Mükəmməl təhsil sisteminə malik olmaq dövlətin
gələcəyi və müstəqilliyinin mühüm şərtidir.
Respublikamızda həyata keçirilən təhsil
islahatının məqsədi təlim prosesinin
səmərəliliyini təmin etməklə milli və ümumbəşəri
dəyərlərə yiyələnən, yaradıcı və tənqidi
düşünməyi bacaran, fəal və təşəbbüskar şəxsiyyət
yetişdirməkdir. Təlimin keyfiyyətinin
yüksəldilməsi ibtidai təhsil pilləsində aparılan
işdən daha çox asılıdır. Məhz ibtidai sinifdə
şagirdlərdə bilik, bacarıq və vərdişlərin, milli
və bəşəri dəyərlərin formalaşdırılması,
intellektual səviyyənin inkişaf etdirilməsi,
nəcib insani keyfiyyətlərin aşılanması
istiqamətində sistemli iş aparılır. Şagirdlərə
biliklərin əsaslarını öyrədən ibtidai sinif
müəllimləri çətin, məsuliyyətli, həm də şərəfli
bir vəzifə yerinə yetirirlər. Dünyada yüzlərlə
peşə və sənət sahibi vardır. Təhsil islahatının
tələblərinin yerinə yetirilməsində, ilk növbədə,
müəllim özü dəyişməli, təlimin yeni
texnologiyalarını bilməli, yeni proqram və
dərsliklərdən, fənn kurikulumunun tələblərindən
irəli gələn dəyişiklikləri tətbiq etməyi
bacarmalıdır.
Bu
keyfiyyətləri özündə birləşdirən Bakı
şəhərindəki BMLK-nın ibtidai sinif müəllimi Arzu
Nəzərovanın iş təcrübəsinin maraqlı məqamları
diqqəti cəlb edir. Nəzərova Arzu Aslan qızı
1961-ci il sentyabrın 21-də Gəncə şəhərində
ziyalı ailəsində anadan olmuş, 1987-ci ildə
H.Zərdabi adına Gəncə Pedaqoji İnstitutunun
ibtidai metodika fakültəsini, 2000-ci ildə isə
Bakı Asiya Universitetinin hüquq fakültəsini
bitirmişdir. 1982-ci ildən 1986-cı ilədək Şəmkir
rayonu uşaq musiqi məktəbində forteniano
müəllimi, orta məktəbdə ibtidai sinif müəllimi,
1992-ci ildən həmin məktəbdə direktor müavini,
1994-cü ildən 1998-ci ilədək direktor
vəzifələrində işləmişdir. 2001-ci ildən Gəncə
şəhəri Təhsil İdarəsində metodist vəzifəsində
çalışan Arzu Nəzərova 2002-ci ildən Bakı
şəhərindəki BMLK-də direktor müavini və ibtidai
sinif müəllimi işləyir.
1991-ci ildə "metodist" müəllim adına layiq
görülən Arzu Nəzərova 1992-ci ildə "Xalq təhsili
əlaçısı" döş nişanı ilə təltif olunmuş, həmin
ildə respublika üzrə keçirilən "İlin ən yaxşı
müəllimi" müsabiqəsinin qalibi olmuşdur. 1992-ci
ildə onun qabaqcıl iş təcrübəsi respublikada
yayılıb.
Arzu Nəzərova bacarıqlı, işgüzar, ixtisasını
dərindən bilən, müəllimlik adını müqəddəs tutan,
ideyaca saf, mənəviyyatca pak, özünə və
şagirdlərinə qarşı tələbkar, sənətinə ürəkdən
bağlı olan müəllimdir. Uşaqlara qayğı, onların
təlim və tərbiyəsi Arzu müəllimin həyatının
mənasını təşkil edir. Belə ki o, xoş rəftarı,
mehribanlığı ilə şagirdlərin qəlbinə elə yol
tapmışdır ki, onlar Arzu müəllimi özlərinin
yaxın dostu, köməkçisi və məsləhətçisi sayırlar.
Lakin bununla belə, təcrübəli müəllim
şagirdlərlə münasibətdə hörmətlə tələbkarlığı
düzgün əlaqələndirməyi də bacarır. Bu bir
həqiqətdir ki, şagirdlərin bilik xəzinəsinə
gedən yolu dərsdən başlayır. Dərsin yüksək
səviyyədə təşkili isə müəllimin fəaliyyəti ilə
bağlıdır. Bu həqiqəti yaxşı başa düşən Arzu
müəllim heç vaxt biliyi ilə kifayətlənmir,
dövrün tələblərinə uyğun olaraq daim düşünür,
mütaliə edir, axtarır, elmi-pedaqoji
fəaliyyətini yüksəltmək qayğısına qalır və
qarşısına qoyduğu məqsədə nail olur.
O, təhsil islahatının ilk günlərindən
təhsilimizdə baş verən yenilikləri izləmiş,
metodik tovsiyələri, vəsaitləri diqqətlə oxumuş,
işində yaradıcılıqla tətbiq etməyə çalışmışdır.
Xüsusən tədrislə bağlı məsələləri təhlil edərək
mətbuatda öz sözünü demişdir. Bütün metodiki
yazılarında və pedaqoji təcrübəsində "sözlə
əməlin, elmlə təcrübənin vəhdətini" əsas
götürmüşdür. Gənc nəslin təlim və tərbiyəsi
işində əldə etdiyi uğurları Arzu müəllim tədris
zamanı yeni təlim metodlarından istifadənin
səmərəli nəticəsi sayır. Şagirdlərdə öyrənmək
həvəsini yaratmaq pedaqoqdan xüsusi məharət
tələb edir. Əgər müəllim səmimi ünsiyyət,
anlaşıqlı nitq və hərəkətlərdən (mimika,
jestlər və s.) düzgün və tələb olunan qədər
istifadə edərsə, müəllim-şagird münasibətlərinin
daha dərin və davamlı olmasına nail ola bilər.
Arzu müəllimin təbirincə desək, ibtidai təhsil
pilləsində yeni təlim metodlarının tətbiqi
təhsil islahatının uğurundan xəbər verir. O,
təhsildəki yenilikləri, yeni təlim
texnologiyalarını, kurikulumun tələbinə cavab
verən meyarları, müxtəlif treninqlərdə əldə
etdiyi yeni bilikləri öz pedaqoji fəaliyyətində
uğurla tətbiq edir. Yeni metodlardan istifadə
zamanı şagirdlərin idraki fəallığına, müstəqil
düşünmə qabiliyyətinin inkişafına nail olur. İş
prosesində müəllim-şagird münasibətlərinin
düzgün qurulmasına xüsusi diqqət yetirir. Bu
münasibətlər şagirdlərin təhsilə marağının
artmasında, tədris olunan fənlərin
sevdirilməsində mühüm əhəmiyyət kəsb edir.
Pedaqoji fəaliyyətin belə əməkdaşlıq əsasında
qurulması hər bir şagirdin intellektual
imkanları, meyil və maraqlarını daha düzgün
aşkara çıxarmağa imkan verir. Müəllim hər bir
şagirdin nə ilə maraqlandığını öyrənir, onun
qabiliyyətinin, istedadının düzgün
istiqamətləndirilməsinə və inkişafına kömək edir.
Qayğıkeş münasibət şagirddə özünəinam hissi
yaradır. Nəticədə şagird öz bacarığını, nəyə
qadir olduğunu nümayiş etdirməyə çalışır.
Təlimdə keyfiyyətin əldə olunması üçün
şagirdlərin psixoloji xüsusiyyətlərini dərindən
bilmək vacibdir. Düzgün qurulmuş müəllim-şagird
münasibətləri şagirdlərin təlim marağının
artmasında mühüm vasitədir. Qarşılıqlı ünsiyyət
şagirdlərin fəallığını artırır, kollektiv
şəkildə işləməyə istiqamət verir. Arzu müəllim
yaxşı oxuyan şagirdlərin zəif şagirdlərə
köməyinin təşkili, hər bir şagirdin özünü
təhsilin bərabər hüquqlu üzvü kimi hiss
etməsini diqqətdə saxlayır. Həvəsləndirmə öz
səmərəsini verir. Təlim zamanı interaktiv
metodlardan bacarıqla istifadə olunur. Tədris
zamanı texniki vasitələrdən istifadə məzmunun
daha tez qavranmasına kömək edir. Bu cür dərslər
şagirdlər tərəfindən maraqla dinlənilir və asan
mənimsənilir.
Arzu müəllim əksər dərslərini fəal təlim
metodları ilə aparmağa üstünlük verir. Dərsin
motivasiya ilə başlanması şagirdlərdə maraq
oyatmaqla bərabər, onları düşündürür, idrak
qabiliyyətini yüksəldir, fəallıqlarını artırır.
Təqdimat zamanı müxtəlif iş, forma və
üsüllarından, o cümlədən cütlərlə, qruplarla
işin təşkili, rollu oyunlar, dairəvi söhbət,
diskussiya kimi üsullardan daha geniş istifadə
edir.
Təlimin başlıca vəzifələrindən biri şagirdlərə
öyrənməyi öyrətməkdir. Arzu müəllim deyir:
- "Çalışıram ki, öyrənməyi öyrətmək üçün
şagirdlərdə elmi biliklərə əsaslanan
bacarıqların formalaşmasına nail olum. Bu
bacarıqlar sonra vərdişə çevrilir. İbtidai
siniflərdə şagirdlərə müstəqil işləmək
bacarığının aşılanması həm nəzəri, həm də
praktik əhəmiyyət kəsb edir. Bacarıq və
vərdişlər əsasən, tapşırıqlar nəticəsində
formalaşır". Bunu əsas tutan Arzu müəllim
sinifdə şagirdləri məntiqi, düşündürücü
tapşırıqlar üzərində müstəqil işləməyi,
düşünməyi, diqqətli olmağı, mövzunu şərh edərkən
biliklərə əsaslanaraq nəticə çıxarmağı öyrədir.
Təcrübəsini öyrəndiyimiz 1 il müddətində Arzu
müəllimin müxtəlif siniflərdə dəfələrlə dərsini
müşahidə etmişik. Onun dərsi həmişə şagirdlərin
fəal iştirakı ilə çox canlı keçir. Buna səbəb
müəllimin elmi və pedaqoji hazırlığı ilə yanaşı,
həm də dərsdə yeni metod və üsullardan, əyani
vəsaitlərdən düzgün və kompleks şəkildə istifadə
etməsidir. Arzu müəllimin gərgin əməyinin,
yuxusuz gecələrinin nəticəsidir ki, dərs dediyi
şagirdlərin çoxu "4" və "5" qiymətlərlə oxuyur.
Bütün bunlarla yanaşı, Arzu müəllim öz
təcrübəsini gənc müəllimlərə həvəslə öyrədir. Bu
məqsədlə məktəb və rayon üzrə dəfələrlə "açıq
dərs"lər vermişdir. Arzu müəllimin iş
təcrübəsində diqqəti cəlb edən maraqlı
məqamlardan biri də metodiki hazırlığa daha çox
önəm verməsidir.
2008-2009-cu tədris ilindən başlayaraq orta
ümumtəhsil məktəblərinin I siniflərində yeni
kurikulum tətbiq edilir. Məqsəd şagirdlərə
müstəqil həyatda lazım olan əməli biliklərin
öyrədilməsi, onların məntiqi təfəkkürünün
inkişaf etdirilməsi, öz fikrini müstəqil
bildirmək və hüququnu qorumaq bacarığının
aşılanmasıdır. Arzu müəllim qeyd edir ki, I
sinif şagirdlərinin qiymətləndirilməsində ən
yaxşı vasitələrdən biri sözdür. Verbal (sözlə)
aparılan qiymətləndirmə şagirdlər üçün olduqca
maraqlıdır. Azyaşlı uşaqlar daim təriflənməyi,
alqışlanmağı xoşladıqları üçün sözlə
qiymətləndirmə onların fəallığını daha çox
artırır. Nəticədə onların özünəinamı artır.
Müəllim şagirdin nəyi "kəşf" edəcəyini, buna
hansı üsullardan istifadə etməklə nail olacağını
qabaqcadan bilir və onları buna
istiqamətləndirir. Şagird maraqlarının nəzərə
alınması, onların həyati tələbatları ilə bağlı
qurulan dərs daha yaxşı nəticələr verir. Müəllim
şagirdlərin marağını diqqət mərkəzində saxlamalı,
yeri gəldikcə onların qarşısında gücləri çatan
və həll edə bildikləri problemlər qoymalıdır.
Şagirdlər bu problemin həlli ilə əlaqədar yeni
və faydalı biliklər əldə edirlər.
Arzu müəllim sinifdə əlverişli təlim şəraiti
yaradır, dərslərini interaktivlik prinsipinə
uyğun qurur. O çalışır ki, dərs zamanı şagird
marağı təmin olunsun, onlar mövcud biliklərdən
istifadə edərək yeni biliklər qazansınlar,
təhlil, müqayisə və nəticə çıxarmaq bacarığına
yiyələnsinlər, bir-biri ilə əməkdaşlıq etməyi
bacarsınlar. Arzu Nəzərova şagirdlərin həyati
əhəmiyyətli bilik, bacarıq və vərdişlər
qazanmalarına, onların şəxsiyyətinin
formalaşması üçün praktik işlərin həyata
keçirilməsinə daha çox vaxt ayırır. Şagirdlərin
qarşılıqlı əlaqəsi, ünsiyyət prosesi olan
interaktiv təlimin rolunu nəzərə alan müəllim
dərslərində bu metodların tətbiqinə geniş yer
verir. Şagirdlərdə gözəlliyi duymaq, yaratmaq,
estetik təsir vasitələrilə təmasda olmaq
qabiliyyətinin inkişaf etdirilməsi diqqətdə
saxlanılır. Emosional hisslər şagirdlərdə dərsə
marağı artırır, qavramanı, yaddasaxlamanı,
təfəkkürü möhkəmləndirir, fəallaşdırır, - deyən
Arzu müəllim dərs zamanı çalışır ki, bütün
vasitələrdən - şifahi xalq ədəbiyyatı, bədii
ədəbiyyatın gözəl incilərindən, əyanilikdən,
həyəcanlandırıcı musiqidən istifadə etsin.
Tədris prosesində emosional yaddaşa təsir
etdikdə hər bir müəllim biliyin şüurlu
mənimsənilməsinə və bütövlükdə şəxsiyyətin
tərbiyəsinə nail olur. Təbii ki, emosional
yaddaş məntiqi yaddaşa güclü təsir göstərir və
qavramanı asanlaşdırır. Diqqət, qavrama,
müstəqil idrak fəaliyyəti yüksək olduqda,
həmçinin aydın məqsəd, maraq və emosional təsir
olduqda optimal nəticə almaq asanlaşır.
İradə HƏSƏNOVA,
AMİ-nin "Təhsildə innovasiya"
kabinetinin metodisti |