Hər səhər günəş eyni yerdən üfüqləri yara-yara
çıxır, dünyamızı işıqlandırır. Hər səhər bir
insan övladı jurnalı qoltuğuna vurub sinfə
gedir. Günəşin bayırda gördüyünü sinif
otaqlarında o davam etdirir: körpə fidanlara nur
paylamağa tələsir. Hər il eyni biliyi elin
balalarına öyrətməkdən yorulmur. Biliyini
zərrə-zərrə, damla-damla verir. Böyük H.Zərdabi
demişkən: "Dayanmadan damcılayan su daşı da
dələr".
Böyük çex pedaqoqu Y.A.Komenskidən bu yana çox
şey dəyişib. İndi kompüterdə möcüzələr
yaradılır. Tək dəyişməyən müəllimdir - onun
ağlına, zəkasına hələ də ehtiyac var, zənnimcə
bu, həmişə belə olacaq.
Bu gün sizə bir məktəbdən, onun müəllim və
şagirdlərindən söz açmaq istəyirəm. Özü də bu
məktəb təkcə köçkün rayonların məktəbləri
içərisində deyil, hətta respublikanın qabaqcıl
təhsil ocaqları sırasında özünə layiqli yer
tutur. Vaxtilə Zəngilanda Səməd Behrəngi adına
Bartaz dayanacağı orta məktəbi kimi tanınan bu
təhsil ocağı rayondakı öncüllüyünü köçkünlük
dövründə də qoruya bilib. Sual yaranır: nədən
bir çox məktəblər kimi Zəngilan 4 nömrəli
məktəbi qaçqın-köçkün şəraitinə adaptasiya oluna
bildi, hətta bu gün qonşuluqdakı şəhər
məktəbləri ilə belə rəqabətdən çəkinmir? Öz
müşahidələrim əsasında bu kimi sualları
cavablandırmağa çalışacağam.
Birincisi, bu təhsil ocağı Bakıda məskunlaşmanın
elə ilk günlərində özünün maddi-texniki bazasını
yaratmaqla məşğul oldu. Dərnəgül qəsəbəsində
yerləşdikləri uyğunlaşdırılmış binada sinif
otaqları az vaxt içərisində tədris üçün yararlı
vəziyyətə gətirildi. Başqa bir vacib amil isə
ondan ibarət idi ki, məktəbin bəzi zəruri
ləvazimatlarını yenidən tərtib etmək lazım
gəlmədi. Axı camaat qaçhaqaçda ev əşyalarını
daşıyanda məktəbin direktoru kitabxanasını,
zəruri sənədləri, hətta məktəbin yazı makinasını
belə işğal zonasından çıxarıb Bakıya gətirə
bilmişdi.
İkinci ən zəruri amil ondan ibarət idi ki,
məktəbin rəhbərliyi müəllim kontingentinin
dağılmasına imkan vermədi. Demək olar ki, bütün
müəllim personalı məktəbə cəlb edilmişdi.
Üçüncüsü və bəlkə də əvvəlki hər iki amillə yarı
olan mühüm məsələ ön planda idi: şagirdlərin
məktəbə cəlbi uğurla həyata keçirildi. Öz
müəllimlərini yaxşı tanıyan valideyn və
şagirdlər axtarıb məktəbi tapdılar, əslində
onlardan qabaq müəllimlər onları axtarmış,
yerlərini nişan vermişdilər.
Və nəhayət, dördüncüsü, məktəb rəhbərliyinin
gərgin əməyinin nəticəsində ciddi nizam-intizam
yaradıldı. Məktəbin direktoru hətta bəzən sərt
tədbirlər görməkdən də çəkinmirdi.
Sonuncu məsələ üzərində bir qədər dayanmaq
gərəkdir. Binəqədi rayonu Dərnəgül qəsəbəsində
uyğunlaşdırılmış sinif otaqlarında yerləşən 4
nömrəli Zəngilan məktəbinin qonşuluğunda bir
neçə köçkün şəhər məktəbi və müxtəlif peşə
liseyləri yerləşirdi. Belə bir vəziyyətdə
rəqabətə sinə gərən bu təhsil ocağı yalnız
yüksək nizam-intizam sayəsində digər məktəblər
içərisində uğurlu təlim-tərbiyə nəticələrinə
nail ola bildi. Bir neçə il əvvəl qaçqın
məktəbləri arasında keçirilən "Ana dili"
respublika müsabiqəsində bu təhsil ocağının
şagirdləri birinci yeri tutdular. Məktəb Təhsil
Nazirliyinin, Qaçqın və Məcburi Köçkünlərlə İş
üzrə Dövlət Komitəsinin Fəxri fərmanı, dörd
şagird isə Ekson mobil şirkətinin qiymətli
hədiyyələri ilə mükafatlandırıldı.
Məktəbin şagirdi Şəlalə Quliyeva Təhsil
Nazirliyinin xətti ilə keçirilən "Heydər Əliyev
məktəblilərin gözü ilə" respublika inşa yazı
müsabiqəsində qaliblər sırasında oldu, xüsusi
təltifə layiq görüldü.
Məktəbin şagirdləri respublikanın idman
həyatında yaxından iştirak edərək bu təhsil
ocağını layiqli şəkildə yarışlarda təmsil
etdilər. Bu gün onlardan biri Elvin Əkbərov
klassik güləş yarışlarında Zəngilanı, oxuduğu
məktəbi, habelə respublikamızı layiqincə təmsil
edir. Nəhayət, məktəb köçkün məktəblər
içərisində ən yüksək nəticələrdən olan 500 və
daha yuxarı balla ali məktəblərə daxil olan
şagirdlər yetişdirmək kimi ənənənin də əsasını
qoyanlardan oldu.
Bu saydıqlarımızı davam etdirmək də olardı. Biz,
sadəcə respublika əhəmiyyətli məsələlərdən söz
açdıq. Burada onu vurğulamaq yerinə düşər ki, bu
təhsil ocağının uğurları cavabsız qalmayıb. Ötən
il Binəqədi rayonunda tikilmiş 260 yerlik müasir
tipli məktəb binası Təhsil Nazirliyinin
tövsiyəsi ilə 4 nömrəli Zəngilan orta
məktəbinin kollektivinin istifadəsinə
verilmişdir. Ölkə Prezidentinin açılışında
iştirak etdiyi bu əlamətdar hadisə uzun illər
məktəb kollektivinin yaddaşından silinməyəcək.
İndi bu gözəl təhsil ocağında ideal tədris
mühiti hökm sürür. Geniş, işıqlı sinif otaqları,
zəngin fənn kabinetləri, kompüter otaqları,
laboratoriya, kitabxana şagirdlərin və
müəllimlərin istifadəsindədir.
Biz sevinir və fəxr edirik ki, bizim əməyimiz
ölkə rəhbərliyi, şəxsən cənab Prezident İlham
Əliyev tərəfindən yüksək qiymətləndirilib. Bu
böyük diqqət və qayğının nəticəsidir ki, belə
gözəl məktəb binası ilə təmin olunmuşuq.
Məktəbimizin müəllim kollektivi çalışır ki, bu
etimada ən yüksək bilik və tərbiyə nəticələri
ilə cavab versin. Ötən ildən bəri hər bir
müəllim öz qarşısına məqsəd qoyub ki, ölkə
rəhbərliyinin məqsədyönlü sülh danışıqları
nəticəsində rayonumuz işğaldan azad olunandan
sonra məktəbimizin gərgin iş şəraitini orada
davam etdirək. Mən buna nail olacağımıza tam
əminəm,- deyə məktəbin direktoru Cəbrayıl
Şıxəliyev bizə məlumat verir.
- Bilirsiniz, bəlkə də məktəbimiz qaçqın-köçkün
məktəbləri içərisində yeganə təhsil ocağıdır ki,
bir müəllimimiz əməkdar müəllim adına, iki
müəllimimiz isə "Tərəqqi" medalına layiq
görülüb. Məncə, bu bizim əməyimizə verilən ən
yüksək mükafatdır. Buna görə cənab Prezidentə
kollektivimiz adından dərin təşəkkürümü
bildirirəm. Onu da əlavə edim ki, mən bu
günlərdə Təhsil Nazirliyində "Tərəqqi" medalının
təqdimolunma mərasimində iştirak edərkən çıxış
etdim, hörmətli nazirimiz cənab Misir Mərdanova
diqqət və qayğıya görə təşəkkürümü bildirdim və
onu məktəbimizə dəvət etdim. O da bu dəvəti
məmnuniyyətlə qəbul etdi. İndi biz cənab naziri
yüksək səviyyədə qarşılamağa hazırlaşırıq.
Bəs məktəbin müəllimləri nə düşünürlər?
Kimya-biologiya müəllimi, respublikanın əməkdar
müəllimi Oktyabr İskəndərovun dediklərindən:
- Bildiyiniz kimi kimya, biologiya fənləri sırf
təbiət fənləridir. Düzü, əvvəlki binamızda dərs
prosesində şəraitsizlikdən çox sıxılırdım.
Laboratoriyanın olmaması bir yana, özümün və
şagirdlərimin min əziyyətlə topladığımız təbiət
örnəkləri, eləcə də uşaqların əl işləri əl-ayaq
altda qalıb tələf olurdu. İndi maşallah hər
şəraitimiz var. Geniş sinif otaqları,
laboratoriya, kitabxana, təlim avadanlıqları,
kompüterlər bizim yeni-yeni uğurlara imza
atmağımıza şərait yaradacaq. Təbii ki, ən böyük
arzumuz Zəngilana, doğma kənd-kəsəyimizə qayıdıb
müəllimlik fəaliyyətimizi orada davam
etdirməkdir. Biz o günü həsrət və ümidlə
gözləyirik.
Bu gün məktəblərimiz, müəllimlərimiz "uzun,
incə" bir yol başlayıb - təlim-tərbiyə adlı bu
yolun yolçularına böyük uğurlar diləyir və
onlara yeni-yeni nailiyyətlər arzulayırıq.
Azad QARADƏRƏLİ,
yazıçı-publisist |