Dilçiliyin xüsusi adların yaranması, dildə
işlənməsi, inkişaf qanunauyğunluqlarının
araşdırıldığı onomalogiya şöbəsində istənilən
xüsusi ad barədə məlumat verilir. Onomastik
vahidlər keçmişi özündə əks etdirməklə mühüm
informasiya daşıyıcısı kimi çıxış edir. Hələ XI
əsrdə M.Kaşğarinin "Divani lüğəti-it türk"
əsərində Azərbaycan dilinə aid xüsusi adların
təhlilinə rast gələ bilirik. Daha sonralar
V.V.Radlov, V.V.Bartold, V.A.Qordlevski,
A.N.Samoyloviç türkdilli xalqların onomastik
vahidlərinin tədqiqində əhəmiyyətli işlər
görmüşlər.
Onomalogiyanın
sahələrindən biri olan antroponimikada şəxs
adları, onların linqvistik xüsusiyyətləri və
semantikası öyrənilir. Şəxs adları ilə dürüst
məlumat vermək bir qədər çətindir. Bu barədə
məxəzlərin çox az olması bunu söyləməyə əsas
verir. Odur ki, qədim adlarımız haqqında səhih
məlumat verməyi bacarmış tədqiqatçılarımızın
gördüyü iş, həqiqətən də, təqdirəlayiqdir.
Antroponimikanın araşdırıcılarından biri olan
Bakı Pedaqoji Kadrların İxtisasartırma və
Yenidənhazırlanma İnstitutunun kafedra müdiri,
filologiya elmləri namizədi Aydın Paşayev
antroponimikanın maraqlı bölmələrindən biri
olan poetik antroponimika sahəsində mühüm
tədqiqatlar aparmış və tədqiqatının nəticəsini
"Nizami Gəncəvinin poetik adlar aləmi" kitabında
(redaktoru filologiya elmləri doktoru M.Adilov,
rəyçilər professorlar Ə.Ağayev, A.Rüstəmova.
Bakı: Mütərcim, 2010. 208 səh.) əks etdirmişdir.
A. Paşayev Nizami əsərlərindəki indiyədək az
tədqiq olunmuş şəxs adlarının hamısını əhatə
etmiş, onların poetik və üslubi
xüsusiyyətlərindən söhbət açmışdır. Diqqətəlayiq
məsələlərdəndir ki, tədqiqatçı yalnız bununla
məhdudlaşmamış, bir çox adları şərh edərkən
əsərlərin kimin şəninə yazıldığını ətraflı
şəkildə qeyd etmiş və həmin dövrün
ictimai-siyasi vəziyyətini açıqlamışdır.
Beş hissədən ibarət tədqiqat əsərinin "Nizami və
adqoyma ənənələri" adlı birinci hissəsində
şairin tarixən türklərdə mövcud olmuş adqoyma
ənənələrinə istinad etdiyi əsaslandırılmışdır.
Məlumdur ki, qədim türk qəbilələrinin üzvləri
uşaqlıqda birinci, yetkinləşdikdə ikinci,
müəyyən vəzifə sahibi olduqda üçüncü adla
tanınırdılar. Fikrimizcə, bu ənənə öz-özlüyündə
bir tərbiyə metodu səciyyəsi daşıyır. Belə ki,
özünə hörmət edən və etdirmək istəyən hər bir
fərd şəxsiyyət səviyyəsinə qalxmağa çalışır və
bunun da bilavasitə sübutu kimi qazandığı ad
çıxış edir.
İkinci hissə "Obrazlar və adlar" adlanır. Burada
A.Paşayev "Xəmsə"də istifadə olunan insan
adlarını tarixi şəxsiyyət adları, dini, əfsanəvi
və folklordan gələn apelyativ, alleqorik,
mifonimik obraz adları olmaqla beş qrupda
birləşdirir və onların hər birinin ətraflı
izahını verir.
"Məcazi adlar"da isə Nizaminin Şərq
ədəbiyyatında məşhur olan adlardan obraz adı
kimi istifadə etməsindən savayı, onları bədii
təsvir vasitəsi kimi də işlətməsindən bəhs
olunur. Şair məcazi adlardan yararlanmaqla öz
fikirlərini yığcam, lakin dolğun şəkildə ifadə
edə bilmişdir. Tədqiqatçı Nizami əsərlərində
işlənmiş onomastik bənzətmə, metafora, mübaliğə
və metanimiya olmaqla geniş məlumat vermiş,
həmçinin şairin adların mənalandırılmasında
fonemlərdən də bir vasitə kimi istifadəsindən
bəhs etmişdir.
Altı hərfi olan adıyla, bilsən,
Dünyanı bağlamış altı tərəfdən.
Bu altı hərf ki, şeş atdı yenə,
Düşdü nərd oyunu şahın xeyrinə.
("Leyli və Məcnun")
Burada şair Axsitanın altı hərfdən ibarət adının
dünyanın altı tərəfini nərdtaxtanın altı xanəsi
ilə qarşılaşdırır.
"Xatırlama adlar" bölməsində "Xəmsə"də istifadə
olunan atalar sözləri, zərb-məsəllər, habelə
əfsanə və rəvayətlərdən qaynaqlanan adlardan
bəhs olunur. Şair "Yeddi gözəl" poemasında
Rast-Rövşənin satqınlığı və ədalətsizliyini
təsvir edərkən, onun kimi insanlar tərəfindən
Səyavuş, Cəmşid və Daranın başına gətirilən
hadisələr belə xatırlanır:
İbrət kitabına baxanlar bilər,
Səyavuş bunlardan çəkmişdir nələr.
Cəmşid cəlalını xar etdi onlar,
Daraya dünyanı dar etdi onlar.
("Yeddi gözəl")
A.Paşayev özünün poetik antroponimika
sahəsindəki gərəkli araşdırmasında adların
yalnız etimologiyasını, poetik və üslubi
xüsusiyyətlərini tədqiq etməmiş, onların
yazılışından da bəhs etmişdir. Müəllif Nizaminin
əsərlərində rast gəlinən bəzi adların bir neçə
formada yazılmasının səbəbi kimi ərəb
əlifbasının spesifik xüsusiyyətlərindən,
həmçinin müxtəlif dövrlərdə, müxtəlif ölkələrdə
yaşayan katiblərin savad dərəcələrindən asılı
olduğunu vurğulayır.
Qeyd etmək lazımdır ki, filologiya elmləri
namizədi Aydın Paşayevin "Nizami Gəncəvinin
poetik adlar aləmi (Poetik antroponimika)" əsəri
dahi şairin sənətkarlıq xüsusiyyətlərinin
öyrənilməsi baxımından faydalı olduğu kimi, həm
də antroponimika sahəsində də dəyərli
araşdırmadır. A.Paşayev bu işi layiqincə başa
çatdırmış və bu elm sahəsinə qiymətli əsər bəxş
edə bilmişdir.
Lalə MUSTAFAYEVA,
Sumqayıt Dövlət Universiteti
"Folklorşünaslıq" elmi-tədqiqat
laboratoriyasının kiçik elmi işçisi |