Pedaqoji elmlər doktoru, professor Şükür Əlizadə
25 oktyabr 1940-cı ildə Lənkəran rayonunun
Viyən kəndində kolxozçu ailəsində doğulmuşdur.
1958-ci ildə Kərgəlan kənd orta məktəbini
bitirən, fizika elminə maraq göstərən,
müəllimlik sənətinin vurğunu olan Şükür Əlizadə
ADPU-nun (keçmiş V.İ.Lenin adına ADPİ-nin)
fizika fakültəsinə daxil olmuşdur.
1963-cü
ildə ADPİ-də fizika ixtisası üzrə Dövlət İmtahan
Komissiyasının sədri idim. İmtahan zamanı bir
neçə tələbənin cavabı məni və komissiyanın
üzvlərini çox razı saldı. Dövlət imtahanından
sonra fərqlənən tələbələri çağırıb söhbət etdim
və məsləhət gördüm ki, gələcəkdə aspirantura
xətti ilə təhsillərini davam etdirsinlər. Həmin
tələbələrdən biri də Şükür Əlizadə idi. Həmin il
ali təhsilini müvəffəqiyyətlə başa vurduqdan
sonra təyinatla Kərgəlan kənd orta məktəbində
fizika müəllimi kimi fəaliyyətə başlamış, sonra
Gərmətük kənd orta məktəbində direktor müavini
işləmişdir.
Pedaqoji elmə və tədqiqatçılığa olan maraq Şükür
Əlizadəni 1970-ci ildə ADPİ-nin əyani
aspiranturasına gətirdi. Aspiranturaya qəbul
olunandan sonra o, elmi rəhbərlik və mövzu ilə
əlaqədar mənə müraciət etdi və təkidlə qeyd etdi
ki, mən hökmən onun elmi rəhbəri olum.
Respublikada yarımkeçiricilər fizikası və
texnikası üzrə qazanılmış nailiyyətləri nəzərə
alaraq onların tədrisə gətirilməsinin aktual
problem olduğunu bildirdim. Eyni zamanda qeyd
etdim ki, mənim rəhbər olmağım üçün
metodistlərdən biri ikinci rəhbər olmalıdır.
Beləliklə, pedaqoji elmlər namizədi, dosent
Behbud Şəfizadə ikinci rəhbər planlaşdırıldı.
Şükür Əlizadənin tədqiqat mövzusu "Orta məktəbdə
fizikadan bəzi təcrübələrin yarımkeçirici
cihazlarla aparılması metodikası" məsləhət
bilindi.
Şükür Əlizadənin aspiranturada təhsili çox
uğurlu oldu. O, təhsil problemləri ilə yanaşı,
həm də orijinal əyani vəsaitlər hazırlanması ilə
məşğul oldu. Çox uğurlu haldır ki, SSRİ İxtira
və Kəşflər Komitəsi tərəfindən Şükür Əlizadəyə
aspirantura dövründə fizikanın tədrisi
metodikası üzrə dörd müəlliflik şəhadətnaməsi
verildi.
O, 1974-cü ildə ADPİ-nin İxtisaslaşdırılmış
müdafiə şurasında "Orta məktəbdə fizikadan bəzi
təcrübələrin yarımkeçirici cihazlarla aparılması
metodikası" mövzusunda namizədlik
dissertasiyasını müdafiə edərək, pedaqoji elmlər
namizədi alimlik dərəcəsi almışdır.
Onun qələminin məhsulu olan "Pedaqoji
institutlarda məktəb fizika eksperimentinin
aparılması metodikası və texnikası" adlı 5
hissəli dərs vəsaiti bu gün də bakalavr və
magistrantların stolüstü kitabına çevrilmişdir.
7-9-cu və 10-11-ci siniflər üçün "Fizikadan
laboratoriya işləri" və "Fizikadan nümayiş
eksperimenti" kitabları fizika müəllimləri üçün
dəyərli dərs vəsaitinə çevrilmişdir. "Fizikadan
nümayiş eksperimenti" kitabında təsvir edilmiş
təcrübələrdən fizikanın tədrisində istifadə
edilməsi şagirdlərdə fizikaya marağı artırar və
onlarda yaradıcılıq qabiliyyətləri inkişaf etmiş
olar. Həmin dərs vəsaitində "Elektrik sahəsi",
"Maqnit sahəsi", "Elektromaqnit sahəsi", "Sabit
cərəyan qanunları", "Müxtəlif mühitlərdə
elektrik cərəyanı", "İşıq hadisələri" və "Atom
və atom nüvəsi" üzrə xeyli orijinal nümayiş
təcrübələri verilmişdir.
Beləliklə, Şükür Əlizadə indiyə kimi 8 ixtira və
50 səmərələşdirici təklifin, çoxlu sayda dərs və
metodik vəsaitinin, elmi-metodik məqalələrin
müəllifidir.
"Orta məktəbdə fizika kursunun elmi-metodik
təhlili" problemi üzrə tədqiqat aparan Şükür
Əlizadənin əldə etdiyi elmi nəticələr Moskva,
Sankt-Peterburq, Minsk, Kiyev və Ankarada
keçirilmiş beynəlxalq konfranslarda
dinləyicilərin marağına səbəb olmuşdur.
Orta məktəblərdə istifadə edilən fiziki
cihazların təkmilləşdirilməsi və geniş nümayiş
cihazlarının hazırlanmasında Şükür Əlizadənin
xidmətləri öz töhfəsini vermişdir. Belə ki, onun
tərəfindən yeni hazırlanmış "Elektrik Sultanı",
"Paskal qanununun doğruluğunu nümayiş etdirmək
üçün cihaz", "Yarımkeçirici termoelementli
nümayiş termometri", "Metalların
istilikkeçiriciliyini nümayiş etdirən cihaz",
"Mayenin daxilində təzyiqin ölçülməsi üçün
cihaz", "Lazer fanarlı disk" və "Zəncirvari nüvə
reaksiyasını nümayiş etdirmək üçün cihaz"lara
müəlliflik şəhadətnaməsi və patent almışdır.
Onun hazırladığı üç cihaz kütləvi şəkildə bütün
keçmiş SSRİ məkanında yayılmaq üçün SSRİ
PEA-nın Məktəb Avadanlığı və Təlimin Texniki
Vasitələri İnstitutu tərəfindən qəbul edilmiş və
"Nümayiş tədris cihazları və tədris əyani
vəsaitləri siyahısı"na daxil edilmiş və seriyalı
buraxılışı həyata keçirilmişdir.
1982-1987-ci illərdə o,V.İ.Lenin adına ADPİ-nin
TETİ (Tələbə Elmi Tədqiqat İşləri) Şurasının
sədri olmuşdur. Tələbə elmi tədqiqat işlərinə
səmərəli rəhbərlik etdiyinə görə SSRİ Təhsil
Nazirliyinin "Fəal əmək medalı" ilə təltif
edilmişdir.
Şükür Əlizadə 1989-cu ildən bu günə kimi
"Pedaqoji elmlər və fənlərin tədrisi metodikası"
ixtisası üzrə ixtisaslaşmış müdafiə şurasının
üzvüdür. Şuranın üzvü kimi o, həmişə gənc
mütəxəssislərin elmi-metodik səviyyələrinin
yüksəldilməsinə xüsusi diqqət yetirir.
Şükür Əlizadə məktəblərin fizika müəllimləri ilə
daim əlaqə saxlayır. Bu görüşlər zamanı
fizikanın tədrisi metodikası və məktəb fizika
eksperimentinin aktual məsələləri üzrə
mühazirələr oxuyur, məktəblərin fizika
kabinetlərinin təkmilləşdirilməsində səmərəli
təklifləri ilə iştirak edir.
2003-cü ildə "Məktəb fizika eksperimentinin
sistemi və onun təkmilləşdirilməsi problemləri"
mövzusunda pedaqoji elmlər doktoru alimlik
dərəcəsi almaq üçün BDU-nun fizika ixtisası üzrə
ixtisaslaşmış şurada dissertasiya müdafiə etmiş
və təsdiqini almışdır.
Şükür Əlizadə tədqiqat nəticəsində
müəyyənləşdirmişdir ki, MFE-nin (məktəb fizika
eksperimentinin) sistemini yalnız təşkili
formalarına görə deyil, başqa əlamətlərinə görə
də təsnif etmək lazımdır. Onun tərəfindən
"Məktəb fizika eksperimenti"nin sisteminin tam
təsnifatı öz həllini tapmışdır. O, sübut
etmişdir ki, məktəb fizika eksperimentinin
sisteminin tam təşkili formalarına, həm də
məzmununa, məqsədinə və didaktik imkanlarına
görə təsnif edilməlidir.
Beləliklə, Ş.Əlizadə metodistlər içərisində
ilkin olaraq MFE-nin sistemini tam təsnif etməyə
nail olmuşdur.
Tədqiqat nəticəsində MFE-nin didaktik
funksiyaları da araşdırılmış və onun üç
komponentdən: əyanilik, öyrədicilik və
tərbiyəedicilikdən ibarət olduğu
müəyyənləşdirilmişdir.
O, həmçinin nümayiş eksperimenti, frontal
laboratoriya işləri və fizika praktikumlarının
təşkili zamanı fizika müəlliminin fəaliyyət
modelini, habelə, didaktik, metodik,
psixofizioloji, erqonomik və estetik tələblərə,
təhlükəsizlik texnikası qaydalarına əsaslanmış
fizika kabinetinin modelini təklif etmişdir.
Respublikada məktəb fizika kabinetlərinin
vəziyyətini az vaxt ərzində təyin etmək üçün
"Attestasiya vərəqi" təklif etmişdir. Bu, hər
dərs ilinin sonunda məktəblərə göndərilib
verilən cavabları yekunlaşdırmaqla həmin dərs
ilində rayon və ya respublika üzrə normal məktəb
fizika kabinetlərini müəyyənləşdirməyə və
növbəti dərs ilində qarşıda duran vəzifələri
planlaşdırmağa imkan yaradar.
Ş.Əlizadənin fəaliyyətində ictimai işlərdə
xüsusi səylə çalışmaq ənənəyə çevrilmişdir. O
bir neçə ildir ki, TPİ-də Təhsil Tədqiqatları
üzrə Problem Şurası sədrinin müavini və "Təbiət
elmləri üzrə komissiya"nın sədridir. Uzun müddət
Səbail rayonunun ərazi və dairə seçki
komissiyalarının sədri vəzifəsində çalışaraq
özünün təşkilatçılıq qabiliyyətini nümayiş
etdirə bilmişdir.
Pedaqoji Universitetdə bu gün gözəl ənənə davam
etdirilir: professor - müəllim kollektivi
arasında "İlin müəllimi" və "İlin alimi"
müsabiqəsi keçirilir. Ş.Əlizadə keçən il
universitet üzrə həm "İlin müəllimi", həm də
"İlin alimi" adına layiq görülmüşdür.
Daim axtarışda olan zəhmətkeş insan, istedadlı
yetişdirməm, elmin zirvəsinə yüksəldikcə
sadələşən professor Şükür Əlizadənin şərəfli
ömür yolu gənc nəsil üçün layiqli nümunə və
örnəkdir. Anadan olmasının 70 illiyi münasibəti
ilə onu təbrik edir, ona möhkəm cansağlığı və bu
şərəfli fəaliyyətində uğurlar arzulayıram.
Maqsud ƏLİYEV,
Azərbaycan Milli Elmlər Akademiyasının
akademiki, fizika-riyaziyyat elmləri doktoru,
professor,
əməkdar elm xadimi |