Oktyabrın 16-da Qafqaz Universitetində "Yüksələn
təhsilimizin bayraqdarı - Azərbaycan məktəblisi"
mövzusunda təhsil öncüllərinin
mükafatlandırılması mərasimi keçirildi. Tədbirdə
Azərbaycan Respublikasının təhsil naziri Misir
Mərdanov, ombudsman Elmira Süleymanova, "Çağ"
Öyrətim İşlətmələri İdarə Heyətinin sədri
Ənvər Özərən, millət vəkilləri, Qafqaz
Universitetinin professor-müəllim və tələbə
heyətinin üzvləri, digər ali məktəblərdən
nümayəndələr, valideynlər iştirak edirdilər.
Tədbir
açıq elan olunduqdan sonra Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin, türk xalqının
böyük oğlu Mustafa Kamal Atatürkün, ötən dərs
ili ərzində dünyasını dəyişmiş Qafqaz
Universiteti müəllimlərinin xatirəsi bir
dəqiqəlik sükutla yad edildi, Azərbaycanın və
Türkiyənin Dövlət himnləri səsləndirildi. Sonra
"Çağ" Öyrətim Şirkəti təhsil müəssisələrinin
uğurlarından bəhs edən qısametrajlı film nümayiş
olundu.
Mərasimdə söz alan "Çağ" Öyrətim İşlətmələri
İdarə Heyətinin sədri Ənvər Özərən rəhbərlik
etdiyi şirkətin təhsil müəssisələrində oxuyan və
yüksək uğurları ilə fərqlənən şagird və
tələbələrin mükafatlandırılması üçün belə
tədbirlərin keçirilməsinin artıq ənənə halını
aldığını, hər il olduğu kimi, 2009-2010-cu
tədris ilində və bu il ali məktəblərə keçirilən
qəbul imtahanlarında da türk liseyləri
şagirdlərinin, "Araz" kursları müdavimlərinin
böyük uğurlar qazandıqlarını qeyd etdi,
mükafatlandırılacaq şagird və tələbələrə
təbriklərini çatdırdı.
"Çağ" Öyrətim Şirkətinin ölkəmizdə 18 il öncə
ulu öndər Heydər Əliyevin yaxından köməyi ilə
fəaliyyətə başladığını deyən Ənvər bəy şirkətin
və ona tabe təhsil müəssisələrinin ötən müddət
ərzində etimada həmişə sədaqət göstərdiklərini,
ölkəmizdə təhsilin inkişafına, bilikli,
vətənpərvər gənclərin, yüksəkixtisaslı
mütəxəssislərin yetişməsinə xeyli töhfə
verdiklərini qeyd etdi, dövlətimizin başçısı
cənab Prezident İlham Əliyevin onların
fəaliyyətinə böyük qiymət verdiyini, Təhsil
Nazirliyindən daim fəal dəstək aldıqlarını
vurğuladı.
Sonra mükafatlandırma başlandı. Qeyd olundu ki,
2009-2010-cu tədris ilində Azərbaycan-Türkiyə
özəl liseylərinin yetirmələri beynəlxalq fənn və
layihə olimpiadalarında 12-si qızıl, 20-si gümüş
və 38-i bürünc olmaqla 70 medal qazanıblar. Türk
liseyləri məzunlarının 98, "Araz" kursları
müdavimlərinin isə 94 faizi bu il ali məktəblərə
daxil olub. Bunlar ölkə üzrə ən yüksək
göstəricilərdir. Liseylərin məzunlarının 61
nəfəri 600-dən yüksək bal toplamışdır. "Araz"
kurslarının müdavimləri arasında isə 130-dan
çoxu 600-dən yüksək, o cümlədən 5 nəfər 700 bal
toplayan tələbə var. "Araz" kurslarını bitirib
yüksək ballarla ali məktəblərə qəbul
olunanlardan 21 nəfəri Prezident təqaüdünə layiq
görülmüşdür.
Şirkətin Qafqaz Universiteti də bu il yüksək
uğurlara imza ataraq ölkəmizin özəl ali təhsil
ocaqları arasında ən yüksək reytinqə malik ali
təhsil müəssisəsi olub. Bu il ali məktəblərə
qəbul imtahanlarında ölkə üzrə 700 bal toplamış
7 abituriyentdən 4-ü Qafqaz Universitetini
seçmişdir. Universitetin bu il Prezident
təqaüdünə layiq görülən tələbələrinin sayı 25,
600-dən yüksək bal toplayanlar isə 185 nəfərdir.
Tələbələrin 285 nəfəri dövlət sifarişi ilə qəbul
olunandır. Məlumat verildi ki, 700 bal toplayan
tələbələr, dünya fənn və layihə olimpiadalarında
qızıl medal alan şagirdlər 2000 manata qədər pul
mükafatı, digər qaliblər və yüksək bal toplamış
tələbələr isə qiymətli hədiyyələrlə
mükafatlandırılıb.
700 bal toplayan tələbələrin oxuduqları orta
məktəblərin direktorları, olimpiada qalibləri
tələbə və şagirdlər, qəbul imtahanlarında
600-dən yuxarı bal toplamış tələbələr qrup-qrup
səhnəyə dəvət olundu, mükafatlar təqdim edildi.
Mükafatları qaliblərə təhsil naziri Misir
Mərdanov, "Çağ" Öyrətim İşlətmələri İdarə
Heyətinin sədri Ənvər Özərən, Könüllü Hərbi
Vətənpərvərlik Texniki İdman Cəmiyyəti İdarə
Heyətinin sədri, general-mayor Novruzəli Orucov,
İnsan hüquqları üzrə müvəkkil Elmira
Süleymanova, millət vəkilləri Məcnun Şükürov,
Cəmil Həsənli və b. təqdim etdilər. Mükafatları
təqdim edənlər qısa təbrik çıxışlarında "Çağ"
Öyrətim Şirkətinin, Azərbaycan-Türkiyə özəl
liseylərinin, Qafqaz Universitetinin
fəaliyyətini yüksək qiymətləndirib, Azərbaycan
təhsilinə göstərdikləri xidmətə görə həmin
qurumların rəhbərlərinə, professor-müəllim
heyətinə təşəkkür etdilər, qaliblərə daha böyük
uğurlar arzuladılar.
Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov
zala toplaşanları salamlayıb belə yüksək
səviyyəli tədbirə görə onun təşkilatçılarına
minnətdarlığını bildirdi. Nazir ölkənin təhsil
işçilərinin Azərbaycanda fəaliyyət göstərdiyi 20
il ərzində "Çağ" Öyrətim İşlətmələri
Şirkətindən, onun təhsil müəssisəsindən çox şey
öyrəndiklərini və bundan sonra da
öyrənəcəklərini vurğuladı, Azərbaycan təhsilinə
göstərdikləri köməyə görə onlara təşəkkür etdi.
Gələn il 20 illiyini qeyd edəcəyimiz müstəqillik
dövründə ölkəmizdə böyük uğurlar qazanıldığını
deyən nazir bütün bunlara görə ümummilli lider
Heydər Əliyevə borclu olduğumuzu, onun əsasını
qoyduğu sabitlik, quruculuq siyasətinin hazırda
dövlətimizin başçısı cənab Prezident İlham
Əliyev tərəfindən uğurla davam etdirildiyini
söylədi. Nazir son 11 ildə "Çağ" Öyrətim
Şirkətinə rəhbərlik edən Ənvər Özərənin
fəaliyyətini də yüksək dəyərləndirib ona
minnətdarlığını bildirdi, qalibləri, onların
valideynlərini, müəllimlərini təbrik etdi.
Tədbirdə qaliblərlə xatirə şəkilləri
çəkdirildi.
Yusif ƏLİYEV |