2010-cu ildə zəngin tarixi ənənələrə malik
Azərbaycan milli mətbuatının 135 ili tamam olur.
1875-ci il iyulun 22-də görkəmli maarifçi və
publisist Həsən bəy Zərdabi tərəfindən nəşr
olunmağa başlayan "Əkinçi" qəzeti ilə əsası
qoyulmuş Azərbaycan milli mətbuatı bütün
dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti
düşündürən problemləri, dövrün qabaqcıl
ideyalarını və mütərəqqi fikirlərini əks
etdirmiş, xalqımızın maariflənməsində, milli və
bəşəri dəyərlərin təbliğində mühüm rol
oynamışdır.
Mürəkkəb, lakin şərəfli inkişaf yolu keçmiş
milli mətbuatımız həmişə xalqımızın şanlı
tarixinin güzgüsü olmuşdur. XlX əsrin ikinci
yarısı - XX əsrin əvvəllərində "Əkinçi"
ənənələrini davam etdirən "Ziya", "Kəşkül",
"Şərqi-rus", "Həyat", "İrşad", "Molla Nəsrəddin"
və digər nəşrlər insanları yüksək ideallar
uğrunda mübarizəyə səsləmiş, milli oyanış və
özünüdərk prosesinin aparıcı nümunələri kimi
tanınaraq şöhrət qazanmışlar. Azərbaycan
mətbuatı xalqımızın azadlıq arzularının
gerçəkləşməsinə, mənəvi dəyərlərinin
qorunmasına, mədəniyyətinin tərəqqisinə,
qabaqcıl ictimai fikrin, milli şüurun
formalaşmasına böyük töhfələr vermişdir.
XX əsrin sonlarında müstəqillik qazandıqdan
sonra demokratik, hüquqi, dünyəvi dövlət
quruculuğunu özünün inkişaf modeli kimi qəbul
edən Azərbaycan Respublikasında söz və məlumat
azadlığının təmin edilməsi, kütləvi informasiya
vasitələrinin sərbəst fəaliyyətinə zəruri şərait
yaradılması prioritet vəzifə kimi
müəyyənləşdirilmişdir. Ümummilli lider Heydər
Əliyevin siyasi iradəsi və böyük səyləri
nəticəsində plüralizmi, söz və məlumat
azadlığını məhdudlaşdıran süni maneələr aradan
qaldırılmış, kütləvi informasiya vasitələrinin
fəaliyyətini tənzimləyən qanunvericilik bazası
təkmilləşdirilərək beynəlxalq standartlara
uyğunlaşdırılmışdır. Heydər Əliyevin fərman və
sərəncamları ilə mətbuatın maddi-texniki
bazasının, iqtisadi müstəqilliyinin
gücləndirilməsi, jurnalistlərin azad fəaliyyəti
üçün əlverişli şəraitin təmin edilməsi məqsədilə
çoxsaylı tədbirlər həyata keçirilmiş,
mətbuat-dövlət münasibətlərində mütərəqqi
ənənələrin əsası qoyulmuşdur. Hazırda
Azərbaycanda yüzlərlə mətbuat orqanı,
informasiya agentliyi, teleradio şirkətləri,
sürətlə inkişaf edən internet resursları
vətəndaş cəmiyyəti quruculuğunun fəal
iştirakçısına çevrilərək cəmiyyətimizin
informasiyaya olan ehtiyacının ödənilməsində
əhəmiyyətli rol oynayırlar.
Ölkəmizin sürətlə inkişaf etdiyi,
demokratikləşmə prosesinin dərinləşdiyi,
cəmiyyət həyatının bütün sahələrinin yeniləşdiyi
müasir dövrdə kütləvi informasiya vasitələrinin,
o cümlədən milli mətbuatımızın qarşısında yeni
vəzifələr durur. Bu gün Azərbaycan mətbuatı
müasir informasiya cəmiyyəti quruculuğunda,
sosial ədalət və şəffaflığın təmin edilməsində,
milli həmrəyliyin və tolerantlığın
möhkəmləndirilməsində, demokratik özünüdərkin,
siyasi mədəniyyətin inkişafında, milli-mənəvi və
ümumbəşəri dəyərlərin qorunub saxlanması və
təbliğində mühüm rol oynamalı, tədris və
maarifləndirmə sahəsində fəaliyyətini
gücləndirməlidir. Azərbaycan jurnalistikası
peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək
milli şüur və vətənpərvərlik prinsiplərinə
dönmədən əməl etməli, söz və məlumat
azadlığından sui-istifadənin qarşısı qətiyyətlə
alınmalıdır.
Bütün dünyada olduğu kimi, Azərbaycanda da
mətbuat qarşıda duran vəzifələri yeni
informasiya resurslarının ardıcıl inkişafı ilə
şərtlənən mürəkkəb rəqabət mühitində yerinə
yetirir. Azərbaycan dövlətinin artan imkanları
milli mətbuatımızın inkişafı yolunda
çətinliklərin aradan qaldırılması, onun aktual
problemlərinin həlli məqsədilə kompleks
tədbirlərin həyata keçirilməsinə şərait
yaratmışdır. Bu gün mətbuatın maddi-texniki
bazasının möhkəmləndirilməsi, müasir
informasiya-kommunikasiya texnologiyalarının
tətbiqinin stimullaşdırılması, dövlət orqanları
ilə mətbuat arasında səmərəli əməkdaşlığın
inkişafı, jurnalistlərin peşəkarlığının və
məsuliyyətinin artmasına daha münbit şəraitin
yaradılması, onların sosial müdafiəsinin
gücləndirilməsi Azərbaycan dövləti və
cəmiyyətinin qarşısında duran mühüm
vəzifələrdir.
Azərbaycan Respublikasının ictimai-siyasi
həyatında, demokratikləşmə və müasir vətəndaş
cəmiyyəti quruculuğunda milli mətbuatın rolunu
nəzərə alaraq
QƏRARA ALIRAM:
1. Azərbaycan milli mətbuatının 135 illik
yubileyi ölkəmizdə geniş qeyd olunsun.
2. Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasına tapşırılsın:
2.1. Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan
Mətbuat Şurası ilə birlikdə Bakı şəhərində və
respublikanın bölgələrində yubiley tədbirlərinin
keçirilməsini təmin etsin;
2.2. Bir ay müddətində jurnalist təşkilatlarının
və redaksiyaların təklifləri əsasında Azərbaycan
milli mətbuatının inkişafında xüsusi xidmətləri
olan jurnalistlərin mükafatlandırılması haqqında
təklifləri Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 iyun 2010-cu il |