Prezident
İlham Əliyev və xanımı Mehriban Əliyeva Yevlax
rayonunda məcburi köçkün ailələri üçün salınmış
qəsəbədə 30 nömrəli tam orta məktəbin açılışında
iştirak etdilər.
Dövlət başçısı məktəbin açılışını bildirən lenti
kəsdi, təhsil ocağında yaradılmış şəraitlə tanış
oldu.
Məlumat verildi ki, ikimərtəbəli məktəb binası
müasir üslubda inşa edilmişdir. Məktəbin
foyesində ümummilli lider Heydər Əliyevin,
Prezident İlham Əliyevin və Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyevanın
təhsilə diqqət və qayğılarını, məcburi
köçkünlərlə görüşlərini əks etdirən
fotostendlər, həmçinin Kəlbəcər rayonunun
işğaldan əvvəl və sonrakı vəziyyətini əks
etdirən faktların və fotoların, Milli
Qəhrəmanlar haqqında məlumatların toplandığı
lövhə yaradılmışdır. Məktəbdə 35 sinif otağından
əlavə, fizika-astronomiya laboratoriyası, metal
emalı və dülgərlik emalatxanası, tarix, ana dili
və ədəbiyyat, riyaziyyat, coğrafiya,
kimya-biologiya, ibtidai hərbi hazırlıq,
informatika, riyaziyyat, xarici dillər, dərzilik
və rəsm kabinetləri yaradılmışdır. Təhsil
ocağında müxtəlif tədbirlərin keçirilməsi üçün
146 yerlik akt zalı da vardır.
Şagirdlərin
bədən tərbiyəsi və idmanla məşğul olmaları üçün
məktəbdə hər cür şərait yaradılmışdır. Məktəbin
ərazisində futbol, voleybol və basketbol
meydançaları da tikilmişdir.
Prezident İlham Əliyev idman zalında
məktəblilərin nümunəvi çıxışlarını izlədi.
Məktəblilər dövlət başçısı ilə xatirə şəkli
çəkdirdilər.
AzərTAc |