Qasımov
Muxtar Cahid oğlu
1958-ci il yanvarın 10-da Beyləqan rayonunun
Kəbirli kəndində anadan olmuşdu. 1975-ci ildə
Ağdam şəhər 5 nömrəli orta məktəbi bitirdikdən
sonra Azərbaycan Tibb Universitetinə daxil
olmuşdu. Muxtar yeddi il Xankəndində həkim
işləmiş, 1988-ci ildə erməni işğalçılarının
torpaqlarımıza hücumu başlayanda, iş yerini
dəyişərək Ağdam şəhər Mərkəzi Xəstəxanasında
çalışmağa başlamışdı. Bacarıqlı və təcrübəli
həkim kimi ağır döyüşlər zamanı yaralanmış
yüzlərlə əsgərimizi sağaldıb yenidən cəbhə
bölgəsinə yola salmışdı. Naxçıvanik, Aranzəmin,
Pircamal, Ağbulaq kəndləri istiqamətində gedən
döyüşlərdə bir həkim kimi yüksək peşəkarlıqla
fəaliyyət göstərmişdi.
M.Qasımov 1992-ci ildə Naxçıvanik kəndində
xidməti vəzifəsini yerinə yetirərkən
qəhrəmancasına həlak olub.
Ailəli idi.
Azərbaycan Respublikası Prezidentinin 5 fevral
1993-cü il tarixli 457 nömrəli Fərmanı ilə
Qasımov Muxtar Cahid oğlu ölümündən sonra
Azərbaycanın Milli Qəhrəmanı adına layiq
görülüb.
Bakı şəhərində Şəhidlər xiyabanında dəfn
olunub.
Qədiməliyev
Arif Maasif oğlu
1975-ci il iyulun 13-də Ağstafa rayonunun Dağ
Kəsəmən kəndində anadan olmuşdu. 1992-ci ildə
burada kənd orta məktəbini bitirmiş və Nəvai
adına kolxozda çalışmışdı. Arif 1993-cü ildə
Milli Ordu sıralarına çağırılmış, Qusarda və
Sumqayıtda hərbi təlim keçmişdi. 1994-cü il
yanvarın 18-də Qarabağ bölgəsinə cəbhəyə
göndərilmişdi. Xidmət etdiyi hərbi hissənin
tərkibində Füzuli, Kəlbəcər, Murovdağ uğrunda
gedən döyüşlərdə fəal iştirak edərək Ağdərə,
Tərtər bölgələrində ağır döyüşlərdə rəşadət
göstərmişdı.
A.Qədiməliyev 1995-ci il martın 17-də dövlət
çevrilişinə cəhdin qarşısını alarkən həlak olub.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel
1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə
Qədiməliyev Arif Maasif oğlu ölümündən sonra
Azərbaycanın Milli Qəhrəmanı adına layiq
görülüb.
Dağ Kəsəmən kəndində dəfn olunub. Ağstafa
şəhərində büstü qoyulub. Adına mədəniyyət evi
var.
Qəmbərov
Ramiz Bulud oğlu
1962-ci il iyulun 2-də Şuşa şəhərində anadan
olmuşdu. 1979-cu ildə buradakı şəhər orta
məktəbini bitirmiş və Kolxozlararası Tikinti
İdarəsində əmək fəaliyyətinə başlamışdı. O,
1980-ci ildə hərbi xidmətə çağırılmış, xidmətini
başa çatdırdıqdan sonra Şuşaya qayıtmışdı.
1986-cı ildə indiki Azərbaycan Memarlıq və
İnşaat Universitetinə daxil olmuş və
işləyə-işləyə təhsilini davam etdirmişdi.
1988-ci ildən xalq hərəkatına qoşulmuşdu. O,
erməni təcavüzünə qarşı mübarizə aparanların ön
sırasında gedirdi. 1992-ci ildə yaratdığı
könüllülərdən ibarət batalyona başçılıq
etmişdi. Kərkicahan, Kosalar, Nəbilər, Qaybalı,
Quşçular və digər kəndlərin müdafiəsində
mərdliklə vuruşmuşdu.
R.Qəmbərov 1992-ci il aprelin 30-da Kosalar və
Kərkicahan kəndləri yaxınlığında gedən döyüşdə
qəhrəmancasına həlak olub.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun
1992-ci il tarixli 833 nömrəli Fərmanı ilə
Qəmbərov Ramiz Bulud oğlu ölümündən sonra
Azərbaycanın Milli Qəhrəmanı adına layiq
görülüb.
Bakı şəhərində dəfn olunub.
Qəhrəmanov
Fariz Çoban oğlu
1974-cü il martın 29-da Bərdə rayonunun Xəsili
kəndində anadan olmuşdur. 1991-ci ildə orta
təhsilini doğma kəndlərində başa çatdırmışdır.
Sonra o, təhsilini 47 nömrəli texniki peşə
məktəbində davam etdirərkən 1992-ci ildə Milli
Orduya çağırılmışdır. Ağdam, Ağdərə, Füzuli,
Kəlbəcər və Tərtər rayonları uğrunda gedən ağır
döyüşlərdə iştirak etmişdir. Fariz 1994-cü ildə
Ağdərənin müdafiəsi uğrunda erməni işğalçılarına
qarşı gedən döyüşdə yaralanmışdır. O, bir müddət
müalicə olunduqdan sonra yenidən cəbhə bölgəsinə
qayıtmışdır.1995-ci ildə dövlət çevrilişinə
cəhdin qarşısının alınmasında xidmət
göstərmişdir. 1995-1996-cı illərdə Türkiyə
Respublikasında jandarm və komanda məktəbini
bitirmiş, 1999-cu ildə sənədlərini elə oradakı
Ali Birləşmiş Komandanlıq Məktəbinə vermiş və
motoatıcı qoşunlar komandiri ixtisası üzrə tam
kursu bitirmişdir.
F.Qəhrəmanov kapitan rütbəsinə qədər yüksəlib.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel
1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə
Qəhrəmanov Fariz Çoban oğlu Azərbaycanın Milli
Qəhrəmanı adına layiq görülüb.
Qubadov
Arif Vəliş oğlu
1966-cı il sentyabrın 20-də Cəlilabad rayonunun
Əliqasımlı kəndində anadan olmuşdu. 1983-cü ildə
kəndlərindəki orta məktəbi bitirmiş, 1984-cü
ildə hərbi xidmətə çağırılmışdı. 1992-ci ildə
vətənə qayıdaraq Milli Orduda xidmət etməyə
başlamışdı. 1993-cü ildə Ağdam rayonuna
göndərilmiş, Əfətli, Yusifcanlı kəndlərinin azad
edilməsi uğrunda mübarizədə iştirak etmişdi.
1993-cü ilin avqustunda taboru ilə Füzuli
bölgəsinə yollanmış, 1994-cü ildə Tərtər və
Ağdərə döyüşlərində fəal iştirak etmiş, şücaəti
ilə fərqlənmişdi. 1996-cı ildə Bakı Ali
Birləşmiş Komandirlər Məktəbini bitirmişdi.
2001-ci ildə Azərbaycan Respublikası Sərhəd
Qoşunları Hərbi Akademiyasına daxil olmuş,
2003-cü ildə oranı bitirmişdı.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel
1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə
Qubadov Arif Vəliş oğlu Azərbaycanın Milli
Qəhrəmanı adına layiq görülüb.
Polkovnik-leytenant rütbəsinə yüksəlmişdi.
2009-cu il sentyabrın 25-də uzunsürən
xəstəlikdən vəfat edib.
Ailəli idi.
Cəlilabad rayonunun Əliqasımlı kəndində dəfn
olunub.
Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya
Mərkəzinin materialları əsasında
hazırladı: Ədalət DAŞDƏMİRLİ |