Bakıdakı Milli Qəhrəman E.Tağızadə adına 164
nömrəli orta məktəbdə istedadlı uşaq və
gənclərin aşkara çıxarılması, onların potensial
imkanlarının inkişaf etdirilməsi məqsədilə
tez-tez maraqlı tədbirlər təşkil olunur. Bu
baxımdan, məktəbdə istedadlı uşaqları ətrafına
toplayan "Kimlik" şagird studiyasının keçirdiyi
"Mən Azərbaycan türküyəm", "And içirəm", "Xatun"
adlı tədbirlər məktəbin müəllim və şagird
kollektivi tərəfindən maraqla qarşılanıb. Bu
günlərdə məktəbdə "Elmin açarını bəxş edən
məkan" adlı mərasim keçirildi. Mərasimin
məramından söz açan dil-ədəbiyyat müəllimi
Şəhla Gündüz təhsil tariximizdən, milli
dünyagörüşümüzün əsasını qoyan maarifçilərdən,
dərslik mədəniyyətinin ilk nümunəsi olan "Vətən
dili" kitabının ərsəyə gəlməsində rolu olan
şəxslərin - A.Q.Çernyayevski, S.Vəlibəyov,
F.Köçərli, H.Qaradağskinin xidmətlərindən
danışdı. Sonra o, Azərbaycanın ilk maarifçi
qadınlarının təhsil tariximizdəki rolundan söz
açdı. S.Əfəndizadə, Ş.Axundzadə,
R.Hacıbababəyova kimi xalqını, vətənini dərin
məhəbbətlə sevən maarifçi xanımlardan,
H.Məmmədquluzadə-Cavanşirin evində öz vəsaiti
hesabına məktəb açmasını fəxrlə vurğuladı.
Tədbirdə ümummilli lider Heydər Əliyevin
müəllimlik peşəsi ilə bağlı müdrik fikirləri,
kəlamları səsləndirildi... Şagirdlərin ifasında
"Salam məktəb", "Məktəb illəri", "Müəllim ömrü"
mahnıları və maarifçi şairlərimizdən
M.Ə.Sabirin, M.Müşfiqin və b. şeirləri səsləndi,
səhnəciklər nümayiş olundu.
Sonda mərasimdən məmnun qaldığını bildirən
məktəbin direktoru Kəmalə Qədirova belə
tədbirlərin keçirilməsinin vacibliyini söylədi
və onların şagirdlərin şəxsiyyət kimi
formalaşmasında, təlim-tərbiyəsində mühüm rol
oynadığını vurğuladı.
Sifai SƏFƏROVA |