Noyabrın 10-da Bakıdakı 100 nömrəli orta
məktəbin akt zalında görkəmli kimyaçı alim,
AMEA-nın müxbir üzvü, professor Vaqif Abbasovla
görüş keçirildi.
Tədbiri
giriş sözü ilə məktəbin direktoru Gülnarə
Məmmədova açaraq Vaqif müəllimlə görüşün
pedaqoji kollektiv və şagirdlər üçün
əhəmiyyətindən danışdı. Tədbir iştirakçılarını
Dövlət Bayrağı və Konstitusiya günü
münasibətilə təbrik etdi.
Tədbirdə iştirak edən İçtimai Televiziyanın
yayım şurasının sədri Cahangir Məmmədli, millət
vəkilləri Qənirə Paşayeva, Rafael Cəbrayılov,
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının
müavini Eldar Ağayev, Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin məsləhətçisi Simuzər Əliyeva və
digər qonaqlar çıxışlarında görkəmli alimin
elmimizin, təhsilimizin inkişafı sahəsindəki
xidmətlərindən danışdılar.
Tanınmış müğənni Tünzalə Ağayevanın təqdimatında
"Mən fəxr edirəm ki, azərbaycanlıyam" və "Biz
gəlirik" mahnıları tədbir iştirakçıları
tərəfindən hərarətlə qarşılandı.
Məktəbin şagirdləri Fatimə Səmədova, Əhməd
Babayev, Rüfət Cümalı Vaqif Abbasovun
şeirlərindən parçalar söylədilər.
Tədbirin sonunda qonaqlar professor Vaqif
Abbasovla xatirə şəkli çəkdirdilər.
Rəşad ZİYADOV |