Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

11 İyun 2010 - ¹22

 

Azərbaycanın ümumi təhsil sahəsində islahatlar

Bookmark and Share

Təbii sərvətlər tükənən dəyərlərdir, ancaq təhsil, bilik, elm əbədi, hər bir ölkənin gücləndirilməsinə töhfə verən amildir.

İlham Əliyev 

Hansı sahədə keçirilməsindən asılı olmayaraq, islahatlar hər bir ölkənin tarixində nəcib niyyətlərin reallaşdırılması ilə bərabər, müxtəlif yanaşmaların, baxış və dünyagörüşlərin antaqonizmi dövrü kimi yadda qalır.

Çox həssas bir proses olan islahatların əsas qayəsi və məqsədi bilavasitə inkişafyönümlülük olsa da, bəzi hallarda uğursuzluqlarla nəticələnməsi real faktdır. Çünki dövrün, zamanın diktəsi ilə yüksək tələblərə islahat pərdəsi arxasından süni şəkildə uyğunlaşmaq meyilləri mövcud olduqca yeniləşmə ideyası yalnız xəyal olaraq qalır.

İslahatlar o zaman uğurlu nəticə verə bilər ki, dövrün tələbindən irəli gəlsin, onların həyata keçirilməsi üçün tarixi şərait yaranmış olsun. İslahatların cəmiyyətdə dayanıqlı  və perspektivli qəbul edilməsi üçün isə ölkədə siyasi iradə, şəffaflıq və demokratiyanın olması da çox mühüm şərtdir.

İslahat aparılan ölkədə qarşıda duran ən vacib vəzifə islahatyönümlü tədbirlərin həyata keçirildiyi sahədə və xüsusilə, bu sahənin nümayəndələrində əvvəllərdən kök salmış köhnə təsəvvürlərin tədricən aradan qaldırılması, eyni zamanda həmin sahədə mövcud inkişaf səviyyəsinin dəqiq müəyyən edilməsi və buna uyğun surətdə perspektivlərin real şərait baxımından optimal proqnozlaşdırılmasıdır.

İslahat həm də iqtisadi inkişafla sıx bağlıdır. Məhz iqtisadi tərəqqi cəmiyyətdə yeni mütərəqqi ideyalar doğurur və bunların reallaşdırılması arzusu islahatların zəruriliyini gündəmə gətirir. Tarixə nəzər salsaq, bu gün beynəlxalq aləmdə qüdrəti ilə fərqlənən dövlətlər islahat hədəfini müəyyən edərkən ilk növbədə təhsil sahəsini seçmişlər. Çünki bütün sahələrdə inkişafın mənbəyi təhsildən başlanır. Bu mənada, Azərbaycan da istisna deyildir. 

Ölkəmizin təhsil sistemində islahatların başlanmasından on ildən artıq bir vaxt keçir. Bu dövr zaman baxımından qısa olsa da, axtarış və tədqiqatlarla, gərgin zəhmət tələb edən səmərəli fəaliyyətlə zəngin olmuşdur. Həmin illəri yenilik soraqlı enişli-yoxuşlu yola bənzətmək daha düzgün olardı. Bu yolun səmti, istiqaməti dünyada mövcud olan mütərəqqi təhsil sistemlərinə yönəlmişdir. Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının iclasındakı nitqində bu məsələni xüsusi açıqlamışdır: "İndi təhsil sistemində islahatların əsas məqsədi ondan ibarətdir ki, Azərbaycanın təhsil sistemi dünya təhsil sisteminin standartlarına uyğunlaşsın. Təbii ki, belə bir şəraitdə Azərbaycan özünün təhsil nailiyyətləri ilə inkişaf etmiş ölkələrin səviyyəsinə çatmaqla daha böyük uğurların sahibi ola bilər".

Müstəqil Azərbaycanın təhsilində islahatların bilavasitə təşəbbüskarı olan ümummilli liderimiz eyni zamanda bu islahatların düşünülmüş şəkildə həyata keçirilməsini, dəb naminə aparılmamasını, yalnız mövcud səviyyədən daha yuxarı səviyyəyə qalxmaq, təhsilin səmərəliliyini artırmaq üçün aparılmasını dəfələrlə vurğulamışdır.

Ölkəmizdə təhsil islahatlarının ölçülüb-biçilmiş, əvvəlcədən düşünülüb müəyyən olunmuş nəticələr üzərində qurulmasını təsdiq edən ən mötəbər tarixi sənəd 1998-ci ildə yaradılmış Dövlət Komissiyası tərəfindən hazırlanaraq 1999-cu il iyunun 15-də ulu öndər Heydər Əliyevin sərəncamı ilə təsdiq olunan "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı"dır. Konseptual əsasını ümummilli liderin ideya və müddəaları təşkil edən, ölkəmizdə 1999-cu ildən başlayaraq növbəti 15 il üçün ümumi təhsilin inkişaf strategiyasını müəyyənləşdirən bu Proqramda islahatların zəruriliyi müasir tələblər baxımından əsaslandırılmış, islahat hədəfləri dəqiqləşdirilmiş və onların mərhələlərlə həyata keçirilməsinin sistemi təsbit olunmuşdur.

Proqrama görə, islahatların ümumi təhsilin ən vacib sahələrində aparılması nəzərdə tutulmuşdur. Bura bazar iqtisadiyyatının tələblərinə cavab verən yeni təhsil sisteminin normativ-hüquqi, iqtisadi, maddi-texniki və informasiya bazasının, kadr, maliyyə təminatının yaradılması, ümumi təhsilin məzmununun yeniləşdirilməsi və digər aktual məsələlər daxil edilmişdi. Bu yazıda isə əsas məqsəd məzmun islahatlarının həyata keçirilməsi sahəsində indiyədək görülən işləri və perspektivləri diqqətə çatdırmaqdır.

Qeyd olunan istiqamətdə planlaşdırılan islahatyönümlü tədbirlərin əsasını İslahat Proqramında irəli sürülən "Demokratikləşdirmə, humanistləşdirmə, inteqrasiya, diferensiallaşdırma, fərdiləşdirmə, humanitarlaşdırma prinsiplərinə əsaslanaraq, təhsil alanın şəxsiyyət kimi formalaşdırılmasını, onun təlim-tərbiyə prosesinin əsas subyektinə çevrilməsini başlıca vəzifə hesab edən, milli zəminə, bəşəri dəyərlərə əsaslanan, bütün qurumların fəaliyyətini təhsilalanın mənafeyinə xidmət etmək məqsədi ətrafında birləşdirən yeni təhsil sisteminin yaradılması" ideyası təşkil etmişdir.

Ümumi təhsilin məzmunu ilə bağlı islahat işlərinin perspektivləri müəyyən olunarkən "Nədən başlamalı" sualı bizi dərindən düşündürürdü. Ulu öndərimizin tövsiyəsi ilə islahatlar, əsasən, Dünya Bankının maliyyə yardımı ilə həyata keçirildiyindən bu təşkilatla da müzakirələrdən sonra ilkin islahat layihəsinin öyrədici xarakterdə müəyyən edilməsi, eləcə də ölkəmizdə ümumi təhsilin mövcud vəziyyəti barədə tədqiqatlar aparıb lazımi təkliflərin hazırlanması qərara alındı.

1999-cu ildən 2003-cü ilədək davam etmiş öyrədici-innovativ mahiyyətli birinci layihə çərçivəsində 20 pilot müəssisəsində keçirilən tədbirlər təhsil işçilərinin maarifləndirilməsi, inkişaf etmiş ölkələrdə tətbiq olunan model və mexanizmlərin öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb etdi. Bu dövrdə təhsil mütəxəssislərimiz müasir kurikulum (təhsil proqramı) nümunələrinin tərtibi, şagird nailiyyətlərinin qiymətləndirilməsi texnologiyaları və qiymətləndirmə növləri, təlim vəsaitləri və qiymətləndirmə vasitələrinin hazırlanması və onların tətbiqi üzrə zəruri bacarıqlar qazandılar. Bütün bu proseslərə nüfuzlu beynəlxalq məsləhətçi şirkəti olan Hollandiyanın "CİTO Qroup" təşkilatı rəhbərlik edirdi.

Ümumi təhsil sahəsində yerli və beynəlxalq ekspertlərin birgə apardıqları tədqiqatların nəticələrində isə Azərbaycandakı mövcud tədris proqramlarının hazırkı tələbləri ödəmədiyi, əsasən fənlər üzərində qurulduğu, bunların təfəkkür və düşüncə tərzini lazımi səviyyədə inkişaf etdirmədiyi, şagirdlərin dərs yükünün ağırlığı, dərsliklərin lüzumsuz materiallarla yükləndiyi, uşaqlarda həyati bacarıqların, tədqiqatçılığın, müstəqilliyin formalaşdırılmasına zəif diqqət yetirildiyi, əzbərçiliyə üstünlük verildiyi və sair bu kimi məsələlər xüsusi vurğulanmışdı.

Birinci Layihə üzrə həyata keçirilən tədbirlər, əlbəttə, bu göstərilənlərlə məhdudlaşmırdı. Həmin dövrdə Azərbaycanın təhsil mütəxəssisləri ulu öndər Heydər Əliyevin "Biz dünyanın bütün ölkələrində - Qərbdə də, Şərqdə də əldə olunmuş nailiyyətləri dərindən öyrənməli və onlardan Azərbaycan üçün müsbət xarakter daşıyan cəhətləri ölkəmizin təhsil sistemində tətbiq etməliyik" tövsiyəsinə uyğun olaraq, inkişaf etmiş dövlətlərin, o cümlədən ABŞ, İngiltərə, İtaliya, Almaniya, Türkiyə, Hollandiya, İsveç, Finlandiya kimi ölkələrin qabaqcıl təcrübəsini öyrənmək imkanı əldə etdilər. Səfər təəssüratları bu dövlətlərin və Azərbaycanın ümumi təhsil sistemlərini müqayisə etməklə müvafiq nəticələr çıxarmağa, xüsusilə də təhsilin məzmun sahəsində islahat istiqamətlərini dəqiqləşdirməyə xeyli müsbət təsir göstərdi.

Göründüyü kimi, ümumi təhsil sistemində islahat ideyası 1997-ci ilin sonlarına təsadüf etsə də, analoji tədbirlər faktiki olaraq başlanana qədər bir neçə hazırlıq mərhələsi keçirilmişdir. Bu dövrü islahatların zəruriliyinə əminlik, yeni pedaqoji yanaşmaların təşəkkülü, innovativ təfəkkürün formalaşması dövrü kimi xarakterizə etmək daha düzgün olardı.

Dünya Bankının ekspertləri tərəfindən birinci Layihənin yekunlarının ciddi monitorinqi keçirilərkən nəticələr yüksək qiymətləndirildiyi üçün növbəti layihənin icrası barədə Azərbaycan hökuməti ilə Dünya Bankı arasında saziş bağlandı. Təhsil Sektorunun İnkişafı Layihəsi (TSİL) adlanan bu layihə, əslində, birinci layihə çərçivəsində yerinə yetirilən tədbirlərin, ilk növbədə, aparılan tədqiqatların, xarici ölkələrdəki təlim və tədris səfərlərinin nəticələri üzərində qurulmuşdu. 2003-2007-ci illəri əhatə edən həmin layihədə idarəetmə, rasionallaşdırma, maliyyələşdirmə sahəsində islahatyönümlü işlərlə yanaşı, ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi ilə onun real tələbatlara uyğunluğunun təmin edilməsi əsas məqsəd kimi qarşıya qoyulmuşdu. Bu məqsədə nail olmaq üçün isə ümumi təhsilin məzmunu, müəllim hazırlığı, dərslik yaradıcılığı üzrə ciddi yeniliklərin həyata keçirilməsi nəzərdə tutulurdu.

Bu gün Azərbaycanın ümumi təhsil sistemində məzmun islahatları "Kurikulum islahatları" adı altında aparılır. "Kurikulum" anlayışı ölkəmizin pedaqoji leksikonuna ötən əsrin 90-cı illərinin axırlarında daxil olmuşdur. Mənaca "yol", "istiqamət" anlamı verən latın mənşəli bu söz hələ eramızdan əvvəl işlədilsə də, hazırkı dövrdə beynəlxalq təhsil termini kimi əksər ölkələrdə qəbul edilir. "Kurikulum" ifadəsinin ölkəmizin təhsil sisteminə gətirilməsi Azərbaycan mütəxəssislərinin ideyası deyildir, bu, Dünya Bankının rəsmi sənədlərində təsbit olunmuşdur. İlk vaxtlar həmin anlayış ciddi mübahisələr, fikir ayrılıqları yaratmış, bu sözün Azərbaycan dilində qarşılığının tapılmasına cəhd göstərilmişdir. Nəticə etibarilə "kurikulum" ifadəsi xeyli müzakirələrdən sonra pedaqoji ictimaiyyətdə qəbul olunsa da, yeni Təhsil Qanununda "təhsil proqramı (kurikulum)" formasında rəsmiləşdirilmişdir.

Şübhəsiz ki, adın hansı formada müəyyən olunması ciddi prinsipiallıq kəsb etmir, əsas məsələ onun mahiyyətinin düzgün izahındadır. Əslində, kurikulum konseptual xarakterli bir sənəddir və bu sənəd özündə təhsil fəaliyyətinin nizamlanmasını təmin edən əsas istiqamətləri əhatə edir. Bura əsasən təlim nəticələri, dövlət təhsil standartları, təlim strategiyaları, qiymətləndirmə modelləri və s. daxildir. Konseptuallığı ilə yanaşı, nəticəyönümlülük, şəxsiyyətyönümlülük, tələbyönümlülük, şagirdyönümlülük, inteqrativlik kurikulumların mahiyyətini şərtləndirən əsas cəhətlərdir. İstər ümumi təlim nəticələri, istərsə də dövlət təhsil standartları, eləcə də təlim strategiyaları və qiymətləndirmə mexanizmləri məhz həmin prinsiplər nəzərə alınmaqla müəyyən olunur. Bu prosesdə daxili bir harmoniya mövcuddur. Belə ki, təlim nəticələri konkret mərhələ üçün təyin edilən məqsədləri, dövlət təhsil standartları həmin məqsədlərin həyata keçirilməsinə istiqamətlənmiş məzmunu, təlim strategiyaları məqsədlərə görə müəyyən edilmiş məzmunun reallaşdırılması yollarını, qiymətləndirmə mexanizmləri isə əldə olunan nailiyyətlərin obyektiv ölçülməsi, dəyərləndirilməsi vasitələrini özündə ehtiva edir.

Təhsil Sektorunun İnkişafı Layihəsinin həyata keçirildiyi dövrdə (2003-2007-ci illər) nəzərdə tutulmuş İcra Planına görə Milli Kurikulum sənədinin və bunun əsasında ümumtəhsil məktəblərinin ibtidai təhsil səviyyəsi üçün fənn kurikulumlarının hazırlanması məqsədilə respublikanın görkəmli alimlərinin rəhbərlik etdikləri tanınmış mütəxəssislərdən, qabaqcıl məktəb rəhbərləri və müəllimlərdən ibarət işçi qrupları yaradılmış, Dünya Bankının prosedur qaydalarına uyğun aparılan tenderdə qalib gəlmiş Hollandiyanın "CİTO Qroup" təşkilatı bu proseslərə məsləhətçi xidmətini icra edən şirkət seçilmişdir. Nəticə etibarilə uzun müzakirələrdən sonra 2006-cı ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi "Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli Kurikulum)" sənədi və 2007-ci ildə təhsil nazirinin əmri ilə təsdiq olunmuş I-IV siniflər üçün fənn kurikulumları dünya təcrübəsinə əsaslanan müasir yanaşmaları əks etdirməklə ölkəmizin ümumi təhsilində əlamətdar hadisəyə çevrildi. Eyni zamanda həmin sənədlərin layihələrinin hazırlanması və ardıcıl müzakirəsi təhsil işçilərinin inkişaf etmiş dövlətlərdəki mütərəqqi ideyalarla, qabaqcıl təcrübə ilə tanış olmalarına, onlarda müasir pedaqoji baxışların formalaşmasına geniş imkanlar açdı.

Müqayisəli təhlillər apardıqca ümumi təhsilin məzmununun müəyyənləşdirilməsinə verilən yeni tələblərin və yanaşmaların üstünlüyü, strateji xarakteri daha qabarıq şəkildə büruzə verilir. Keçmiş sovetlər dönəmində qəbul olunmuş və bu gün də mövcud vəziyyətə görə istifadə edilən ənənəvi modelə nəzər salsaq, məzmun yalnız hər bir fənn üzrə bölmə, bəhs və mövzuları əks etdirən tədris proqramlarının hazırlanması ilə məhdudlaşır. Bu proqramlar əsas etibarilə fənyönümlüdür, həm də bəzi hallarda proqram müəllifləri bir az da "irəli" gedərək fənlə elm sahəsini eyniləşdirdikləri üçün fənnin məzmununa sistemli şəkildə müvafiq elm sahəsinə aid biliklər daxil edilir. Belə olan halda tədris proqramları və onların əsasında yazılan dərsliklər artıq materiallarla yükləndiyindən şagirdlərdə əzbərçilik meyilləri güclənir və bunun əksinə olaraq təfəkkürün inkişafında lənglik əmələ gəlir.

Məzmun sahəsində yeni siyasətə görə isə başlıca diqqət şagirdlərdə idraki bacarıqların, ilk növbədə, təhlil, tətbiq və dəyərləndirmə bacarıqlarının, nitq və ünsiyyət mədəniyyətinin, müstəqil qərar qəbuletmə və tədqiqatçılıq qabiliyyətinin formalaşdırılmasına yönəldilir, verilən biliklərin zəruriliyi, həyatla bağlılığı, bilavasitə inkişafa, dünyagörüşün genişlənməsinə xidmət etməsi ön planda saxlanılır.

Mənimsədiləcək məzmunun nəticəyönümlülük əsasında müəyyən edilməsi heç də təsadüfi xarakter daşımır. Çünki hər hansı bir mərhələdə əldə olunacaq nəticələrin əvvəlcədən aydın təsəvvür olunması həmin nəticələrə doğru aparan yolun dəqiq və optimal müəyyən edilməsində əsas rol oynayır. Məzmunun bilavasitə cəmiyyətin, dövlətin tələbatlarına uyğunluğu, şagirdlərin maraq və təhsil ehtiyaclarının ödənilməsinə, onların istedad və potensial imkanlarının inkişafına yönəldilməsi, təhsilalanlarda şəxsiyyəti şərtləndirən zəruri həyati bacarıqlar və dəyərlər formalaşdırması məhz təlim nəticələrində öz ifadəsini tapır.

Qəbul olunmuş məntiqi ardıcıllığa görə, əvvəlcə hər bir təhsil səviyyəsinin (ibtidai, ümumi orta, tam orta) yekununda şagirdlərin qazanacaqları minimum təhsil nailiyyətləri ümumi təlim nəticələri formasında qruplaşdırılır. Təhsilin hər hansı bir səviyyəsində tədris edilən fənlər üzrə ümumi təlim nəticələri bilavasitə onların əsasında formalaşdırılır və bu nəticələr də öz növbəsində hər sinfin sonuna aid fənlər üzrə nəticələri təyin edir.

Fənlər üzrə ümumi təlim nəticələri, əslində, məzmunu müəyyən edən əsas standartlardır. Bu standartlar fənn kurikulumlarında dövlət tələbi kimi bütün siniflər üçün dəyişməz qalır və alt-standartlar vasitəsilə sinifdən-sinfə inkişaf etdirilir.

Məzmun standartlarının həm mənimsədilməsi zəruri hesab edilən biliklərdən, həm də bu biliklərin mahiyyətinə uyğun olaraq şagirdlərin əldə edəcəkləri bacarıqları ifadə edən fəaliyyətlərdən ibarət olması onların dinamik xarakterini gücləndirən başlıca amildir. Təkcə elə bu fakt müəllimin təlim prosesində rolunu, mövqeyini kökündən dəyişir, "müəllim-şagird" münasibətlərinə yeni keyfiyyət gətirir, təlim metodlarının çevikliyini və intensivliyini, təhsilin keyfiyyətinin idarəolunmasında mühüm əhəmiyyətə malik müasir qiymətləndirmə mexanizmlərinin tətbiqini tələb edir. Fənn kurikulumlarının tətbiq edildiyi 2008-2009-cu dərs ili ərəfəsində və sonrakı ildə I siniflərdə tədrisə cəlb olunan 18 min müəllimin öyrədici təlim kurslarından keçirilməsi, onlara müxtəlif treninqlərin və praktik tədbirlərin təşkil edilməsi məhz həmin tələbdən irəli gəlmişdir.

Ümumi təhsilin məzmununun müasir yanaşmalar üzərində qurulması dərslik yaradıcılığına verilən tələblərə də yeni münasibət formalaşdırmışdır. Müasir dünya təcrübəsini əks etdirən həmin tələblər respublika Nazirlər Kabineti ilə razılaşdırılıb təsdiq edilmiş "Ümumi təhsil sistemində dərslik siyasəti" sənədində ətraflı ifadə olunmuşdur. Bu sənədə uyğun olaraq, dərsliklər müsabiqə yolu ilə komplekt şəklində (dərslik, müəllim üçün metodik vəsait, şagirdlər üçün iş dəftəri) hazırlanır. Bu komplektlər yalnız Təhsil Nazirliyi nəzdində yaradılmış Dərslikləri Qiymətləndirmə Şurasının təqdimatı əsasında təsdiq olunduqdan sonra nəşr edilir. Dərslik komplektlərinin həmin prosedur qaydalar üzrə hazırlanması obyektivlik və şəffaflığın gözlənilməsinə, dərslik yaradıcılığında sağlam rəqabətin təmin edilməsinə və bunun nəticəsində də dərsliklərin hazırlanması sahəsində zəruri səriştə və potensial imkanlara malik təhsil işçilərinin aşkara çıxarılmasına əhəmiyyətli dərəcədə müsbət təsir göstərmişdir.

Bu gün ölkəmizin ümumtəhsil məktəblərinin I və II siniflərində istifadə edilən dərslik komplektləri müvafiq fənn kurikulumlarının əsasında yazılmışdır. Bu komplektlərin başlıca komponenti sayılan həmin dərsliklər fənn kurikulumlarında təsbit olunmuş məzmun standartlarının reallaşdırılmasında mühüm rola malikdir. Aparılan təhlillərin, ibtidai sinif müəllimləri, məktəb rəhbərləri və təhsil mütəxəssislərinin iştirakı ilə keçirilən müzakirələrin nəticələri göstərir ki, ilk təcrübə olsa da, bu dərsliklər ictimaiyyətdə maraq doğurmuş, müsbət qarşılanmışdır.

Təhsil Sektorunun İnkişafı Layihəsi yekunlaşdırıldığı ərəfədə islahatların miqyasının genişləndirilməsi məqsədilə yeni bir layihənin - Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin hazırlanıb həyata keçirilməsi qərarlaşdırıldı. Burada ümumi təhsilin məzmunu sahəsində islahatyönümlü işlərin davam etdirilməsi ilə yanaşı, dövlət başçısının müvafiq sərəncamlarına əsasən təsdiq edilmiş məktəbəqədər təhsilin yeniləşdirilməsi və texniki peşə təhsilinin təkmilləşdirilməsi barədə Dövlət Proqramlarına uyğun olaraq, həmin sahələr üzrə təhsil kurikulumlarının hazırlanması, yeni məzmun islahatlarının məqsəd və mahiyyətinin təbliği ilə əlaqədar ictimaiyyətdə maarifləndirici tədbirlərin gücləndirilməsi nəzərdə tutulur. 2013-cü ilədək reallaşdırılması planlaşdırılan bu işlər hazırda ardıcıl həyata keçirilir.

Bütün bunları diqqətə çatdırarkən bir cəhət də xüsusi vurğulanmalıdır ki, təhsilin məzmununun tələb edilən səviyyədə müəyyənləşdirilməsi heç də təhsilin keyfiyyətinin tam təmin olunması demək deyildir. Bunun üçün lazımi infrastrukturun mövcudluğu ən vacib şərtlərdəndir. Biz təhsil işçiləri dərin iftixar hissi keçiririk ki, Azərbaycan dövlətinin başçısı, möhtərəm Prezident İlham Əliyevin müntəzəm diqqət və qayğısı sayəsində ölkəmizdə müasir standartlara cavab verən yeni məktəblərin tikintisi ilbəil daha geniş vüsət alır, məktəblərin maddi-texniki, tədris bazası ciddi surətdə möhkəmləndirilir. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu sahədəki danılmaz xidmətlərini də xalqımız minnətdarlıq hissi ilə yüksək qiymətləndirir.

Azərbaycan təhsilinin inkişafına belə bir səviyyədə göstərilən diqqət və qayğı ölkəmizin gələcəyi hesab olunan bugünkü uşaq və gənclərin sağlam ruhlu, dövlətçiliyimizə sədaqətli, vətənpərvər şəxsiyyətlər kimi formalaşacağına böyük ümidlər yaratmaqla bərabər, təhsil işçilərinin məsuliyyətini daha da artırır. Bu gün təhsil sahəsi əsl vətəndaşlıq mövqeyi nümayiş etdirilən strateji fəaliyyət meydanıdır. Qəlbində Vətən və millət məhəbbəti olan hər bir təhsil işçisi bu meydanda əzmkarlıqla çalışmalı, təhsilimizin inkişafı naminə hər cür fədakarlığa hazır olmalıdır. 

İsgəndər İSGƏNDƏROV,
təhsil nazirinin müavini,
Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin Milli Əlaqələndiricisi,
əməkdar müəllim
"Azərbaycan" qəzeti N122

 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

11 İyun 2010 - ¹22

Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Nazirlər Kabineti 12 iyun istirahət günü ilə 14 iyun iş gününün yerinin dəyişdirilməsi haqqında qərar qəbul edib
 
Belarus Prezidenti Aleksandr Lukaşenko Bakı Slavyan Universitetində olub
 
Transparency Azerbaijan Təşkilatı Təhsil Nazirliyi "Qaynar xətt" xidmətinin fəaliyyətini yüksək qiymətləndirib
 
Beynəlxalq simpozium
 
Azərbaycan Dillər Universitetində təhsil yarmarkası
 
ATİAHİ-nin yaradılmasının 90 illik yubileyi qeyd olunub
 
Təhsil naziri Cənubi Koreya səfirini qəbul edib
 
Təlim kurslarını təşkil edəcək QHT-lərlə müqavilə imzalanıb
 
"Qlobal minillik prizi" beynəlxalq inşa müsabiqəsinin qalibləri mükafatlandırıldılar 
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycanın ümumi təhsil sahəsində islahatlar
 
"Açıq qapı - İnstitut günü"
 
Tələbə Elmi Cəmiyyətinin XIV konfransı
 
"Yol hərəkəti qaydalarını öyrənirik"
 
O, güclü riyazi təfəkkürə və sönməz həyat eşqinə malik insan idi
 
Müəllimlər "Xalq kompüteri" layihəsi çərçivəsində 7 min 600-dən çox kompüter əldə ediblər
 
Professor Səməd Seyidov "Tələbələrin dostu" və "Onilliyin rektoru" mükafatına layiq görülüb
 
Ağstafada "Müasir texnologiyaların təhsildə tətbiqi" mövzusunda regional konfrans keçirilib
 
Şəbəkə" Xeyriyyə Təşkilatının "son zəng" səfəri
 
Yaradıcı axtarışlara xüsusi önəm verən müəllim
 
"İngiltərədə olmaq hər bir ingilis dili müəllimi kimi mənim də çoxdankı arzum idi"
 
Qafqaz Universitetində beynəlxalq konfrans keçirilib
 
Qax məktəbinin "Ekologiya ili"nə töhfəsi
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Təhsil ocağının 18 illiyi qeyd edildi
 
Həmyerlilərimiz Beynəlxalq Şahmat turnirində uğurla çıxış etmişlər
 
Dünya universitetləri: Berkli Kaliforniya Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov