Bu günlərdə Qafqaz Universitetində "Dağlıq
Qarabağ münaqişəsi və onun həlli yolları"
mövzusunda beynəlxalq konfrans keçirilib.
Universitetin Beynəlxalq Münaqişələrin Tədqiqatı
Mərkəzinin təşkil etdiyi konfransda azərbaycanlı
konfliktoloqlarla yanaşı, qardaş Türkiyədən və
Gürcüstandan dəvət olunmuş mütəxəssislər də
iştirak ediblər.
Konfransı Beynəlxalq Münaqişələrin Tədqiqatı
Mərkəzinin rəhbəri Ceyhun Mahmudov açaraq
başçılıq etdiyi qurumun məram və məqsədləri,
fəaliyyət istiqamətləri və gördüyü işlər barədə
məlumat verib. Qeyd olunub ki, Qafqaz
Universitetində səkkiz ay öncə fəaliyyətə
başlamış Beynəlxalq Münaqişələrin Tədqiqatı
Mərkəzi bölgədə baş verən münaqişələrin
tədqiqatı və öyrənilməsi, bu istiqamətdə
aparılan tədqiqatların nəticələrinin
ictimaiyyətə çatdırılması ilə məşğul olur.
Mərkəzin qarşısına qoyduğu məqsədlərdən biri də
bölgədə konfliktlərin həlli yollarının
çözülməsini nəzərdə tutan konfransların
keçirilməsidir. Bu silsilədən ilk konfransın
Dağlıq Qarabağ münaqişəsinə həsr olunduğu
vurğulanıb.
Beynəlxalq konfransın plenar iclasında Qafqaz
Universitetinin müəllimi Bilal Dədəyevin "XIX
əsrdə Rusiyanın ermənilərlə iş birliyi",
gürcüstanlı professor Aleksandr Kikianidzenin "Milli
təhlükəsizlikdə münaqişələrin həll edilməsinin
rolu", Kamer Qasımın "Türkiyə, Rusiya və ABŞ-ın
Qarabağ probleminə dair siyasəti", Qafqaz
Universitetinin müəllimi Hatem Cabbarlının "Ermənistanın
siyasi və hüquqi arqumentləri", türkiyəli alim
Reha Yılmazın "Qarabağ probleminin həllinin
üçüncü yolu", gürcüstanlı alim Nino Kikavidzenin
"Gürcüstanın işğal olunmuş ərazilərinə dair
strategiyası: öyrənilən dərslər və Dağlıq
Qarabağ münaqişəsi üçün çıxış yolları"
mövzularında məruzələri dinlənilib. Sonra
müzakirələr "dəyirmi masa" ətrafında davam
etdirilib. Müzakirələr zamanı Dağlıq Qarabağ
münaqişəsinin müxtəlif formalarda həlli yolları
təhlil olunub, bölgə dövlətlərində olan
münaqişələrlə Qarabağ münaqişəsi arasında
paralellər aparılıb, Qarabağ münaqişəsinin
həllində ABŞ, Rusiya və Türkiyənin rolu və s.
istiqamətdə fikir mübadiləsi edilib.
Konfransda mərkəzdə təcrübə keçdikləri 2 ay
ərzində onun işində fəal iştirak edən bir neçə
tələbəyə sertifikatlar təqdim olunub.
Yusif ƏLİYEV |