|
Yerləşir: |
Niderland Krallığı, Amsterdam şəhəri
|
|
|
Yaranma tarixi: |
1632-ci il |
Tipi: |
Dövlət |
İşçi heyətinin ümumi sayı: |
6126 nəfər |
Tələbələrin sayı: |
30825 nəfər |
Ümumi büdcəsi: |
600 milyon avro |
İllik xərcləri: |
|
Rəsmi saytı: |
www.uva.ac.nl |
Amsterdam Universiteti (University of Amsterdam)
Niderland Krallığında, Amsterdam şəhərinin
mərkəzində yerləşir və Avropanın ən böyük
universitetlərindən biridir. Amsterdam
Universiteti beynəlmiləlləşmiş ali məktəbdir və
burada dərslər ingilis və holland dillərində
keçilir. Hərdən Amsterdam Universitetini (AvU)
Amsterdamda yerləşən digər universitetlərlə
(xüsusi ilə VU - Azad Universitet (Virje
Universiteit) səhv salırlar. 2006-cı ildən
Amsterdam Universiteti Avropa Tədqiqat
Universitetləri Liqasının (LERU) üzvüdür.
Böyük Britaniyanın "Times Higher Education
Supplement - QS World Universities Rankings"
jurnalının 2009-cu ildə apardığı dünya
universitetlərinin reytinqinə əsasən, Amsterdam
Universiteti 100 ən yaxşı ali məktəb arasında
Tsinxua Universiteti ilə birgə 49-cu yerdə
sıralanıb. 2010-cu ildə dünyanın ən nüfuzlu
universitetləri arasında "Times Higher Education
World University Rankings"-in açıqlamasına
əsasən Amsterdam Universiteti 165-ci yerdə, "QS
World University Rankings"in açıqlamasına əsasən
isə 56-cı yerdə olub.
Tarixi
Amsterdam
Universitetinin sələfi XIV əsrdən fəaliyyət
göstərən Athenaeum Illustre (latın dilindən
tərcümədə "şöhrətləndirilmiş", "ali Ateney")
məktəbi olub. 1632-ci ildən Amsterdam şəhərində
həmin məktəbdə tarix və fəlsəfə, sonradan isə
hüquq, ilahiyyat və təbabət elmləri öyrədilir.
Kaspar Barlaeus və Cerard Vossius kimi dahi
alimlər ilk mühazirələrini bu təhsil ocağında
oxuyublar. Həmin dövrün ən məşhur məzunlarından
hollandiyalı ilahiyyatçı və alim Kornelis Petrus
Tieli qeyd etmək olar.
XIX əsrə qədər Ateney çox da böyük olmayan bir
təhsil müəssisəsi kimi fəaliyyət göstərir.
1915-ci ildə rəsmi olaraq bu müəssisəyə ali
məktəb statusu verilir, 1877-ci ildən başlayaraq
isə Amsterdam Bələdiyyə Universitetinə çevrilir
və elmi dərəcə vermək hüququ qazanır.
Universitet həmin dövrdə siyasi cəhətdən
proqressiv siyasi orqan olan Amsterdam şəhər
şurasına tabe idi. 1961-ci ildən universitet
dövlət himayəsinə keçir (Universiteit van
Amsterdam). 1960-1970-ci illərdə universitetdə
muxtariyyət almaq üçün tələbə nümayişləri
keçirilib.
Büdcə və təhsil haqqı
Amsterdam
Universitetində 2010-2011-ci tədris ilində yerli
və Avropa İttifaqına daxil olan ölkələri təmsil
edən tələbələrin təhsil haqqı 1672 avro, Avropa
İttifaqına daxil olmayan ölkələri təmsil edən
tələbələrin təhsil haqqı isə humanitar sahələr
üzrə bakalavr pilləsində 9000, magistratura
pilləsində isə 10500 avro, sosial elmlər, hüquq,
iqtisadiyyat, müəllimlik sahələri üzrə bakalavr
pilləsində 9000, magistratura pilləsində isə
12000 avro, tibb sahəsi üzrə bakalavr və
magistratura pillələrində 20000 avro,
stomatologiya sahəsi üzrə isə bakalavr və
magistratura pillələrində 25000 avro təşkil
edir.
Təhsil haqqından əlavə tələbə kitab və digər
dərs ləvazimatları üçün ildə 200-800 avro
xərcləyir. Amsterdamda 1 ay qalmaq isə tələbəyə
850-1300 avroya başa gəlir. Yataqxanaların 1
aylıq qiyməti 375-550 avro təşkil edir.
Amsterdam Universitetində yataqxanada yer tapmaq
çətin başa gəlir. Adətən yataqxanalarda bir çox
nömrələr tələbələrə icarəyə verilir. İctimai
nəqliyyat üçün tələbəyə ayda 70-100 avro
lazımdır. Amsterdamda ən ucuz və asan hərəkət
vasitəsi velosiped hesab olunur və tələbələr bu
nəqliyyat növünə daha çox üstünlük verirlər.
Amsterdam Universitetində tələbələrə müxtəlif
məbləğlərdə bir neçə təqaüd növləri təklif
olunur. Bunlar Hollandiya Təhsil, Mədəniyyət və
Elm Nazirliyi, Avropa, Milli, eləcə də ölkələr
üzrə təklif olunan təqaüdlərdir.
2009-2010-cu tədris ilində Amsterdam
Universitetinin illik büdcəsi 600 milyon avro
təşkil edib.
Universitet bu gün
Amsterdam
şəhəri Qərbi Avropanın mühüm mədəni və
intellektual mərkəzlərindən biridir. Burada
elmi-tədqiqatlar aparmaq üçün ideal şərait var.
Amsterdam əcnəbilər üçün təhlükəsiz və
qonaqpərvər şəhərdir. 735000 əhalisi olan
şəhərin sakinləri çox mehriban və
sülhsevərdirlər. Bu şəhər dünya üzrə məşhur
musiqi, opera, teatr və rəqs kollektivinin,
rəssamların vətənidir. Amsterdam zəngin memarlıq
abidələrinə, 150-dən çox su kanalına, qədim
qotik küçələrə malik qədim Avropa şəhəridir.
Niderland dövlət universitetlərində təhsil özəl
universitetlərə nisbətən çox ucuzdur. Buna
baxmayaraq, dövlət universitetlərində təhsil
almaq burada daha şöhrətli və populyardır.
Niderlandın dörd klassik ali təhsil ocaqlarından
biri olan Amsterdam Universiteti Amsterdam
şəhərinin mərkəzində yerləşir. Universitetin
binaları qədim və müasir tikililərdən ibarətdir.
Amsterdam Universiteti dünyanın bir çox ali
məktəbləri ilə əməkdaşlıq edir və tələbə
mübadiləsi aparır. Avropanın 200-ə qədər təhsil
müəssisəsi ilə Socrates/Erasmus mübadilə
sazişləri həyata keçirir. Beynəlxalq
proqramların əksəriyyəti magistratura
səviyyəsində təşkil olunub. Ümumilikdə
universitet 7 fakültə çərçivəsində 59 bakalavr,
133 magistr, 10 doktorluq proqramı təklif edir.
Amsterdam Universitetində dekanlar tərəfindən
idarə olunan yeddi fakültə fəaliyyət göstərir.
Tədris və tədqiqatlar fakültənin müxtəlif
müəssisə və institutlarında aparılır. Hər
fakültənin operativ idarə olunması üçün mərkəzi
xidmətlər şöbəsi mövcuddur.
İqtisadiyyat və biznes fakültəsi (FEB) 1922-ci
ildə yaradılıb. Fakültə Amsterdam İqtisadiyyat
və Amsterdam Biznes məktəblərindən, Biznes
tədqiqatları, İqtisadiyyat və maliyyə, Kəmiyyət
iqtisadiyyatı departamentlərindən, Amsterdam
Biznes, İqtisadiyyat və Ekonometrika, Beynəlxalq
İnkişaf, Tinbergen institutlarından ibarətdir.
Stomatologiya
fakültəsi (ACTA) 1984-cü ildə Amsterdam
Universiteti və Vrije Universitetinin
stomatologiya fakültələrinin birləşdirilməsi
nəticəsində yaradılıb. Bu məktəb stomatologiya
sahəsi üzrə yüksək səviyyəli təhsil və tədris
proqramlarına görə dünyada ön sıralardadır.
Tibb fakültəsində (FdG) tələbələr 6 il təhsil
alırlar: 4 il tematik, 2 il isə universitetdə və
kənarda təcrübə dövrü. Fakültədə 50-yə yaxın
departament (kardiologiya, ginekologiya,
ortopediya, pediatriya, psixiatriya, plastik
cərRahiyyə, radiologiya, şüa terapiyası,
Əczaçılıq...) fəaliyyət göstərir.
Dəqiq elmlər fakültəsi (FNWI) süni intellekt,
astronomiya, biologiya, tibbi-biologiya,
psixobiologiya, kimya, informasiya tədqiqatları,
kompüter, yer, həyat elmləri, riyaziyyat, fizika
sahələri üzrə bakalavr və magistr proqramları
təklif edir. Fakültə Amsterdam Peşə, Elm,
İnformatika, Həyat və Yer Elmləri, Magistratura
Elmləri məktəblərindən, "Anton Pannekuk"
Astronomiya, İnformatika, Biomüxtəliflik və
Ekosistem Dinamikası, Yüksək Enerjilər Fizikası,
Amsterdam Nəzəriyyə Fizikası, Korteveq-de Vries
Riyaziyyat, Svammerdam Həyat Elmləri, Van der
Vaals-Zeeman Eksperimental Fizika, Vant Hoff
Molekulyar Elmlər institutlarından və Amsterdam
Zoologiya Muzeyindən ibarətdir.
Humanitar elmlər fakültəsi (FGw) 1997-ci ildə
dil və mədəniyyət, ilahiyyat, fəlsəfə
fakültələrinin birləşdirilməsi nəticəsində
yaradılıb. Fakültə Holland Tədqiqatları, Tarix,
Arxeologiya və regional tədqiqatlar, Dil və
ədəbiyyat, KİV, Fəlsəfə və incəsənət, İlahiyyat
və mədəniyyət tədqiqatları departamentlərindən,
Humanitar Ali Məktəbindən, Amsterdam Mədəni
Analiz məktəbindən, Dil və Kommunikasiya
Mərkəzindən, Tarix və Mədəniyyət, Məntiq, Dil və
Hesablama institutlarından ibarətdir. Humanitar
elmlər fakültəsi hazırda kino və televiziya,
mədəni analiz, Avropa kinosu, Kütləvi
informasiya vasitələri, Avropa mədəniyyəti
tədqiqatları üzrə Niderlandda ən aparıcı
fakültədir.
Sosial
və əxlaq elmləri fakültəsində (FMG) 10 bakalavr
proqramı təklif edən Kommunikasiya, Uşaqların
İnkişafı və Təhsili, Psixologiya, Sosial elmlər
kollecləri və 20-dən çox magistr, bir neçə
doktorluq proqramları təklif edən Kommunikasiya,
Uşaqların İnkişafı və Təhsili, Psixologiya,
Sosial elmlər ali məktəbləri fəaliyyət göstərir.
Həmçinin fakültənin nəzdində elmi tədqiqatların
aparılması üçün Amsterdam Sosial Elmlər,
Uşaqların İnkişafı və Təhsili, Psixologiya,
Miqrasiya və Etnik Tədqiqatlar institutları
mövcuddur.
Hüquq fakültəsi (FdR) Niderlandda bu sahə üzrə
ən qədim və böyük fakültələrdən biridir. Fakültə
1602-ci ildə tikilmiş qədim binada yerləşir və
beynəlxalq, özəl, ekologiya, əmək və
informasiya hüququ sahələri üzrə ixtisaslaşıb.
Fakültə nəzdində Hüquqşünaslıq, Özəl hüquq B,
Özəl hüquq, Beynəlxalq kütləvi hüquq və Avropa
hüququ, Dövlət hüququ departamentləri, Amsterdam
Ali Hüquq Məktəbi, Əmək Tədqiqatları,
Diplomdansonrakı Təhsil, Beynəlxalq Hüquq,
Avropa Hüququ və İdarəetmə, Ətraf Mühit Hüququ,
Kriminologiya, İnformasiya Hüququ, Huqo
Sinzheimer institutları, Leybniz Hüquq Mərkəzi,
Hüquq kitabxanası fəaliyyət göstərir.
Amsterdam Universitetinin kitabxanası əsas və
əlavə 70 köməkçi kitabxanadan ibarətdir. Hər
fakültənin özünəməxsus kitabxanası fəaliyyət
göstərir. Əsas kitabxana Amsterdam şəhərinin
mərkəzində yerləşir və burada 4 milyon cild
kitab, 70000 əlyazma, 500000 sənəd, 125000
xəritə və s., eləcə də tələbələrin sakit
şəraitdə oxumaları üçün 3 oxu zalı var.
Rosenthaliana kitabxanasında yəhudi mədəniyyəti
və tarixinə aid kolleksiyalar, ivrit dilində
yazılar toplanıb. Xüsusi kolleksiyalar
kitabxanasında ən qədim nəşrlər, əlyazma,
xəritə, atlas, qravyura, şəkillər və s., Artis
kitabxanasında zoologiya sahəsinə aid
materiallar saxlanılır. Xüsusi kolleksiyalar
kitabxanasının De la Fonten Vervey oxu zalında
rahatlıqla kitabxananın materiallarını oxumaq
olar. Bu kitabxanalardakı materialları İnternet
şəbəkəsi vasitəsi ilə kitabxananın saytına daxil
olaraq da əldə etmək mümkündür, kitabların çoxu
holland dilindədir.
Amsterdam
Universiteti muzeyində universitetin yarandığı
andan bu günədək universitetə aid olan bütün
əşyalar (professorların materialları,
universitet binalarının şəkilləri, plakatlar,
medalyonlar, avadanlıqlar, yazılar və s.)
saxlanılır. Muzeyin kolleksiyası 50000 əşya,
25000 şəkildən ibarətdir.
Həmçinin universitetdə müxtəlif incəsənət
əsərləri saxlanılan İncəsənət, Qədim Misir,
Yaxın Şərq, Kipr, yunan, Etrus və Roma
imperiyası mədəniyyətlərinə aid artefaktların
qorunduğu Allard Pirson, XIX əsrdə yaradılmış və
anadangəlmə inkişaf qüsurları nümunələri olan
sümüklər, embrionlar saxlanılan Vrolik,
eramızdan 3000 əvvələ aid yazı formaları, Misir
və Mesopotamiya ieroqlifləri, papirus yazıları,
mixi xətli mətnlər, daş lövhələr, yunan, latın
mətnləri, runa yazıları, orta əsrlərə və
humanizm dövrünə aid əlyazmalar, Efiopiya,
Suriya, ərəb, fars, hind, Çin kalliqrafiya
nümunələri və s. saxlanılan JA Dortmund,
müxtəlif dövrlərdə hazırlanmış elektron
hesablama maşınlarının nümayiş olunduğu
Kompüter, təkhüceyrəli orqanizmlərdən başlayaraq
həşərat, quş, balıq, heyvan və digər canlıların,
təkamül nəticəsində növdəyişmə nümunələri və s.
qorunduğu zoologiya muzeyləri vardır.
Amsterdam Universitetinin prezidenti 2006-cı
ildən başlayaraq qədim dinlər üzrə holland
alimi, professor Karel van der Toorn, rektoru
isə professor Dimph van der Bumdur.
Universitetdə 6126 nəfər işçi çalışır, onların
2796 nəfərini akademik, qalan hissəsini isə
inzibati heyət təşkil edir. Akademik heyətin
39%-i qadınlardır. Amsterdam Universitetinin
tələbələrinin ümumi sayı 30825 nəfərdir.
2010-2011-ci
tədris ilində "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı" çərçivəsində Amsterdam Universitetinin
iqtisadiyyat və biznes fakültəsinin bakalavr
pilləsində IV kursda Böyükağa Ağababa oğlu
Ağayev, iqtisadiyyat və maliyyə ixtisası üzrə
bakalavr pilləsinin IV kursunda Cavid İlqar oğlu
Mustafayev təhsil alır. Həmin proqram
çərçivəsində Amsterdam Universitetinə bu il bir
azərbaycanlı gənc - Emil Üzeyir oğlu Hacıyev
iqtisadiyyat və biznes fakültəsinin magistratura
pilləsinə qəbul olunub.
Amsterdam Universiteti tələbə və müəllimlərə
informasiya və mədəniyyət, idman və s. sahələr
üzrə geniş imkanlar yaradır. Ali məktəbin
ilhamverici beynəlxalq mühiti müəllim və
tələbələrə optimal rejimdə öz qabiliyyətlərini
inkişaf etdirmələri üçün hərtərəfli şərait
yaradır. Yaradıcı və beynəlxalq atmosferə malik
universitet şəhər mühiti, sosial aləmlə sıx
təmasdadır və şəhərin ayrılmaz bir hissəsidir.
Qədim Avropa mədəniyyəti və müasir dünya
texnologiyalarını özündə cəmləşdirən Amsterdam
Universiteti tələbələrə zəngin təcrübə bəxş
etmək, bəşəriyyətə rifah və fayda gətirmək
məqsədi ilə səylə çalışır.
Universitetin məşhur məzunları
|
Ronald Plasterk |
Niderland Krallığının təhsil, mədəniyyət
və elm naziri |
|
|
Guusje ter Horst |
Niderland Krallığının daxili işlər
naziri |
|
|
Ernst Hirş Ballin |
Niderland Krallığının ədliyyə naziri |
|
|
Jet Bussemaker |
Səhiyyə, sosial təminat və idman üzrə
dövlət katibi |
|
|
Els Borst |
Niderland Krallığının sabiq səhiyyə,
sosial təminat və idman naziri |
|
|
Frits Bolkesteyn |
Niderland Krallığının sabiq müdafiə
naziri |
|
|
Ed Melkert |
Niderland Krallığının sabiq ictimai
fəaliyyət və məşğulluq naziri |
|
|
Kristian Eykman |
tibb üzrə Nobel mükafatı laureatı |
|
|
Piter Zeeman |
fizika üzrə Nobel mükafatı laureatı |
|
|
Frits Zernike |
fizika üzrə Nobel mükafatı laureatı |
|
|
Yohannes Dideris van der Uaals |
fizika üzrə Nobel mükafatı laureatı |
|
|
Yakobus Henrikus Vant Hoff |
kimya üzrə Nobel mükafatı laureatı |
|
|
Alek Ceffris |
DNK barmaq izlərinin ixtiraçısı |
|
|
Menno ter Braak |
yazıçı |
|
|
Uillem Frederik Hermans |
yazıçı |
|
|
Simon Vestdijk |
yazıçı |
|
Hazırladı:
Lamiyə ƏLİYEVA |