Naxçıvan Dövlət Universitetində türk milli
qurtuluş mübarizəsinin hərbi və siyasi lideri,
Türkiyə Respublikasının qurucusu və ilk
prezidenti Mustafa Kamal Atatürkün vəfatının
72-ci ildönümü münasibəti ilə tədbir keçirildi.
Türkiyə Cümhuriyyətinin Naxçıvandakı
konsulluğunun nümayəndələrinin və digər
rəsmilərin qatıldığı tədbirdə türk xalqlarının
milli müstəqilliyi uğrunda qurban getmiş
şəhidlərin xatirəsi anıldı, hər iki ölkənin
dövlət himnləri səsləndirildi.
Türkiyənin Naxçıvandakı Baş konsulu Ayhan
Enginar çıxış edərək Türkiyənin qüdrətli dövlət
kimi siyasi-iqtisadi tərəqqisində, türkdilli
xalqların birliyində Mustafa Kamal Atatürkün
misilsiz xidmətlərindən danışdı. Konsul bir
millət, iki dövlət olan Türkiyə və Azərbaycanın
sarsılmaz birliyinin gələcək zəfərlərin rəhni
olmasından söz açdı. Qeyd olundu ki, Naxçıvan
Dövlət Universitetinin Türkiyənin bir çox
tanınmış universitetləri ilə sıx tərəfdaşlığı
türkdilli dövlətlərdə elmin, təhsilin birgə
inkişafına ən gözəl örnək sayılmalıdır.
Universitetin rektoru, akademik İsa Həbibbəyli
çıxışında vurğuladı ki, Mustafa Kamal paşanın XX
əsrin əvvəllərində başladığı istiqlaliyyət,
müstəqillik uğrunda mübarizə əsrin sonlarında
bütün türk xalqlarının azadlıq mücadiləsini
alovlandırmışdır. Böyük Atatürkün və ümummilli
lider Heydər Əliyevin türkçülük, bəşəri humanizm
və milli birlik ideyaları bu gün tarixi
bəhrələrini verməkdədir. Türk xalqının dahi
öndərinə ümumxalq sevgisi Azərbaycanda
ucaldılan möhtəşəm abidədə də öz əksini
tapmışdır. Natiq əmin olduğunu bildirdi ki, hər
iki dövlət bundan sonra da çiyin-çiyinə, əzmlə
irəliləyərək gələcək siyasi uğurlara birgə imza
atacaqdır.
Naxçıvan Türk Kurulunun nümayəndəsi Murad
Fındık Mustafa Kamal Atatürkün ictimai-siyasi
fəaliyyəti haqqında ətraflı məruzə etdi.
Sonra universitetin müəllimi, Azərbaycan
Respublikasının əməkdar mədəniyyət işçisi
Gülxarə Əhmədovanın rəhbərliyi ilə Tələbə Teatr
Studiyasının hazırladığı "Atatürk" ədəbi-bədii
kompozisiya böyük maraqla izlənildi.
Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri |