May ayının sonlarında Türkiyə Cümhuriyyətinin 19
mayıs Samsun Universitetində beynəlxalq
simpozium keçirilmişdir. Simpozium torpaq və su
üzrə regionlarda təbii ehtiyatların səmərəli
istifadəsinə və onların idarə olunmasına həsr
edilmişdir.
Simpoziumda dünyanın 37 ölkəsindən 250-dən çox
tədqiqatçı mütəxəssis və alim iştirak etmişdir.
Simpoziumda ölkəmizi Azərbaycan Milli Elmlər
Akademiyasının müvafiq institutlarının, Naxçıvan
Dövlət Universitetinin əməkdaşlarından ibarət 12
nəfərlik elmi heyət təmsil etmişdir. Burada
oxunan məruzələrdə Yer kürəsində baş verən iqlim
dəyişmələri, torpaq və su ehtiyatlarından
istifadənin elmi əsaslarla idarə edilməsi əsas
mövzu kimi geniş şəkildə müzakirə edilmişdir.
Simpoziumun iştirakçıları 19 mayıs Samsun
Universitetinin laboratoriyalarında və tədqiqat
aparılan sahələrində olmuş, universitet
əməkdaşlarının elmi nailiyyətləri haqqında
məlumat əldə etmişlər. Simpozium ingilis dilində
keçirilmiş, burada 360-a qədər məruzə qeydə
alınmış, onların bir qismi üç bölmədə üç gün
ərzində dinlənilmiş, bir qismi isə poster
variantında təmaslı müsahibə şəklində təqdim
edilmişdir.
Simpoziumda azərbaycanlı alimlərdən AMEA-nın
müxbir üzvü, professor Məhərrəm Babayevin, kənd
təsərrüfatı elmləri namizədləri Qurban Əzizov,
Mustafa Mustafayev və Nailə Orucovanın, aspirant
Ramin Osmanovun məruzələri maraqla
qarşılanmışdır. Naxçıvan Dövlət Universitetinin
ÜTF və Ekologiya kafedrasının müdiri, kənd
təsərrüfatı elmləri doktoru, professor Əlövsət
Quliyev "Naxçıvan Muxtar Respublikasının
torpaqlarının ekomeliorativ qiymətləndirilməsi"
mövzusunda məruzə etmişdir.
Simpoziumda iştirak edən alimlərin məruzələri
çap edilərək elektron variantda İnternet
saytında yerləşdirilmişdir.
Naxçıvan Dövlət Universitetinin nümayəndəsi,
kənd təsərrüfatı elmləri doktoru, professor
Əlövsət Quliyev bildirmişdir ki, simpozium
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev tərəfindən 2010-cu ilin "Ekologiya
ili" elan olunduğu bir dövrdə milli ekologiyanın,
yeraltı və yerüstü təbii sərvətlərin qorunması
məqsədilə mühüm elmi tədqiqatların aparılması,
bu sahədə beynəlxalq əməkdaşlığın inkişafı
istiqamətində əhəmiyyətli rol oynayacaq.
Mehriban SULTAN |