edir.
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün fizika fənni kurikulumu (VI-XI siniflər)
 
Beynəlxalq müsabiqələr laureatı
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Bağça 65 yetirməsini məktəbə yola saldı
 
Müəllimlərin, şagirdlərin və ingilis dilini öyrənənlərin nəzərinə! Xarici dilin öyrənilməsi sahəsində tam yeni və orijinal metodologiya!
 
Dünya universitetləri: Kvinslend Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov