Layihə
I. Ümumtəhsil məktəblərinə şagird qəbulu
1.1. Ümumtəhsil məktəblərinə şagird qəbulu I və
X siniflər üzrə aparılır.
1.2. Uşaqların I sinfə qəbulunu ümumtəhsil
məktəbində direktorun əmri ilə təşkil olunmuş
komissiya həyata keçirir. Komissiyanın tərkibinə
təlim-tərbiyə işləri üzrə direktor müavini,
təcrübəli ibtidai sinif müəllimləri, məktəbin
psixoloqu və həkimi, VMA-nın nümayəndəsi daxil
edilir. Məktəbin direktoru komissiyanın sədri
olur.
1.3. Bir qayda olaraq ümumtəhsil məktəblərinin I
siniflərinə hər il sentyabrın 15-dək (15-i də
daxil olmaqla) 6 yaşı tamam olan əqli və
fizioloji cəhətdən normal inkişaf etmiş uşaqlar
qəbul edilirlər.
1.4. "Təhsil haqqında" Azərbaycan Respublikası
Qanununun 19.12-ci bəndinə görə, xüsusi
istedadlı uşaqların vaxtından əvvəl I sinfə
qəbuluna yol verilir. Bununla əlaqədar:
1.4.1. 6 yaşı 16 sentyabr - 31 oktyabr
müddətində tamam olmuş istedadlı uşaqların
vaxtından əvvəl I sinfə qəbulu məktəbdə təşkil
edilmiş komissiyanın rəyi əsasında həyata
keçirilir.
1.4.2. 6 yaşı noyabr ayı ərzində tamam olmuş
xüsusi istedadı ilə fərqlənən uşaqların
vaxtından əvvəl I sinfə qəbuluna Təhsil
Nazirliyində yaradılmış komissiya tərəfindən
baxılıb müvafiq qərar qəbul edilir.
1.5. Bu və ya digər səbəbdən vaxtında məktəbə
gedə bilməyən uşaqların I sinfə qəbulu
məsələsinə fərdi qaydada Təhsil Nazirliyində
baxılıb müvafiq qərar qəbul olunur.
1.6. Uşaqların I sinfə qəbulu, bir qayda olaraq,
sentyabrın 15-dək başa çatdırılır. Ümumtəhsil
məktəbinin direktoru ərazi üzrə məktəb yaşına
çatmış uşaqların bütünlüklə təhsilə cəlb
olunması ilə bağlı zəruri təşkilati tədbirlər
həyata keçirir.
1.7. Üzrlü səbəblər (xəstəlik, yaşayış yerinin
dəyişməsi və s.) istisna olunmaqla ÜM-1 hesabat
formasının təsdiqindən sonra I sinfə uşaq
qəbuluna icazə verilmir.
1.8. Uşaqların I sinfə qəbulu valideynlərindən
birinin (digər qanuni nümayəndənin) ərizəsi
əsasında aparılır. Ərizəyə uşağın sağlamlığı
haqqında tibbi arayış, doğum haqqında
şəhadətnamənin notarius tərəfindən təsdiq
olunmuş surəti əlavə olunur. Valideynin (digər
qanuni nümayəndənin) ərizəsində uşağın təhsil
alacağı təlim dili, öyrənəcəyi xarici dil,
məktəbə hazırlıq mərhələsini keçib-keçməməsi
qeyd edilir.
1.9. Məktəbə hazırlıq mərhələsini keçmiş
uşaqların sayı imkan verdiyi halda, onlar ayrı
sinifdə (siniflərdə) komplektləşdirilir.
1.10. Valideynin arzusundan asılı olmayaraq, heç
bir halda şagirdin təkrar I sinifdə oxumasına
yol verilmir.
1.11. Ümumtəhsil məktəblərinin X sinfinə qəbul
şagirdin ərizəsi və ümumi orta təhsil haqqında
şəhadətnaməsi əsasında aparılır.* (*İcbari ümumi
orta təhsil üzrə ilk buraxılış 2016/2017-ci dərs
ilinə təsadüf etdiyindən tam orta təhsil
səviyyəsinin ilk sinfinə - X sinfə şagirdlərin
seçim əsasında qəbulu da həmin dərs ilindən
etibarən həyata keçiriləcəkdir.)
1.12. Digər məktəbdən gələn şagirdin X sinfə
qəbulu zamanı əvvəl oxuduğu məktəbdə öyrəndiyi
xarici dilin uyğunluğu vacib şərt kimi nəzərə
alınır.
1.13. Şagird digər xarici dil tədris edilən
məktəbin X sinfinə ərazidə başqa bir orta məktəb
olmadığı halda qəbul edilə bilər. Həmin şagird
qəbul edildiyi bu məktəbdə tədris olunan xarici
dili, yaxud əvvəl oxuduğu məktəbdə keçdiyi
xarici dili müstəqil şəkildə öyrənib orta məktəb
kursu üzrə imtahan vermək barədə müraciət
edərsə, ondan imtahan götürülməsinə icazə
verilir. Bu məsələ məktəb direktorunun təqdimatı
əsasında rayon təhsil şöbəsi tərəfindən
tənzimlənir.
1.14. Ümumi orta təhsil səviyyəsini bitirdikdən
sonra orta ixtisas və texniki peşə təhsili
müəssisələrinə sənəd verib daxil ola bilməyən
şagirdlərin X sinfə qəbulu yalnız sentyabr ayı
ərzində aparılır. X sinfə qəbul barədə ərizə
ÜM-1 hesabat forması təsdiq edildikdən sonra
verilərsə, həmin şagird yeni gələn şagird kimi
əmrləşdirilir.
II. Şagirdlərin yerdəyişməsi
2.1. Bu "Qaydalar" ümumtəhsil məktəb
şagirdlərinin təhsil aldıqları müddətdə ölkə
daxilində, eləcə də ölkədən kənara, habelə digər
ölkələrdən Azərbaycana yerdəyişməsi ilə bağlı
qaydaları müəyyən edir.
2.2. Ölkə daxilində I-IX sinif şagirdlərinin
bir məktəbdən digərinə yerdəyişməsi aşağıdakı
kimi tənzimlənir:
2.2.1. Övladını digər məktəbə dəyişmək istəyən
valideyn (digər qanuni nümayəndə) onun hazırda
oxuduğu məktəbin direktoruna yerdəyişmənin
səbəbi, yerdəyişmə nəzərdə tutulan rayon
(şəhər), məktəb göstərilməklə ərizə ilə
müraciət edir.
2.2.2. Məktəbin direktoru şagirdin dəyişiləcəyi
məktəbin direktoruna (vəziyyətdən asılı olaraq
təhsil şöbəsinin (idarəsinin) müdirinə) onun
hazırda bu məktəbin müvafiq sinfində oxuması
barədə məktub hazırlayır.
2.2.3. Valideyn (digər qanuni nümayəndə) həmin
məktubu əlavə etməklə övladının təhsil alacağı
məktəbin direktoruna ərizə ilə müraciət edir.
2.2.4. Məktəbin direktoru şagirdin təhsil aldığı
məktəbin direktoruna onun müvafiq sinfə qəbul
olunduğu və şəxsi işinin göndərilməsi haqda
arayış verir.
2.2.5. Həmin arayış əsasında valideyn (digər
qanuni nümayəndə) övladının şəxsi işini alıb
təhsilini davam etdirəcəyi məktəbin direktoruna
təqdim edir.
2.2.6. Hesabat dövründə (15 sentyabr-1oktyabr)
şagirdlərin yerdəyişməsinə icazə verilmir.
2.3. Lisey və gimnaziyalara, təmayüllü
ümumtəhsil məktəblərinə, məktəb-liseylərdəki
lisey siniflərinə, özəl məktəblərə, xüsusi
tədris proqramı ilə işləyən digər ümumtəhsil
məktəblərinə, eləcə də ümumtəhsil məktəblərindən
həmin qəbildən olan müəssisələrə şagirdlərin
yerdəyişməsi bu "Qaydalar" əsas tutulmaqla
yuxarıda qeyd edilən təhsil müəssisələrinin
nizamnamələrinə uyğun həyata keçirilir.
2.4. Məcburi köçkün məktəblərində təhsil alan
məcburi köçkün olmayan şagirdlər yalnız yerli
məktəblərə köçürülə bilər.
2.5. Yerli məktəblərdə oxuyan I-XI sinif
şagirdlərinin məcburi köçkün məktəblərinə
yerdəyişməsinə icazə verilmir.
2.6. Tam orta təhsil səviyyəsində (X-XI
siniflər) təhsil alan şagirdlərin yerdəyişməsinə
Təhsil Nazirliyi tərəfindən aşağıdakı hallarda
razılıq verilir:
Şagird:
2.6.1. Yaşayış yeri ərazisindəki (kənd, qəsəbə,
rayon, şəhər) digər ümumtəhsil məktəbinə
keçdikdə.
2.6.2. Ailəsi ilə birlikdə başqa yaşayış yerinə
(rayona, şəhərə) köçdükdə.
2.6.3. Müvəqqəti məskunlaşdığı rayondan
(şəhərdən) daimi qeydiyyatda olduğu yaşayış
yerinə köçdükdə.
2.6.4. Valideynlərinin respublikadan kənara
uzunmüddətli ezamiyyəsi və müxtəlif səbəblərdən
valideyn nəzarətindən kənarda qalması rəsmi
sənədlərlə təsdiq edildikdə.
2.6.5. Müxtəlif səbəblərdən özəl ümumi təhsil
müəssisələrində, xüsusi tədris proqramları
tətbiq edilən lisey və gimnaziyalarda təhsilini
davam etdirməsi mümkün olmadıqda.
2.7. X-XI sinif şagirdlərinin yerdəyişməsi ilə
əlaqədar bu "Qaydalar"ın 2.6-cı bəndində
nəzərdə tutulmuş hər bir halla bağlı valideynin
(digər qanuni nümayəndənin) ərizəsinə bilavasitə
müvafiq rayon (şəhər) təhsil şöbəsində
(idarəsində) baxılır, diqqətlə araşdırılır, bu
barədə Təhsil Nazirliyinə məlumat verildikdən
sonra qərar qəbul edilir.
2.8. Təhsil şöbələri (idarələri) digər rayon və
şəhərlərdən ərazilərindəki ümumtəhsil
məktəblərinə keçirilmiş X-XI sinif
şagirdlərinin dərsə davamiyyəti üçün şəxsən
məsuliyyət daşıyırlar.
2.9. IX və XI sinif şagirdlərinin ölkə daxilində
yerdəyişməsi hər il martın 1-dək həyata
keçirilir.
2.10. Respublikadan kənarda yaşayan Azərbaycan
vətəndaşları Azərbaycana qayıtdıqda onların rus
və gürcü dillərində təhsil almış övladlarının
köçdükləri ərazidə təhsillərini davam
etdirmələri aşağıdakı kimi tənzimlənir:
2.10.1. Bütün hallarda I-XI sinif şagirdləri
müəyyən edilmiş məktəblərə valideynin ərizəsi və
əvvəl oxuduğu məktəbin direktoru tərəfindən
təsdiq olunmuş aşağıdakı sənədlərdən birinin
əsasında qəbul edilirlər:
·
şəxsi iş;
·
qiymət cədvəli;
·
şagirdin müəyyən dövrə qədər oxuduğu barədə
arayış.
2.10.2. Azərbaycana qayıdanadək təhsil aldığı
ölkədə ümumi orta təhsil səviyyəsini bitirib
müvafiq təhsil sənədi almış şagirdlər həmin
sənəd və valideynin ərizəsi əsasında Azərbaycan
məktəbində X sinfə qəbul edilirlər.
2.10.3. Ölkədən kənarda təhsil almış Azərbaycan
vətəndaşlarının XI siniflərə yerdəyişməsi yalnız
dərs ilinin birinci yarımilinin sonunadək həyata
keçirilir.
2.10.4. Bu "Qaydalar"ın 2.10.1-ci bəndində
nəzərdə tutulan sənədlərdən heç biri olmadığı
halda:
2.10.4.1. I-IV siniflərdə oxuduğu iddia edilən
şagirdlərin həmin siniflərin təhsil
proqramlarına (kurikulumlarına) uyğun hazırlıq
səviyyəsi yerli təhsil orqanları tərəfindən
yaradılmış komissiya vasitəsilə yoxlanılıb
müvafiq qərar qəbul edilir. Komissiyanın rəyi
əsas tutulmaqla şagirdin müvafiq sinfə qəbulu
məktəbdə rəsmiləşdirilir və ona şəxsi iş açılır.
2.10.4.2. V-XI siniflərdə oxuduğu iddia edilən
şagirdlərin hazırlıq səviyyəsi yerli təhsil
orqanlarının təqdimatı əsasında Təhsil
Nazirliyində xüsusi tapşırıq və testlər
vasitəsilə yoxlanılır və yazılı yekun rəy
yerlərə göndərilir. Həmin rəy şagirdin müvafiq
sinfə qəbulu üçün əsas sayılır.
2.10.5. Azərbaycan dilini təlim dili
səviyyəsində bildikləri halda, I-V sinif
şagirdləri təlim Azərbaycan dilində olan
siniflərə qəbul edilə bilərlər. Həmin
şagirdlərin təlim dilini dəyişməsinə valideynin
ərizəsinə əsasən, məktəbdə baxılır və müvafiq
qərar qəbul olunur.
2.10.6. Təlim rus və ya gürcü dilində olan
məktəblərə qəbul edilmiş şagirdlərə əvvəl
oxuduqları məktəbdə tədris olunmayan fənlərdən
(Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan
coğrafiyası və s.) əlavə məşğələlər təşkil
edilir.
2.10.7. VIII-XI siniflərdə oxuyan şagirdlər
əvvəl təhsil aldıqları ölkədəki ümumi təhsilin
müddətindən asılı olmayaraq, Azərbaycan
məktəbində 1 (bir) sinif aşağı qəbul edilirlər.
Bu qayda digər ölkədə 3 il və daha artıq
müddətdə təhsil alanlara şamil edilir.
2.11. Xarici ölkələrdə Azərbaycanın ümumtəhsil
məktəblərindəki təlim dillərindən fərqli hər
hansı bir başqa dildə təhsil almış Azərbaycan
vətəndaşlarının övladlarının Azərbaycandakı
dövlət ümumi təhsil müəssisələrinə qəbuluna
valideynlərin və şagirdlərin arzularına görə,
yalnız uyğun təlim dillərindən biri üzrə xüsusi
hazırlıq keçib həmin dili mənimsədikləri təsdiq
olunduğu halda razılıq verilə bilər.
2.12. Bu və ya digər səbəblərdən respublikadan
kənara gedən şagirdlərin şəxsi işinin verilməsi
üçün əsas valideynin (digər qanuni
nümayəndənin) ərizəsi hesab olunur.
2.13. Məktəbin rəhbərliyinə rəsmi qaydada
xəbərdarlıq edilmədən şagirdin respublikadan
kənara getməsi məktəb rəhbərlərinin, sinif
rəhbərinin və aidiyyəti təşkilatların
(mənzil-kommunal istismar sahəsi, ərazi icra
nümayəndəliyi) nümayəndələrinin iştirakı ilə
tərtib edilən müvafiq aktla təxirə salınmadan
rəsmiləşdirilir, şagirdin şəxsi işi məktəbdə
saxlanılmaqla onun kontingent sıralarından
çıxarılması barədə əmr verilir.
Həmin şagirdlər müəyyən müddətdən sonra geri
qayıtdıqda onların təhsillərini davam
etdirmələri bu "Qaydalar"ın 2.10-cu bəndinə
uyğun həyata keçirilir.
2.14. Müəyyən sinfədək təhsil alması rəsmi
sənədlərlə təsdiq edilən, lakin həmin müddətdən
sonra üzrlü və ya üzrsüz səbəbdən 2 (iki) ildən
çox olmamaq şərtilə icbari təhsildən kənarda
qalan II-VIII sinif şagirdlərinin valideynin
ərizəsinə əsasən istisna hal kimi məktəb
direktorları tərəfindən növbəti sinfə qəbul
edilməsinə icazə verilir.
2.15. Tabeliyindən asılı olmayaraq,
ixtisaslaşdırılmış ümumi təhsil
müəssisələrindən şagirdlərin ümumtəhsil
məktəblərinə yerdəyişməsinə valideynin
müraciətinə əsasən, fərdi qaydada Təhsil
Nazirliyində baxılıb müvafiq qərar qəbul edilir.
2.16. "Təhsil haqqında" Azərbaycan
Respublikasının Qanununa görə, ümumi orta təhsil
icbari hesab edildiyindən bu təhsil bazasından
ilk peşə və orta-ixtisas təhsili müəssisələrinə
qəbul olan şagirdlərin ümumtəhsil məktəblərinin
tam orta təhsil səviyyəsinə yerdəyişməsinə icazə
verilmir. |