Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasında qısamüddətli
ixtisasartırma kursunun növbəti buraxılışı
olub. Dövlətin sosial siyasət, mahiyyət,
prioritetlər və həyata keçirilmə mexanizmləri
istiqaməti üzrə keçirilən kursda dövlət
hakimiyyətinin mərkəzi şəhər, rayon
orqanlarının, müvafiq nazirlik, komitə və
idarələrinin rəhbər işçiləri iştirak ediblər.
Kursun əsas məqsədi "2006-2015-ci illərdə
Azərbaycan Respublikasında yoxsulluğun
azaldılması və davamlı inkişaf Dövlət
Proqramı"nın şərh edilməsi, bu sahədə dövlət
siyasətinin mahiyyətini və strategiyasının
açıqlanması, Azərbaycanda demoqrafiq proseslərin
müasir vəziyyəti, meyilləri və
qanunauyğunluqları, əmək pensiyaları haqqında
qanunvericilikdə dəyişikliklər, əlavələr və
sair problemlərlə bağlı biliklərin
sistemləşdirilməsi, dinləyicilərə yeni
məlumatların verilməsidir.
Tematik plan üzrə kursda Heydər Əliyevin dövlət
idarəçilik təcrübəsi, Azərbaycanda sosial
siyasət və onun əsas istiqamətləri, pensiya
islahatlarının mahiyyəti və problemləri, pensiya
siyasəti və onun həyata keçirilməsi və digər
məsələlər əhatə edilib.
Kursda Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının şöbə müdirləri və tanınmış
alim-mütəxəssislər dinləyicilər qarşısında
sosial siyasətin müasir problemlərinə dair
müxtəlif mövzularda mühazirələrlə çıxış ediblər.
Təhsil müddəti ərzində dinləyicilər Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
Aparatında təcrübə keçib. Eyni zamanda
respublikada sosial siyasətin formalaşması və bu
sahədə dövlət siyasətinin aktual məsələləri ilə
yaxından tanış olublar.
Sonda Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət İdarəçilik Akademiyasının I
prorektoru, professor Əlikram Abdullayev kursu
bitirən dinləyicilərə vəsiqələr təqdim edib.
Şakir CƏFƏROV |