Naxçıvan Özəl Universitetində Tələbə Elmi
Cəmiyyətinin xətti ilə 2009-2010-cu ildə yerinə
yetirilən elmi-tədqiqat işlərinin yekunlarına
həsr edilmiş XIV elmi konfrans keçirilmişdir.
Konfransı giriş sözü ilə Naxçıvan Özəl
Universitetinin tədris və elmi işlər üzrə
prorektoru, dosent İbrahim Kazımbəyli açaraq
qeyd etmişdir ki, dövlətimizin
möhkəmləndirilməsi, etibarlı gələcəyimizin təmin
edilməsi gənclərin cəmiyyətdəki fəallığının
yüksəldilməsindən çox asılıdır. Ümummilli lider
Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və
hazırda onun layiqli davamçısı Prezident İlham
Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət
gənclər siyasətinin əsas qayəsini məhz bu mühüm
konsepsiya təşkil edir. Ölkəmizdə gənclərlə iş
sahəsində görülən işlər, bu istiqamətdə həyata
keçirilən mükəmməl dövlət siyasəti Azərbaycan
gəncliyinin inkişafına böyük təkan vermiş, onun
cəmiyyətdə özünü təsdiq etməsində mühüm rol
oynamışdır. Gənclər siyasətinin ən vacib
istiqamətlərindən biri də təhsil sahəsində
aparılan islahatlarla bağlıdır.
Qeyd olundu ki, universitetdə gənc tələbələrin
düzgün və sistemli elmi fəaliyyətini yüksək
səviyyədə təşkil etmək üçün Tələbə Elmi
Cəmiyyəti (TEC) yaradılmışdır. Bu cəmiyyət
tələbələrin elmi fəaliyyətinin düzgün
istiqamətləndirilməsində mühüm rol oynayır. Hər
il savadlı, elmi axtarışlara meyilli tələbələr
seçilir və cəmiyyət sıralarına daxil edilir.
Müxtəlif kurs tələbələri öz istəklərinə uyğun
olaraq müxtəlif kafedralara cəlb olunmuşlar.
Hazırda cəmiyyətin 70 nəfərdən çox üzvü var,
onlardan 30 nəfəri müxtəlif kafedralarda elmi iş
aparmaqdadır ki, bu tələbələrin əksəriyyətini
I-III kurs tələbələri təşkil edir. Bu da
tələbələrin ildən-ilə elmə marağının artmasının
əyani göstəricisidir. Tələbə Elmi Cəmiyyəti
mütəmadi olaraq tələbələrin elmi diskussiyaya
cəlb edilməsində mühüm rol oynayan elmi
seminarlar təşkil edir, bu seminarlarda
tələbələr elmi mövzular ətrafında fikir
mübadiləsi aparır, yeni ədəbiyyatlarla, elmi
məqalələrlə tanış olurlar.
Plenar iclasda tələbələrdən Anar Tağıyev "Heydər
Əliyev və Azərbaycanda soyqırımı məsələsinə
ümumdövlət münasibəti ", Tehranə Əliyeva "Azərbaycanda
turizm", Şəlalə Əliyeva "Ailə konfliktlərinin
uşağa psixoloji təsiri", Əli Həsənov "Kiçik
biznesdə riskin aradan qaldırılması yolları"
mövzularında hazırladıqları işləri təqdim
etdikdən sonra, TEC-in konfransı bölmələrdə öz
işini davam etdirdi.
Sonda qalib tələbələrə universitet rəhbərliyi
tərəfindən mükafatlar təqdim olundu.
Mina QASIMOVA |