Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və
xanımı Mehriban Əliyeva noyabrın 9-da Bakının
Nərimanov rayonunda Heydər Əliyev Fondunun
təşəbbüsü və dəstəyi ilə inşa olunmuş məktəb
kompleksinin açılışında iştirak etmişlər.
Prezident İlham Əliyev və xanımı Mehriban
Əliyeva açılışı bildirən lenti kəsdilər və bina
ilə yaxından tanış oldular.
Foyedə ulu öndər Heydər Əliyevin və Prezident
İlham Əliyevin ölkəmizdə təhsilin inkişafına
diqqət və qayğısını əks etdirən fotostendlər,
dövlət atributlarına aid xüsusi guşə
yaradılmışdır.
Təhsil naziri Misir Mərdanov məlumat verdi ki,
tikintisinə 2009-cu ilin yanvarında başlanılmış
məktəb binası yüksək keyfiyyətlə və müasir
tələblər səviyyəsində inşa olunmuşdur.
Dördmərtəbəli,
min şagird yeri olan binada yeni avadanlıq və
dərs ləvazimatı ilə təmin edilmiş 26 sinif
otağı, 3 laboratoriya, fənn kabinetləri, habelə
zəngin kitab fonduna malik kitabxana, 2 kompüter
otağı, akt zalı, şagirdlər üçün istirahət
zalları, 100 nəfərlik yeməkxana, müəllim
otaqları, inzibati və digər otaqlar vardır.
Ölkəmizin orta məktəbləri arasında ilk dəfə
burada şagirdlər üçün diskussiya zalları
yaradılmışdır.
Təhsil ocağında məktəblilərin fiziki
hazırlığının təşkilinə də diqqət yetirilmişdir.
Müasir idman qurğuları ilə təmin edilmiş idman
zalında həndbol, mini futbol, basketbol və digər
idman növləri ilə məşğul olmaq üçün bütün şərait
yaradılmışdır. Burada 250 tamaşaçı yeri olan
üzgüçülük hovuzu da vardır. Məktəbdə ibtidai
hərbi hazırlıq kabineti də fəaliyyət
göstərəcəkdir.
Bina havalandırma, videomüşahidə və yanğın
həyəcanı sistemi ilə təchiz edilmişdir.
Prezident İlham Əliyev və xanımı sinif
otaqlarında, fənn kabinetlərində, kitabxanada,
yeməkxanada və idman zalında yaradılmış şəraitlə
tanış oldular.
Dövlətimizin başçısı görülmüş işlərdən
razılığını bildirdi.
AzərTAc |