Xəbər
verdiyimiz kimi, oktyabrın 16-da Moskvadakı
"Bakı" kinoteatrında Heydər Əliyev Fondunun
Rusiya nümayəndəliyinin rəhbəri, Rusiyanın
Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri
Leyla Əliyevanın və Ümumrusiya Azərbaycanlıları
Konqresinin (ÜAK) rəhbərlərinin Rusiya ali
məktəblərində təhsil alan azərbaycanlı
tələbələrlə görüşü keçirilmişdir. Görüşdə
Azərbaycan gənclərinin xaricdə təhsili üzrə
Dövlət Proqramı, habelə ÜAK xətti ilə Moskvanın
və Rusiya regionlarının ali məktəblərinə daxil
olmuş azərbaycanlı tələbələr iştirak etmişlər.
Bu, RAGT-ın rəhbəri Leyla Əliyevanın
azərbaycanlı tələbələrlə ikinci görüşüdür.
Görüşü ÜAK-ın prezidenti, Rusiya Tibb Elmlər
Akademiyasının akademiki Məmməd Əliyev açaraq
Azərbaycan rəhbərliyinin gənclərin xaricdə, o
cümlədən Rusiyada təhsilinə, habelə ÜAK xətti
ilə Rusiya ali məktəblərinə daxil olmuş
tələbələrə diqqət və qayğısından danışmışdır.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin
rəhbəri, RAGT-ın sədri Leyla Əliyeva tədbirin
iştirakçılarını salamlayaraq demişdir: "Mən
əminəm ki, bu il bizim üçün uğurlu, parlaq və
maraqlı olacaqdır və biz həm təhsildə, həm də
RAGT-ın bütün layihələrinin həyata
keçirilməsində müvəffəqiyyət qazanacağıq".
Leyla Əliyeva Rusiyanın Azərbaycanlı Gənclər
Təşkilatının çoxşaxəli fəaliyyəti və müxtəlif
sahələrdə planları barədə ətraflı məlumat
vermişdir. O vurğulamışdır ki, bu il mayın 22-də
Moskvada RAGT-ın yaradılmasının 1-ci ildönümünə
həsr olunmuş konfrans keçirilmişdir. Tədbirə
təkcə Moskva və Sankt-Peterburqdan deyil,
İvanovodan, Tverdən, Vladivostokdan,
Yekaterinburqdan və Rusiyanın digər
regionlarından yüzlərlə qonaq gəlmişdi. Leyla
Əliyeva demişdir: "Gördüyünüz kimi, RAGT-ın
coğrafiyası daim genişlənir və bu, çox
sevindirici haldır. Bu gün Azərbaycanın gənclər
klubları Rusiyanın bir çox təhsil müəssisəsində
fəaliyyət göstərir və gənclərimizin Vətənimizi
müxtəlif ali məktəblərdə layiqincə təmsil etmək
imkanı vardır".
RAGT-ın
fəaliyyətindən danışan L.Əliyeva bildirmişdir
ki, təşkilat müxtəlif sahələrdə mütəmadi olaraq
çoxlu tədbirlər - konsertlər, seminarlar,
konfranslar, fotosərgilər, Azərbaycan
mədəniyyəti günləri və həftələri keçirir. Leyla
Əliyeva demişdir: "Təşkilatımızın fəaliyyətinin
başlıca istiqamətlərindən biri Heydər Əliyev
Fondu ilə birlikdə keçirilən "Xocalıya ədalət"
beynəlxalq kampaniyasıdır. Tədbirdən məqsəd
Azərbaycanın bu şəhərində 1992-ci ildə baş
vermiş faciəli hadisələr barədə bütün qitələrin
sakinlərinə həqiqəti çatdırmaqdır.
RAGT gənclərimizin iştirakı ilə keçirilən bütün
idman tədbirlərini dəstəkləyir və sağlam həyat
tərzini təbliğ edir. Bu həftə Seçenov adına
Moskva Dövlət Tibb Universitetində İÇV/QİÇS
probleminə həsr olunmuş konfrans keçirilmişdir.
İndi fəallarımız müxtəlif regionlarda olacaq,
ayrı-ayrı ali tədris müəssisələrində və
məktəblərdə gənclərə bu virus barədə məlumat
verəcəklər.
Bildiyiniz kimi, artıq bir neçə ildir ki,
RAGT-ın saytı fəaliyyət göstərir və onun
istifadəçilərinin sayı daim artır. Yaxın
gələcəkdə saytda RAGT - televiziya açılacaqdır.
Burada fəallarımızın özlərinin çəkdiyi
videosüjetlər yayımlanacaqdır. Bu il RAGT-ın
jurnalının birinci nömrəsi çapdan çıxmışdır.
Nəşrdə gənclərin həyatının müxtəlif sahələrini
işıqlandırmağa çalışmışıq". Leyla Əliyeva qeyd
etmişdir ki, jurnalın yeni nömrəsi hazırlanır.
O, maraqlı ideya və təklifləri jurnala
göndərməyi təklif etmiş və onların arasından ən
maraqlılarının dərc olunacağını vəd etmişdir.
Leyla Əliyeva bildirmişdir ki, yaxın gələcəkdə
Moskvadakı Xarici Ədəbiyyat Kitabxanasında
Azərbaycan zalı açılacaqdır. Burada Azərbaycan
ədəbiyyatı geniş təmsil olunacaqdır. O demişdir:
"RAGT orada konfranslar, seminarlar, Azərbaycan
dili, tarixi dərsləri təşkil edəcəkdir. Əlbəttə,
biz təkcə həmyerlilərimizi deyil, bütün
dostlarımızı orada görməyə şad olarıq".
RAGT-ın
rəhbəri qeyd etmişdir ki, 2009-cu ildə RAGT
əlaçı tələbələr üçün mükafat təsis etmişdir.
Bundan əlavə, Heydər Əliyev Fondu aztəminatlı
ailələrdən olan tələbələr üçün illik təqaüd
ayırmışdır. O demişdir: "Ümidvaram ki, bu,
tələbələrimiz üçün əlavə stimul olacaq və
təhsildə və bütün digər işlərində daha yüksək
nəticələr əldə etməkdə onlara kömək edəcəkdir".
Leyla Əliyeva bütün gəncləri RAGT ilə daha sıx
əməkdaşlığa çağıraraq vurğulamışdır ki, qarşıda
çoxlu planlar, ideyalar və layihələr vardır. O
demişdir: "Mən ölkəmizin, Vətənimizin rifahı
naminə fəal işinizə və səylərinizə görə hamınıza
təşəkkürümü bildirmək istəyirəm. RAGT-ın
qapıları hamının üzünə açıqdır və biz bütün
işlərinizdə sizə yardım etməyə və sizi
dəstəkləməyə hazırıq".
Sonra mükafatlar təqdim olunmuşdur. Leyla
Əliyeva RAGT-ın "Əlaçı mükafatı"nı, habelə
Heydər Əliyev Fondunun mükafatlarını təqdim
etmişdir.
Təqdimat mərasimindən sonra Rusiya Humanitar
Universitetinin 2-ci kurs tələbəsi Jalə
Cavadova, Birinci Moskva Tibb Universitetinin
5-ci kurs tələbəsi, Azərbaycan gənclərinin
xaricdə təhsili üzrə Dövlət Proqramı xətti ilə
təhsil alan Mirtapdıq Talıbov, habelə valideyn
Mahirə Cəlilova çıxış etmişlər. Onlar ölkə
vətəndaşlarının Rusiyada təhsili üçün yaradılan
şəraitə görə Azərbaycan Prezidenti İlham
Əliyevə, Heydər Əliyev Fondunun Rusiya
nümayəndəliyinə, RAGT-a və ÜAK-a təşəkkürlərini
bildirmişlər.
ÜAK-ın təhsil komitəsinin sədri Tofiq Məlikov
Konqres adından əlaçı tələbələri təbrik
etmişdir. O xüsusi vurğulamışdır ki, ÜAK-ın
səyləri müsbət nəticələr verir və bu gün
Rusiyanın ali məktəblərində 196 azərbaycanlı
təhsil alır.
Görüşün sonunda ÜAK-ın prezidenti Məmməd Əliyev
bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin
Azərbaycan vətəndaşlarının dünyanın ən yaxşı ali
məktəblərində təhsil alması arzusu uğurla həyata
keçirilir.
Qeyd olunmuşdur ki, "Lukoyl" Xeyriyyə Fondu da
aztəminatlı ailələrdən olan tələbələr üçün
xüsusi təqaüdlər təsis etmişdir. Bundan əlavə,
ÜAK-ın prezidenti Məmməd Əliyev ali tibb
məktəbində təhsil alan və maddi dəstəyə ehtiyacı
olan iki tələbə üçün təqaüd ayırmışdır.
Görüş tələbələrin iştirakı ilə maraqlı konsert
proqramı ilə başa çatmışdır.
Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi müxbiri
Moskva |