Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir
filialında 2009-2010-cu tədris ilinin yay
imtahan sessiyasının başlanması ilə əlaqədar "Açıq
qapı - İnstitut günü" keçirilib.
Filialda imtahan sessiyasının gedişini izləmək
istəyən bütün valideynlər, mətbuat işçiləri "Açıq
qapı - İnstitut günü"nə dəvət olunmuşdular.
Tədbirdə habelə, ali təhsil almaq istəyən
övladlarına düzgün ixtisas seçimi etməkdə
yardımçı olmaq məqsədi ilə cari ildə orta
məktəbi bitirən gənclərin valideynləri də
iştirak edirdilər.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər
Əliyevin filialda ucaldılan büstü önünə tər
çiçək dəstələri qoydular.
"Açıq qapı - İnstitut günü"nün iştirakçılarını
salamlayan filialın direktoru, professor Orucəli
Rzayev filialda son illər görülmüş işlərdən,
təhsildə qazanılmış nailiyyətlərdən danışdı.
Direktor bildirdi ki, ölkə Prezidenti, möhtərəm
İlham Əliyev cənablarının sərəncamı ilə bu
tədris ilində filialın tədris şöbəsinin müdiri
Vahid Quliyev "Tərəqqi" medalı ilə təltif olunub,
dosent Namaz Manafov təhsil nazirinin əmri ilə "Qabaqcıl
təhsil işçisi" döş nişanına, dosent Zenfira
Əzizova isə nazirliyin Fəxri fərmanına layiq
görülüb.
Filialın ixtisasları haqqında məlumat verən
professor Orucəli Rzayev qeyd etdi ki, bu gün
Azərbaycan Müəllimlər İnstitutu və onun
filiallarında təhsil Boloniya prosesinin, kredit
sisteminin tələblərinə uyğun qurulur.
Filialda yay imtahan sessiyasının mütəşəkkil
keçirilməsi üçün ciddi hazırlıq işləri aparılıb,
imtahan sənədləri, cədvəllər vaxtında hazırlanıb,
tələbələrin mühazirə və seminarlardan
topladıqları ballar vaxtında hesablanıb,
tələbələrin və valideynlərin tanış olması üçün "imtahan
güşəsi" yaradılıb. İmtahanların gedişini izləmək,
bu işə daha yaxşı nəzarət etmək məqsədi ilə
auditoriyalarda videokameralar quraşdırılıb.
Pedaqoji fakültənin dekanı, dosent Namaz Manafov
yay imtahan sessiyasının yüksək səviyyədə
aparılması üçün fakültədə görülmüş işlərdən
danışdı.
Filial kitabxanasının müdiri Solmaz Əliyeva
çıxışında hazırda filial kitabxanasının zəngin
kitab fondu olduğunu, kitabların elektron
kataloqunun yaradıldığını bildirib, müəllim və
tələbələrə İnternet xidməti göstərildiyini qeyd
etdi.
Filial valideyn komitəsinin sədri Çingiz Bağırov,
valideynlər Mustafa Muradov, Eldar Ömərov,
Vidadi Əliyev, filialın əlaçı tələbələri Leyla
Məmmədova, Günel Əzimova, Kəmalə Abbasova və
başqaları "Açıq qapı - İnstitut günü"nün
təşkilinə görə filial rəhbərliyinə
minnətdarlıqlarını bildirdilər.
Sonda "Açıq qapı - İnstitut günü" iştirakçıları
filialın dekanlıqları, kafedraları ilə tanış
oldular, kompüter mərkəzinə, mühazirə
auditoriyalarına, filialın kitabxanasına və
tələbə yeməkxanasına baxdılar.
Namaz MANAFOV,
pedaqoji fakültənin dekanı, dosent |