Dünyada ekoloji problemlərin getdikcə artması
təbiət və cəmiyyət münasibətlərinin
tənzimlənməsi üçün təxirəsalınmaz tədbirlərin
görülməsini tələb edir. Ekoloji problemlərin
həlli, ilk növbədə, insanların şüurunda köklü
dəyişikliklərin aparılmasından, onların ətraf
mühitə və təbii sərvətlərə münasibətinin
dəyişməsindən asılıdır.
2010-cu il Azərbaycanda "Ekologiya ili" elan
olunmuşdur. Bu baxımdan biz müəllimlərin üzərinə
çox böyük məsuliyyət düşür. Planetimizin və
bəşəriyyətin yaşaması naminə insanlar təbii və
antropogen təsirlərə məruz qalmış ətraf mühitin
problemlərini öyrənməli və bu problemlərin birgə
həll edilməsi üçün yollar axtarmalıdır. Bu yol
məktəbdən başlayır. Ona görə də biz çalışırıq
ki, təhsillə bərabər, şagirdlərimizdə ətraf
mühitə qarşı həssas münasibət formalaşdıraq,
təbii, mədəni, tarixi-estetik dəyərlərin
qorunması ruhunu onlara aşılayaq.
Məlum olduğu kimi, apreldə Bakıda ekologiya və
qlobal fəlakətlərdən çıxış yollarından bəhs edən
İNEPO-EUROASİA Ətraf Mühitin Mühafizəsi IV
Beynəlxalq Layihə Olimpiadası keçirilmişdir.
Dünyanın 33 ölkəsindən 300-ə qədər layihənin
təqdim edildiyi, 97-nin seçilərək münsiflər
heyətinin müzakirəsinə verildiyi olimpiadada
Azərbaycandan 45 layihə finala vəsiqə almışdı.
Sevindirici haldır ki, məktəbimizin iki şagirdi
Aytən Camallı və Fəridə Gilmizliyeva da bu
müsabiqədə iştirak etmişdir. Onların müsabiqəyə
təqdim etdikləri layihə "Bioloji parçalanmaya
məruz qalmış tullantıların kompastlaşdırılması"
idi. Burada əsas məqsəd kimi müasir dövrdə kənd
təsərrüfatında üzvi gübrələrə daha çox önəm
verilməsi və ekoloji cəhətdən təmiz məhsul əldə
edilməsi idi. Şagirdlər layihə ilə bərabər,
stendlər və maket də təqdim etmişdilər.
Olimpiadada məktəbimizin şagirdlərinin iştirakı
bir müəllim kimi məni və kollektivimizi
sevindirmişdir.
Yeri gəlmişkən qeyd edim ki, ötən ilin mayında "Enerji
və ətraf mühit" mövzusunda keçirilən müsabiqədə
iştirak etmişəm. Müsabiqə Təhsil Nazirliyi,
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Norveç
səfirliyi tərəfindən təşkil edilmişdi.
Müsabiqədə "Enerji resurslarının istifadəsi üzrə
məktəbli proqramı" çərçivəsində Bakı şəhəri də
daxil olmaqla respublikamızın 11 bölgəsi iştirak
etmişdir. Beynəlxalq müsabiqənin Azərbaycan
turunda iştirak etməklə qiymətli hədiyyə və
sertifikata layiq görüldüm. Bütün bunları "Ekologiya
ili"nə məktəbimizin töhfəsi hesab edirəm.
Məmləkət ƏFƏNDİYEVA,
Qax şəhər 4 nömrəli orta məktəbin coğrafiya
müəllimi |