| 
								
								 Bakıdakı 
								35 nömrəli orta məktəbdə 9 noyabr Dövlət Bayrağı 
								günü ilə bağlı  tədbir keçirildi. Dövlət himni 
								və "Koroğlu" operasından uvertüra ilə başlanan 
								tədbirə təntənəli şəkildə Dövlət bayrağı 
								gətirildi. 
								
								Qonaqları, müəllimləri və şagirdləri bu gün 
								münasibətilə təbrik edən təhsil ocağının 
								direktoru Rəna Naibova Dövlət bayrağının yaranma 
								tarixi haqqında tədbir iştirakçılarına geniş 
								məlumat verdi.  
								
								Şagirdlər musiqi müəllimi Dilqəm Musaoğlunun 
								bəstələdiyi "Heydər babamız"  mahnısını həvəslə 
								qonaqlara təqdim etdilər.  
								
								Çıxış edən qonaqlar belə tədbirlərin təhsil 
								ocaqlarında təntənə ilə keçirilməsini müsbət 
								addım kimi qiymətləndirdilər.  
								
								Tədbir aşağı sinif şagirdlərinin bayrağa aid 
								söylədikləri  şeirlərlə başa çatdı.  
								
								*** 
								
								Həmin gün Bakıdakı 236 nömrəli orta məktəbdə də 
								üçrəngli bayrağa aid tədbir keçirildi.  Himnin 
								səslənməsi və Dövlət bayrağının səhnəyə 
								gətirilməsi ilə başlanan tədbiri giriş sözü ilə 
								məktəbin direktoru Xanlar İmaməliyev açaraq 
								tədbir iştirakçılarını bayram  münasibətilə 
								təbrik etdi. Bildirildi ki, milli bayraq - 
								mənəvi, siyasi, ideoloji baxımdan bir dövlətin 
								və bir dövləti təşkil edən millətin simvolu 
								olub, onların mövcudluğunu göstərən rəmzdir.
								 
								
								Tədbirdə çıxış edən Səbail Rayon İcra 
								Hakimiyyətinin nümayəndəsi Rasim İbrahimov da 
								Dövlət bayrağı haqqında tədbir iştirakçılarına 
								geniş məlumat verərək belə tədbirlərin 
								keçirilməsini təqdirəlayiq hal kimi 
								qiymətləndirdi. Bu gün münasibətilə xalqımızı 
								təbrik etdi və doğma Azərbaycanımıza əbədi 
								müstəqillik, işıqlı gələcək arzuladı. 
								 
								
								Tədbir şagirdlərin ifasında maraqlı 
								vətənpərvərlik mahnıları və şeirlər ilə 
								unudulmaz xatirəyə çevrildi.  
								
								*** 
								
								Bakıdakı 297 nömrəli orta məktəbdə də Dövlət 
								Bayrağı və 12 noyabr Konstitusiya günü  
								münasibətilə keçirilən tədbir Dövlət himninin 
								səslənməsi və bayrağın səhnəyə gətirilməsilə 
								başladı.   
								
								Təhsil ocağının direktoru Fazil Məmmədov 
								qonaqları, müəllimləri və şagirdləri  bu iki 
								bayram münasibətilə təbrik etdi. O, Dövlət 
								Bayrağı və Konstitusiya gününün yaranma 
								tarixləri haqqında tədbir iştirakçılarına geniş 
								məlumat verdi. Qeyd edildi ki, Dövlət bayrağımız 
								möhtəşəmliyi ilə "Ginnesin rekordları" kitabına 
								düşdü. Hər bir azərbaycanlının borcudur ki, 
								ümummilli liderimizin azərbaycançılıq - 
								vətənpərvərlik  ideyalarına sadiq qalsın, 
								bayrağımızın şərəfini hər yerdə qorusun, dünya 
								arenalarında onun ən yüksək zirvələrdə 
								dalğalanmasına nail olsun. 
								
								Çıxış edənlər qeyd etdilər ki, gələcəyimiz 
								sayılan məktəblilər tariximiz, milli 
								dəyərlərimiz, adət-ənənələrimiz haqqında həmişə 
								məlumatlı olmalıdırlar.  
								
								Tədbir şagirdlərin ifasında bayraq gününə aid 
								mahnılarla, şeirlərlə başa çatdı.   
								
								
								RƏŞAD |