Ölkəmizin ilk özəl ali təhsil müəssisəsi olan
Azərbaycan Universiteti 2010-2011-ci dərs ilinə
yeni inşa olunmuş və ən müasir avadanlıqlarla
təmin edilmiş binada başlayıb. Yeni bina, burada
yaradılmış şəraitlə tanış olmaq, görülmüş işləri
dəyərləndirmək məqsədi ilə Azərbaycan
Respublikasının təhsil naziri cənab Misir
Mərdanov oktyabrın 21-də Azərbaycan
Universitetində oldu, tələbə və müəllimlərlə
görüşdü. Universitetin rəhbərliyi,
müəllim-tələbə heyəti tərəfindən səmimi
qarşılanan təhsil naziri öncə ümummilli lider
Heydər Əliyevin binanın foyesindəki büstü önünə
gül dəstəsi qoyub xatirəsini ehtiramla yad etdi.
Sonra universitetlə tanışlıq başlandı.
Nazir
auditoriyaları, digər tədris-yardımçı otaqları
gəzərək təhsilin keyfiyyətini, müəllim-tələbə
fəaliyyətinin səmərəliliyini yüksəltmək üçün
yaradılmış şəraitlə tanış oldu. Universitetin
rektoru, AMEA-nın müxbir üzvü, professor Akif
Musayev nazirə məlumat verdi ki, yeni bina
müasir tələblərə tam cavab verir, ən yeni
texnoloji avadanlıq universitetin tələbə və
müəllimlərinin ixtiyarındadır. Burada hamının
istifadə edə biləcəyi sürətli kabel İnternet
şəbəkəsi və Wi-Fi sistemi mövcuddur. Bütün
auditoriyalar və inzibati iş yerləri
kompüterlərlə təmin olunub, auditoriyaların hər
birində proyektor quraşdırılıb. 250 kompüter və
30 proyektor mühazirə və seminar məşğələlərinin
müasir təlim texnologiyalarının tətbiqi ilə
aparılmasına imkan yaradır. Auditoriyalarda
super tədris imkanına malik "ağıllı lövhə"lərdən
istifadə olunur.
Jurnalistika ixtisası üzrə kadr hazırlığı üçün
nəzərdə tutulmuş Studiya-Media Mərkəzində
tələbə-jurnalistlərin ən müasir tələblər
səviyyəsində fəaliyyət göstərməsi üçün bütün
şərait yaradılıb. Bu mərkəzdən, habelə konfrans
zallarından istənilən televiziya kanalı,
dünyanın hər hansı universiteti ilə canlı yayım
reallaşdırıla, telekörpu qurula və ya distant
təhsil təşkil edilə bilər.
İnformatika və dil dərslərinin keçilməsi üçün
universitetdə 6 tam kompüterləşdirilmiş
auditoriya var. Tələbə İnternet zalında eyni
vaxtda 23 tələbə kompüter arxasında əyləşib
tədris tapşırıqlarını hazırlaya və İnternetdən
materiallar toplaya bilər.
Təhsil naziri auditoriyaları, konfrans və elmi
şura zallarını, İnternet zalını, kitabxananı
gəzib bütün bunlarla əyani şəkildə tanış oldu.
Elmi şura zalında Şimali Kipr Türk
Cümhuriyyətinin Yaxın Doğu Universiteti ilə
canlı bağlantı yaradıldı.
Təhsil naziri I və III kurs tələbələrinin
ingilis dili və tarix dərslərində olub tələbə və
müəllimlərlə söhbət etdi, onlara öz
tövsiyələrini verdi.
Universitetlə tanışlıqdan sonra nazir yeni
binanın sonuncu - 7-ci mərtəbəsindəki akt
zalında müəllim və tələbələrlə görüşdü. Onları
salamlayan və yeni binaya köçmələri münasibəti
ilə təbrik edən Misir Mərdanov universitetdə
gördüklərindən çox məmnun qaldığını, görülmüş
işlərin, yüksək səviyyəli təchizatın onu
sevindirdiyini söylədi, bütün bunlara görə
universitetin rektoruna, bu işdə əməyi olan hər
kəsə təşəkkürünü bildirdi. Professor Akif
Musayevin təşəbbüskarlığı, yüksək təşkilatçılıq
bacarığı sayəsində son illər Azərbaycan
Universitetində təhsilin təşkili, keyfiyyətinin
yüksəldilməsi, digər ölkələrin ali məktəbləri
ilə ikitərəfli əlaqələrin qurulması
istiqamətlərində böyük işlər görüldüyünü,
uğurlar qazanıldığını deyən nazir bütün bunların
ölkə ictimaiyyəti arasında universitetin
nüfuzunun artmasına gətirib çıxardığını
vurğuladı. Bildirdi ki, bunu bu il universitetə
qəbul olunmuş 300 tələbənin ötən illərdəkindən
fərqli olaraq daha yüksək ballarla bu ali
məktəbə gəlməsi də sübut edir.
Çıxışının sonunda universitetin yaxın gələcəkdə
nəinki ölkəmizdə, hətta regionda ən yaxşı ali
təhsil müəssisəsinə çevriləcəyinə əmin olduğunu
söyləyən nazir, professor-müəllim heyətini
aparılan inkişafyönümlü işlərdə rektora yaxından
kömək göstərməyə çağırdı.
Yusif ƏLİYEV |