Elxan
Bayramov 1997-ci ildə Bakı şəhərində ziyalı
ailəsində anadan olub. O, hələ uşaq yaşlarından
idmanın şahmat növünə maraq göstərər, keçirilən
yarışlarda qrupda olan idmançı yoldaşlarından
həmişə fərqlənərdi.
Elxanın bu idman novünə həvəsini görən
valideynləri onu 6 yaşında Bakı şəhər 1
nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları
Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbinə üzv
edirlər. Elxan 10 yaşında Bakı birinciliyində,
12 yaşında isə respublika birinciliyində yaxşı
nailiyyətlər qazanaraq I yeri tutub. O,
2009-cu ildə Bolqarıstanda keçirilən beynəlxalq
şahmat turnirində I yeri tutaraq ölkəmizi
layiqli təmsil etmişdir.
Elxan 2009-cu ilin mayında ulu öndər Heydər
Əliyevin anadan olmasının 86-cı ildönümü
münasibətilə keçirilən Bakı beynəlxalq açıq
turnirində də 14 yaşadək yeniyetmələr arasında
rəqiblərinə qalib gələrək I yeri tutub. O,
2010-cu ildə Yunanıstanda keçirilən dünya
məktəblilərinin olimpiadasında II yeri tutaraq
ölkəmizə medallarla dönüb. O, həm də respublika
şahmat mərkəzində keçirilən "Bakı Open - 2009"
turnirində iştirak edərək qalib adını qazanıb.
Elxan Bakıdakı 99 nömrəli orta məktəbin VIII
sinif şagirdi, dərs əlaçısıdır.
***
Röyal
Abbaslı uşaq yaşlarından idmanın kikboks növü
ilə məşğul olur. O, 2008-ci ilin oktyabrında
"Firdovs" klubuna üzv yazılıb. 2008-2009-cu
illərdə respublika birinciliyində iştirak
edərək I yeri tutub.
İran İslam Respublikasının Mazandaran şəhərində
Asiya kuboku üzrə 25 ölkə arasında keçirilən
yarışda ölkəmizi layiqli təmsil edərək I yeri
tutmuşdur.
O, 2009-cu ildə Türkiyənin Ankara şəhərində
keçirilən beynəlxalq kikboks və İranın Tehran
şəhərində keçirilən dünya kuboku yarışlarında I
yeri tutaraq fəxri kürsünün yüksək pilləsinə
qalxmışdır.
İdmançımız 2010-cu ildə Gürcüstanın Telavi
şəhərində keçirilən "Qafqaz" çempionatında da I
yeri tutmuşdur. Röyal idmanla məşğul olmaqla
yanaşı, təhsilini də uğurla davam etdirir. O,
Bakıdakı 179 nömrəli orta məktəbin XI sinif
şagirdidir.
***
Digər idmançılarımız kimi, Mirhəmid Hüseynov da
idmanın sərbəst güləş növü ilə uşaq yaşlarından
məşğul olur. Bakıdakı 176 nömrəli orta məktəbin
IX sinif şagirdidir.
Ona idmanı sevdirən atası olub, çünki atası da
idmanın sərbəst güləş növü ilə məşğul olur. O,
12 yaşından 6 nömrəli Uşaq Gənclər İdman
Məktəbinin yetirməsidir. Mirhəmid 2009-cu ildə
cəmiyyətlər arasında keçirilən yarışlarda
dəfələrlə yüksək nailiyyətlər qazanıb. 2010-cu
ildə keçirilən Bakı birinciliyində I yeri
tutmuşdur. Onun ən böyük arzusu Azərbaycan
bayrağını beynəlxalq turnirlərdə zirvələrə
ucaltmaqdır.
Rəşad ZİYADOV |