Bakı Slavyan Universiteti Məktəb-Lisey
Kompleksində davamlı olaraq tədbirlərlə yanaşı
"açıq dərs"lər də keçilir. Oktyabr ayına
planlaşdırılmış "açıq dərs"lər 2009-2010 və
2010-2011-ci dərs illərində "Ən yaxşı müəllim"
müsabiqəsinin qalibləri tərəfindən aparıldı.
"Açıq dərs"lərin keçilməsində məqsəd
Məktəb-Lisey Kompleksində təcrübədə olan Bakı
Slavyan Universiteti tələbələrinin gələcəkdə
daha hazırlıqlı pedaqoq kimi yetişmələrinə,
yeni təlim texnologiyaları və metodlarına
yiyələnməkdə onlara kömək göstərməkdən ibarət
idi. Ənənəyə sadiq qalaraq "açıq dərs"lərdən
birini də biologiya müəllimi Gülnar Rüstəmova VI
sinifdə "Kökün şəkildəyişmələri" mövzusunda
keçdi. Dərs təməl sualla başlandı və məzmunla
bağlı suallarla davam etdirildi.
Müasir metodların tələblərinə cavab verən dərsdə
İKT vasitələrindən istifadə olundu və BLUM
texnologiyasının (şagirdlərdə yüksək səviyyəli
düşüncə qabiliyyətinin inkişaf etdirilməsi)
bütün mərhələləri gözlənildi. İnteraktiv
metodlardan istifadə nəticəsində şagirdlər dərs
prosesində fəal iştirak etdilər və keçilən
mövzunu mükəmməl şəkildə qavradılar. Dərsdə
digər fənlərlə inteqrasiya da müşahidə olundu.
Belə ki, nağıl nümunəsinin verilməsi nəticəsində
ədəbiyyat fənni də dərs prosesinə inteqrasiya
olundu.
Dərsdə mövzuya uyğun videomaterial (sənədli
film) nümayiş etdirildi və bunun nəticəsində
şagirdlər canlı olaraq bölünmə zona
hüceyrələrinin mitoz yolla çoxalması prosesini
müşahidə etdilər. Dərs qruplarla aparıldı və
uşaqlar qabaqcadan hazırlanmış işçi vərəqlərdə
işləməklə nəticələrini hər bir qrupa aid olan
lövhədə yerləşdirdilər. Yeni mövzu izah
olunarkən onun sxem şəklində nümunəsi
şagirdlərin hər birinə paylandı. İzahatdan sonra
şagirdlərlə birgə dərsin nəticələri və dərsdə
istifadə olunan resurslar haqqında hesabat
aparıldı. Dərsin yekun hissəsində uşaqlarla
refleksiya həyata keçirildi və şagirdlər dərsə
öz münasibətlərini xüsusi hazırlanmış kartlar
vasitəsilə bildirdilər. Sonra şagirdlər müəllim
tərəfindən qiymətləndirildi. Şagirdlərə ev
tapşırığı verildi və sonda qruplar musiqi
sədaları altında bir-birlərinin işini
alqışladılar. Dərs uğurla başa çatdı.
Dərs bitdikdən sonra iştirakçı müəllimlər və
təcrübəçi tələbələr arasında müzakirə aparıldı,
dərslə bağlı fikirlər irəli sürüldü.
Leyla ƏMİRASLANOVA,
BSU Jurnalistika şöbəsinin III kurs tələbəsi |