| 
								
								Noyabrın 8-də Azərbaycan Respublikasının  
								Prezidenti yanında Dövlət İdarəçilik 
								Akademiyasında Dövlət Bayrağı gününə həsr 
								edilmiş təntənəli tədbir keçirildi. DİA-nın 
								kollektivi ilk dərs saatını hər bir auditoriyaya 
								Azərbaycan bayrağının gətirilməsi və tələbələrə 
								bayrağımız haqqında xüsusi hazırlanmış braşurun 
								paylanması ilə başladı. Akademiyanın hər yerində 
								Azərbaycan bayrağı dalğalanır, hər bir müəllim, 
								tələbə sinəsində müqəddəs üçrəngli, ay-ulduzlu 
								bayrağımızı qürurla gəzdirir, dəhlizlərdən isə 
								bayrağımıza həsr olunan musiqi sədaları 
								eşidilirdi. Tədbirin rəsmi hissəsi ali təhsil 
								ocağının böyük akt zalında Azərbaycan 
								Respublikası Dövlət Himninin səsləndirilməsi ilə 
								başladı. 
								
								Tədbiri Azərbaycan Respublikasının Prezidenti 
								yanında Dövlət İdarəçilik Akademiyasının tədris 
								işləri üzrə I prorektoru, professor Əlikram 
								Abdullayev açaraq hamını əlamətdar gün 
								münasibəti ilə təbrik etdi. Prorektor öz 
								çıxışında təməli ulu öndərimiz, dahi şəxsiyyət  
								Heydər Əliyev tərəfindən qoyulan bu ali təhsil 
								ocağında dövlət idarəçiliyi sahəsində 
								ixtisaslaşan kadrların perspektiv imkanlarını 
								təhlil etdi, ölkə başçısı cənab İlham Əliyevin 
								dövlətçiliyimizin möhkəmlənməsindəki uğurlu 
								xidmətlərindən, dövlət atributlarımıza olan 
								xüsusi diqqət və qayğısından danışdı. Professor 
								Əlikram Abdullayev Azərbaycan bayrağının 1918-ci 
								il noyabrın 9- da Azərbaycan Xalq Cümhuriyyəti 
								hökumətinin qərarı ilə təsdiq olunmasını  və 
								1990-cı il noyabrın 17-də ilk dəfə olaraq həmin 
								bayrağın Azərbaycanda Dövlət bayrağı kimi 
								qaldırılmasını, ümummilli liderimiz Heydər 
								Əliyevin rəhbərliyi altında Naxçıvan Muxtar 
								Respublikasının Ali Sovetinin sessiyasında 
								Dövlət bayrağı kimi təsdiq edilməsini və 
								nəhayət, Azərbaycan Respublikasının Prezidenti 
								cənab İlham Əliyevin sərəncamı ilə bundan sonra 
								ölkəmizdə hər il  məhz noyabrın 9-nun Azərbaycan 
								Dövlət Bayrağı günü  kimi qeyd olunduğunu dedi. 
								
								Sonra çıxış üçün söz alan akademiyanın Dövlət 
								qulluğu və kadr siyasəti kafedrasının dosenti 
								Mustafa İsgəndərzadə Azərbaycan Bayrağının, 
								Dövlət  Bayrağı Meydanının Azərbaycanın gücünün, 
								Azərbaycan xalqının öz dövlətinə sevgisinin, 
								dövlət rəmzlərinə ehtiramının bir qürur simvolu 
								olduğunu bildirdi. 
								
								Tədbirdə çıxış edən digər natiqlər gənclərimizə 
								müraciət edərək milli və dövlət kimi 
								varlığımızın sübutu, atalarımızın əmanəti olan, 
								uğrunda minlərlə Vətən övladının canından 
								keçdiyi bayrağımızı uca tutmağı tövsiyə etdilər, 
								Azərbaycan Bayrağının tezliklə Qarabağda 
								dalğalanacağına inandıqlarını əminliklə 
								bildirdilər. 
								
								Respublikanın əməkdar artisti, bədii qiraət 
								ustası Azad Şükürovun və DİA-nın Həmkarlar 
								İttifaqı Komitəsinin üzvü Fidan Sideifzadənin 
								Azərbaycan bayrağı haqqında söylədikləri şeirlər 
								iştirakçılar tərəfindən alqışlarla qarşılandı. 
								
								Tədbir Azərbaycan Respublikasının Prezidenti 
								cənab  İlham Əliyevin Dövlət Bayrağı Meydanının 
								açılışındakı çıxışından hazırlanmış videoçarxın 
								nümayişi ilə başa çatdı. 
								
								
								Samirə KƏRİMOVA |