| 
								
								Noyabrın 9-11-də Bakıda  "İnnovasiya, təhsilin 
								keyfiyyəti və inkişaf" mövzusunda I Beynəlxalq 
								elmi konfrans keçirildi. Əsas təşkilatçıları 
								Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı 
								Pedaqoji Kadrların İxtisasartırma və 
								Yenidənhazırlanma İnstitutu olan   beynəlxalq 
								elmi  konfransın işində Azərbaycan, Belarus, 
								Ukrayna, Rusiya, Qazaxıstan, Fransa və 
								Latviyanın müvafiq ali məktəblərinin rəhbərləri 
								və mütəxəssisləri iştirak edirdilər. 
								
								 Noyabrın 
								10-da konfrans iştirakçıları öncə Fəxri xiyabana 
								gələrək ümummilli lider Heydər Əliyevin 
								xatirəsini yad edib, məzarı önünə gül dəstəsi 
								qoydular. 
								
								Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım 
								Əliyevanın da məzarı ziyarət olundu.  Tədbir 
								iştirakçıları daha sonra Şəhidlər xiyabanına 
								gedərək Azərbaycanın azadlığı və suverenliyi 
								uğrunda mübarizədə canlarından keçmiş Vətən 
								övladlarının məzarları üzərinə qərənfillər 
								düzdülər, "Əbədi məşəl" kompleksini ziyarət 
								etdilər. 
								
								Beynəlxalq konfransın işində iştirak edən 
								qonaqlar əsaslı təmir, yenidənqurma işlərindən 
								sonra bu yaxınlarda istifadəyə verilmiş 132-134 
								nömrəli təhsil kompleksi ilə tanış oldular. 
								Təhsil kompleksini gəzən konfrans iştirakçıları 
								burada  fəaliyyət göstərən Heydər Əliyev muzeyi 
								və Tarix muzeyində oldular. Qonaqlar təhsil 
								kompleksində müəllim və şagirdlər üçün yaradılan 
								şəraiti yüksək qiymətləndirdilər. 
								
								Sonra Təhsil Nazirliyində "İnnovasiya, təhsilin 
								keyfiyyəti və inkişaf" mövzusunda I Beynəlxalq 
								elmi konfransın plenar  iclası oldu. 
								
								Açılış mərasimində Azərbaycan Respublikasının 
								təhsil naziri Misir Mərdanov konfrans 
								iştirakçılarını salamlayaraq qonaqları Təhsil 
								Nazirliyində görməsindən məmnunluq hissi 
								keçirdiyini bildirdi. Nazir belə bir mövzuda 
								konfransın keçirilməsinin tərəflər  üçün mühüm 
								əhəmiyyət kəsb etdiyini söylədi. 
								
								 Nazir sonra  qonaqlara Azərbaycanın təhsil 
								sistemi, bu sahədə aparılan islahatlar, tətbiq 
								olunan yeniliklər  barədə ətraflı məlumat verdi. 
								Qeyd olundu ki, 1991-ci ildə Azərbaycan öz 
								müstəqilliyini əldə etdikdən sonra ölkənin 
								sosial-iqtisadi həyatında, dövlət-siyasi 
								quruluşunda köklü dəyişikliklər təhsildə 
								islahatların aparılmasını zəruri etmişdir.
								 
								
								Ölkəmizin bütün sahələrdə uğurlu inkişafından 
								söz açan nazir xalqımızın ən ağrılı problemi 
								olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ 
								münaqişəsinə də toxundu. Həmin konflikt 
								nəticəsində ərazimizin 20 faizindən çoxunun 
								itirildiyi, 1 milyondan çox azərbaycanlının  
								qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü, bu 
								hadisələrdə Azərbaycan təhsili sisteminə böyük 
								ziyan dəydiyi diqqətə çatdırıldı. Təkcə onu 
								söyləmək kifayətdir ki, Ermənistan hərbi 
								birləşmələri tərəfindən işğal edilmiş Azərbaycan 
								ərazilərində 800-ə qədər təhsil müəssisəsi 
								qalıb. Təxmini hesablamalara görə Azərbaycana 
								Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizə 
								60 milyard ABŞ dollarına yaxın ziyan dəyib. 
								Təbii ki, bütün bu faktorlar ölkəmizdə 
								iqtisadiyyatın, mədəniyyətin, elmin və təhsilin 
								inkişafına mənfi təsir göstərmişdir. Məhz ulu 
								öndərimiz, dahi şəxsiyyət Heydər Əliyevin 
								hakimiyyətə gəlişindən sonra ölkəmizin 
								iqtisadiyyatında  və digər sahələrində dinamik 
								inkişaf illəri başladı.  
								
								Təhsil naziri qeyd etdi ki, ölkə başçısı cənab 
								İlham Əliyevin məqsədyönlu daxili və xarici 
								siyasəti nəticəsində bu gün müstəqil 
								Azərbaycanın bütün sahələri intensiv inkişaf 
								etməkdədir. Təkcə onu demək kifayətdir ki, 
								2009-cu ilin yekunlarına görə Azərbaycan dünya 
								miqyasında ən sürətlə inkişaf edən ölkələr 
								sırasındadır. Dünya İqtisadi Forumunun 
								hesabatında Azərbaycan rəqabət 
								qabiliyyətliliyinə görə MDB ölkələri arasında 
								birinci yerdədir. Nazir müstəqillik illərində 
								Azərbaycanda təhsil sektorunun bütün sahələrində 
								davamlı islahatların aparılmasına başlanıldığını 
								söylədi. Verilən məlumatdan aydın oldu ki, ötən 
								illər ərzində təhsil sisteminin normativ-hüquqi 
								bazası tamamilə dəyişmiş, onun maddi-texniki 
								bazası güclənmiş, təhsiln məzmununun 
								yaxşılaşdırılması, keyfiyyətinin yüksəldilməsi 
								və digər məsələlərlə bağlı mühüm tədbirlər 
								həyata keçirilmişdir. 
								
								Son illərin ən uğurlu nəticələrinin məktəb 
								binalarının tikintisi ilə bağlı  olduğunu 
								söyləyən təhsil naziri  ölkə başçısı cənab İlham 
								Əliyevin diqqət və qayğısı nəticəsində ölkədə 
								iki mindən çox məktəbin tikildiyini və əsaslı 
								təmir olunduğunu bildirdi. Ölkəmizdə təhsilin ən 
								prioritet sahələrdən biri olduğunu qeyd edən, 
								orta məktəblərin infrastrukturunun  
								yeniləşdirilməsi istiqamətində Heydər Əliyev 
								Fondunun gördüyü işləri yüksək dəyərləndirən 
								nazir Misir Mərdanov bunlar haqqında qonaqlara 
								ətraflı söz açdı. Heydər Əliyev Fondunun 
								prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı 
								səfiri Mehriban xanım Əliyevanın təhsil 
								sahəsindəki misilsiz xidmətlərini  qonaqların 
								diqqətinə çatdırdı. 
								
								Təhsil naziri daha sonra dərsliklərin 
								keyfiyyətinin yaxşılaşdırılması, şagirdlərin 
								bütün dərsliklərlə pulsuz təminatı, təhsil 
								sisteminin informasiyalaşdırılması sahəsində 
								görülmüş işlər və əldə olunan müsbət nəticələr,  
								təhsil sahəsində tətbiq edilən yeni 
								qiymətləndirmə sistemi barədə danışdı, ölkəmizdə 
								şagird nailiyyətlərinin qiymətləndirilməsi 
								sahəsində yeni mexanizmlərin tətbiq olunduğunu 
								bildirdi. Qeyd olundu ki, artıq ümumtəhsil 
								məktəblərinin XI sinifləri ilə yanaşı,  IX 
								siniflərdə də buraxılış imtahanları 
								mərkəzləşdirilmiş qaydada keçirilir. 
								
								Nazir cəmiyyətin ahəngdar inkişafında, onun 
								intellektual potensialının formalaşdırılmasında, 
								maddi sərvətlərin insan kapitalına çevrilməsində 
								ali təhsilin müstəsna əhəmiyyət kəsb etməsinin 
								danılmaz olduğunu qeyd etdi. Təhsil naziri 
								bildirdi ki, təhsil sahəsi üçün müəllim 
								kadrlarının hazırlanmasının, pedaqoji sahədə 
								elmi tədqiqatların aparılmasının bütün ağırlığı 
								da ali təhsilin üzərindədir. Qeyd edildi ki,  
								ali təhsil müəssisələrinin maddi-texniki 
								bazasının möhkəmləndirilməsi və infrastrukturun 
								yeniləşdirilməsi istiqamətində əhəmiyyətli 
								addımlar atılıb.  
								
								1993-cü ildən ikisəviyyəli mütəxəssis 
								hazırlığına (bakalavr, magistr) başlanılmış, hər 
								bir pillə üzrə mütəxəssis hazırlığını 
								tənzimləyən çoxlu sayda normativ sənədlər, 
								dövlət  təhsil standartları hazırlanmış və 
								tətbiq olunmuş, pedaqoji kadr hazırlığında 
								əhəmiyyətli dəyişikliklər edilmişdir. 2007-ci 
								ildən ali məktəblərdə tədris prosesi kredit 
								sistemi əsasında təşkil olunur. "Təhsil 
								haqqında" yeni qanuna müvafiq olaraq 
								çoxsəviyyəli mütəxəssis (bakalavr, magistr, 
								doktor) hazırlığı tətbiq olunur. 
								
								Nazir təhsilin elmsiz, elmin təhsilsiz inkişaf 
								edə bilmədiyini deyərək, bu iki strateji sahənin 
								bir-biri üçün tədqiqat və tətbiq obyekti 
								olduğunu dedi.  Ali məktəblərimizdəki 
								elmi-tədqiqat laboratoriyaları, ölkəmizdə 
								fəaliyyət göstərən elmi-tədqiqat müəssisələri 
								haqqında danışan nazir Misir Mərdanov müxtəlif 
								elmi dərəcələr almış alimlərimizin, həmçinin 
								respublikamızda fəaliyyət göstərən dövlət və 
								qeyri-dövlət ali təhsil müəssisələrinin sayı ilə 
								bağlı statistik rəqəmləri konfrans 
								iştirakçılarının diqqətinə çatdırdı.  
								
								Nazir daha sonra ali təhsildə yeni maliyyələşmə 
								mexanizminin tətbiqindən bəhs etdi. Çıxışında 
								ölkəmizdə müəllim hazırlığı, pedaqoji kadrların 
								hazırlıq səviyyəsi, onların peşəkarlıq və 
								bacarıqlarına yenidən baxılması məsələlərinin 
								diqqətdə saxlanıldığını söyləyən təhsil naziri, 
								həmin istiqamətdə görülən işlərdən ətraflı söz 
								açdı. Respublikamızda həyata keçirilən "Ən yaxşı 
								ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" 
								müsabiqələri barədə də qonaqları  
								məlumatlandıran nazir bu müsabiqələrin ölkəmizdə 
								yüksək biliyə və bacarığa, yaradıcılığa malik 
								müəllimlərin və nümunəvi məktəblərin üzə 
								çıxarılmasında,  tanınmasında əhəmiyyətli rol 
								oynadığını bildirdi. 
								
								Ölkə başçısı cənab İlham Əliyev tərəfindən 
								təhsilə xüsusi diqqət və qayğı göstərildiyini 
								deyən nazir təhsilə ayrılan büdcə vəsaitinin, 
								onun inkişafına yönəlmiş xərclərin ilbəil 
								artdığını qeyd etdi. O da  bildirildi ki, 
								ölkəmizdə təhsillə bağlı 16 Dövlət Proqramı 
								həyata keçirilir. 
								
								Nazir bir sıra ölkələrin təhsil nazirlikləri ilə 
								əməkdaşlıq edildiyini bildirdi. Son illər ali 
								məktəblərimizin bir çox ölkələrin ali məktəbləri 
								ilə təcrübə mübadiləsi aparmalarını, birgə işlər 
								həyata keçirmələrini müsbət dəyərləndirən nazir, 
								bugünkü beynəlxalq konfransın da növbəti belə 
								uğurlu tədbirlərdən biri olduğunu vurğuladı. 
								Nazir Bakı Pedaqoji Kadrların İxtisasartırma və 
								Yenidənhazırlanma İnstitutunda pedaqoji 
								kadrların ixtisasının artırılması və 
								yenidənhazırlanması ilə bağlı görülən  işlərdən 
								razılıq hissi ilə danışaraq son illər burada 
								ixtisasartırma təhsili sistemində dünya 
								təcrübəsinə uyğun olaraq keyfiyyət 
								dəyişikliklərinin  aparılması istiqamətində 
								müəyyən tədbirlərin həyata keçirildiyini 
								söylədi.Təhsil naziri  müəllim hazırlığı, 
								pedaqoji kadrların ixtisasının artırılması ilə 
								məşğul olan digər ali təhsil müəssisələrində də 
								mühüm addımlar atıldığını  bildirdi. 
								
								Nazir Misir Mərdanov çıxışının sonunda 
								beynəlxalq elmi  konfransın Azərbaycanın təhsil 
								müəssisələri ilə yaxından tanış olmaq, həmçinin 
								ölkələrimizin təhsil sahəsində əldə etdikləri 
								təcrübəni öyrənmək, əməkdaşlıq  əlaqələrini 
								genişləndirmək, dünya təhsil sisteminə 
								inteqrasiya olunmaq baxımından əhəmiyyətli rol 
								oynadığını deyərək  konfransın işinə uğurlar 
								arzuladı. 
								
								Çıxış üçün söz alan Azərbaycan Dillər 
								Universitetinin rektoru, professor Səməd 
								Seyidov, Minsk Vilayəti  İcraiyyə Komitəsinin 
								təhsil idarəsinin rəis müavini Lyudmila Males, 
								beynəlxalq elmi  konfransın həmsədrlərindən biri 
								olan Minsk Vilayət Təhsilin İnkişafı 
								İnstitutunun  rektoru, dosent Svetlana 
								Sitnikova, Azərbaycan Müəllimlər İnstitutunun 
								rektoru, professor Aqiyə Naxçıvanlı,  Belarus 
								Diplomdansonrakı Təhsil Akademiyasının rektoru, 
								professor Oleq Tavgen beynəlxalq konfransın 
								aktual  mövzuya həsr olunduğunu, müzakirələr 
								zamanı söyləniləcək fikirlərin tərəflər  üçün 
								maraqlı olacağını və nəticə etibarı ilə bütün 
								bunların iştirakçı ölkələrdə təhsilin 
								keyfiyyətinin yüksəldilməsində əhəmiyyətli rol 
								oynayacağına əmin olduqlarını bildirdilər. 
								
								Bakı Pedaqoji Kadrların İxtisasartırma və 
								Yenidənhazırlanma İnstitutunun rektoru, 
								professor Asəf Zamanov  çıxış edərək, ilk 
								növbədə, belə bir tədbirin keçirilməsinə imkan 
								və şərait yaratdığına  görə təhsil naziri Misir 
								Mərdanova,  tədbirin təşkilatçılarından olan 
								Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar 
								İttifaqı Respublika Komitəsinin rəhbərliyinə 
								təşəkkürünü bildirdi. 
								
								Azərbaycan hökuməti tərəfindən təsdiq olunmuş 
								müəllim hazırlığı sisteminin 
								təkmilləşdirilməsinə, onun tələb olunan 
								səviyyəyə yüksəldilməsinə  yönəlmiş "Fasiləsiz 
								pedaqoji təhsil və müəllim hazırlığının 
								Konsepsiya və Strategiyası" sənədinin 
								əhəmiyyətindən söz açan rektor A.Zamanov həmin 
								sənəddə fasiləsiz təhsilin vacib komponentləri 
								hesab edilən ixtisasartırma və yenidənhazırlanma 
								təhsilinin müasir tələblər səviyyəsində həyata 
								keçirilməsi istiqamətlərinin, icra mexanizmləri 
								və perspektivlərinin öz əksini tapdığını 
								söylədi. Professor bununla bağlı rəhbərlik 
								etdiyi institutda görülən işlərdən, pedaqoji 
								kadrların fasiləsiz hazırlanması prosesində 
								innovasiyaların tətbiqi məsələlərindən söz açdı. 
								Çıxışının sonunda beynəlxalq konfransın işində 
								iştirak elən Belarus, Ukrayna, Rusiya, 
								Qazaxıstan, Fransa və Latviyadan gəlmiş təhsil 
								işçilərinə minnətdarlığını bildirdi.  
								
								Rusiyanın "İvanovsk vilayəti təhsilin inkişafı" 
								muxtar müəssisənin rektoru, dosent Marina 
								Dmitriyeva rəhbərlik etdiyi təhsil müəssisəsi 
								ilə bağlı məruzə-təqdimatla çıxış etdi. 
								
								Plenar iclası təhsil naziri yekunlaşdıraraq 
								təhsil işçilərinə müvəffəqiyyətlər arzuladı. 
								
								Sonda təhsil naziri Misir Mərdanov konfrans 
								iştirakçılarına müvafiq sertifikatlar təqdim 
								etdi. 
								
								Beynəlxalq konfransda Belarus, Qazaxıstan, 
								Latviya respublikalarının ölkəmizdəki səfirləri, 
								həmçinin Fransanın ölkəmizdəki səfirliyinin 
								nümayəndəsi iştirak edirdilər. 
								
								Plenar iclas başa çatdıqdan sonra beynəlxalq 
								elmi  konfrans öz işini Bakı Pedaqoji Kadrların 
								İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda 
								keçirilən bölmələrdə davam etdirdi. "İnnovasiya 
								və təhsilin keyfiyyəti"; "Ənənələr və 
								innovasiyalar: reallıqlar və perspektivlər"; 
								"Təhsilin keyfiyyətinin qiymətləndirilməsinin 
								metodologiyası və texnologiyası"; "Təhsilin 
								keyfiyyətinin modernləşdirilməsinin psixoloji və 
								sosial-iqtisadi aspektləri"; "Tədrisin müasir 
								problemləri" adları altında keçirilən bölmə 
								iclaslarında 100-dən artıq məruzə dinlənildi. 
								
								 Geniş diskussiya və işgüzarlıq şəraitində keçən 
								I Beynəlxalq elmi  konfrans noyabrın 11-də başa 
								çatdı. 
								
								
								Samirə KƏRİMOVA  |