Bu
günlərdə ali təhsil ocaqlarında dəmiryolçu
ixtisasına yiyələnmək istəyən müdavimlər üçün
yeni dərs vəsaiti - "Dəmiryol nəqliyyatı və
təsərrüfatı mühəndisliyi ixtisası üzrə suallar -
cavablar və özünü yoxlama testləri" işıq üzü
görüb. Ktabın müəllifləri "Azərbaycan Dəmir
Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədr
müavini, respublikanın əməkdar mühəndisi,
texnika elmləri namizədi Qurban Nəzirov və
Azərbaycan Texniki Universitetinin professoru,
texnika elmləri doktoru Səyavuş Bağırovdur.
Kitab ali təhsilin bakalavr və magistr pillələri
üçün "Dəmir yolu ümumi kurs" fənnindən əlavə
vəsait kimi çap olunub. Dərsliyin elmi redaktoru
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar
Cəmiyyətinin sədri A.Əsgərov, rəyçilər
Azərbaycan Texniki Universitetinin dosenti
R.Məmmədov və "Azərbaycan Dəmir Yolları" QSC-nin
baş mütəxəssisi H.Quliyevdir.
Kitabda dəmiryolu nəqliyyatı və təsərrüfatı
mühəndisliyi ixtisası üzrə suallar və cavablar
öz əksini tapıb. Testlər müvafiq olaraq "Daşıma
proseslərinin idarəetmə", "Lokomotiv və
lokomotiv təsərrüfatı", "Yol təsərrüfatı və onun
istismarı", "Dəmiryolunun elektrik təchizatı və
elektromexaniki sistemləri", "İşarəvermə və
rabitə sistemləri", "Vaqon təsərrüfatı",
"Sərnişin daşıma təsərrüfatı", "Dəmiryolu
nəqliyyatında texniki qurğular və tikililər",
"Dəmiryollarının təhlükəsizliyi" bölmələrində
verilib.
Dərsliyin sonuncu bölməsi "Dəmiryolu nəqliyyatı
üzrə ümumi yoxlama Testləri" adlanır. Bu testlər
çox dolğun və əhatəlidir. Burada ümumilikdə
dünyada dəmiryolu nəqliyyatının yaranma
tarixindən tutmuş, bugünkü texniki yeniliklərə
qədər bütün sahələr əhatə olunub və ayrıca
cədvəldə testlərin düzgün cavabları verilib.
"Nurlan" nəşriyyat-poliqrafiya müəssisəsində
nəfis tərtibatla çap olunan kitab Azərbaycan
Respublikası Təhsil Nazirliyinin 6 iyul 2010-cu
il tarixli 1005 saylı əmri ilə dərs vəsaiti kimi
təsdiq edilmişdir.
Vasif SÜLEYMAN,
"Azərbaycan dəmiryolçusu" qəzetinin redaktoru |