Mayın 26-da Azərbaycan Dillər Universitetinə (ADU)
universitet statusu verilməsinin 10 illiyinə və
28 May Respublika gününə həsr olunmuş tədbirdə
millət vəkilləri Məlahət Həsənova, Asim
Mollazadə, Bəxtiyar Əliyev, Sabir Hacıyev
iştirak ediblər.
ADU-ya universitet statusu verilməsi haqqında
ümummilli lider Heydər Əliyevin sərəncamı
xatırladılıb, universitet həyatının keçmişini və
müasir dövrünü əks etdirən slayd nümayiş olunub.
ADU-nun rektoru, millət vəkili, professor Səməd
Seyidov çıxışında bildirib ki, ADU ölkəmizin
beynəlxalq aləmdə təbliğində və tanıdılmasında
üzərinə götürdüyü vacib və mühüm bir missiyanı
uğurla həyata keçirir. Əcnəbi dillərin
sivilizasiyalar arasında dialoqun qurulmasında
önəmli rol oynadığından danışan ADU-nun rektoru
təhsil ocağının bu sahədə 10 il ərzində böyük
uğurlara imza atdığını tədbir iştirakçılarının
diqqətinə çatdırıb. Professor S.Seyidov
universitetdə 12 Dil Mərkəzi yaradıldığını,
ölkələr arasında əlaqələrin qurulmasında,
dialoqun yaradılmasında və mədəniyyətlərin
inteqrasiyasında mühüm əhəmiyyətə malik olduğunu
bildirib.
Daha sonra rektor ümummilli lider Heydər
Əliyevin anadan olmasının 87-ci ildönümü
münasibətilə keçirilmiş festivalda qalib gəlmiş
tələbələrə mükafatlar təqdim edərək onlara
uğurlar arzulayıb.
Millət vəkilləri Məlahət Həsənova və Asim
Mollazadə ADU-nun son 10 il ərzindəki
fəaliyyətini yüksək qiymətləndirərək, ADU-nun
ölkəmizdə Boloniya prosesinə qoşulan ilk ali
təhsil ocağı olduğunu, yüksək ixtisaslı kadrlar
hazırlamaqla yanaşı ölkəmizin ictimai həyatında
da önəmli rol oynadığını qeyd ediblər.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı
İctimai Birliyinin sədri, ADU-nun tələbəsi,
həmçinin ADU-nun Tələbə Gənclər Təşkilatının
sədri Şahin İsmayılov çıxış edərək bütün
tələbələr adından universitetin rektoru,
professor Səməd Seyidova tələbələrə göstərdiyi
yüksək qayğıya, onların istedadlarının üzə
çıxarılmasına və xarici əlaqələrin qurulmasına
yaxından dəstək verdiyinə görə Tələbə Gənclər
Təşkilatının təsis etdiyi "Tələbələrin dostu",
Tələbə Həmkarlar Təşkilatının təsis etdiyi "Onilliyin
rektoru" mükafatını təqdim edib.
Daha sonra tədbir iştirakçıları ADU-nun xor
kollektivinin, rəqs qruplarının çıxışını,
tələbələrin ifasında musiqi və şeir parçalarını
da dinləyiblər.
Şakir CƏFƏROV |