Müsahibimiz Cənubi Rusiya Universitetinin
rektoru, həmyerlimiz, iqtisad elmləri doktoru,
professor, Rusiya Federasiyası Təhsil və Elm
Nazirliyi Kollegiyasının üzvü İmran Əkbərovdur.
Təqdimat:
İmran Hürrü oğlu Əkbərov 1958-ci ildə Naxçıvan
Muxtar Respublikasının Ordubad şəhərində anadan
olub. 1980-ci ildə Rostov Dəmir Yolu Nəqliyyatı
Mühəndisləri İnstitutunu bitirib. 1987-ci ilədək
dəmiryolu sistemində işləyib. 1987-ci ildən
həmin institutun İstehsalatın idarə edilməsi
kafedrasında idarəetmə sahəsi fənlərini tədris
edib. 1991-ci ildən Cənubi Rusiya
Universitetinin (İdarəetmə, biznes və hüquq
İnstitutunun) rektorudur. İqtisad elmləri
doktoru, professordur. Rusiya Federasiyası
Təhsil və Elm Nazirliyi Akkreditasiya
kollegiyasının, Cənub Federal Dairəsinin
rektorlar şurası idarə heyətinin üzvü, Rusiyanın
Cənub Regionu Qeyri-Dövlət Təhsil Müəssisələri
Mütəxəssisləri Regionlararası Assosiasiyasının
prezidentidir.
İmran Əkbərov yüksək beynəlxalq elmi dərəcəyə -
qrand fəlsəfə doktoru dərəcəsinə malikdir.
Ötən həftə Bakıda MDB ölkələri humanitar
universitetləri rektorlarının və humanitar
fakültə dekanlarının Forumu keçirilirdi. Forumda
MDB üzvü olan 8 ölkənin 20-dən artıq ali
məktəbindən nümayəndələr iştirak edirdi. Nüfuzlu
beynəlxalq tədbirə 11 rektor qatılmışdı.
Onlardan 2-si həmyerlimiz idi: Moskva Dövlət
Sosial-Humanitar Universitetinin rektoru Vaqif
Bayramov və Cənubi Rusiya Universitetinin
rektoru İmran Əkbərov. Bu fakt bizdə - Forumun
Azərbaycandan olan iştirakçılarında böyük qürur
hissi doğurdu. Yaranmış fürsətdən istifadə edib
hər iki rektor həmyerlimizdən qəzetimizə
müsahibə almağı qərarlaşdırdıq. Qərarımızı
onlara bildirəndə etiraz etmədilər. Qonaqlarla
qaldıqları "Park-İnn" otelində görüşdük. Əvvəl
suallarımızı hər iki rektora ünvanlamağı nəzərdə
tuturduq. Lakin söhbət zamanı bəlli oldu ki,
Vaqif müəllim spesifik bir ali məktəbə -
dayaq-hərəkət aparatında qüsurları olan
tələbələrin təhsil aldığı universitetə rəhbərlik
edir və bizi maraqlandıran bütün sualları
cavablandırmaq onun üçün çətin olacaq. Ona görə
də suallarımızı Cənubi Rusiya Universitetinin
rektoru, iqtisad elmləri doktoru, professor
İmran Əkbərova ünvanladıq.
- İmran müəllim, qısa tərcümeyi-halınızı
bilirik. İstərdik ki, onun bilmədiyimiz bəzi
məqamları haqqında məlumat verəsiniz. Necə olub
ki, Rusiyaya getmisiniz, bu ölkənin tanınmış
ziyalılarından birinə çevrilmisiniz?
- Bilirsiniz ki, 70-ci illərdə ölkəmizdə ulu
öndər Heydər Əliyevin böyük uzaqgörənliklə
əsasını qoyduğu və hakimiyyətdə olduğu dövrdə
ildən-ilə inkişaf etdirdiyi bir siyasət, ənənə
vardı. Ölkəmizin yüksəkixtisaslı mütəxəssislərə
ehtiyacını ödəmək üçün ali məktəblərə qəbul
olunan və ya onların müxtəlif kurslarında təhsil
alan gənclər keçmiş ittifaqın ən böyük
şəhərlərinin nüfuzlu ali məktəblərinə
göndərilirdilər. Belə gənclərdən biri də mən
olmuşam. Özü də birinci dəstədə gedənlərdən.
1975-ci ildə imtahan verib Azərbaycan Politexnik
İnstitutuna qəbul olundum. İçərisində mən də
olmaqla bir qrup tələbəni təhsil almaq üçün
SSRİ-nin müxtəlif şəhərlərinə - Moskvaya,
Kiyevə, Leninqrada (indiki Sankt-Peterburqa),
Kazana və b. göndərdilər. Yola salınanlara 40
manat pul verir, paltar, yatacaq alırdılar. Mən
yaxın olduğu üçün Rostovu seçdim. Biletimi
aldılar və mən Rostova gəlib buradakı Dəmir Yolu
Nəqliyyatı Mühəndisləri İnstitutunda təhsilimi
davam etdirməyə başladım.
Yeri gəlmişkən, mən ümummilli liderimizin böyük
uzaqgörənliyini, Azərbaycanın gələcək
inkişafının yüksəkixtisaslı mütəxəssislərdən
asılı olmasını bilib onların hazırlanmasına
göstərdiyi qayğını xüsusi qeyd etmək istərdim.
Məhz bu böyük insanın, dövlət xadiminin müdrik
siyasəti nəticəsində ötən əsrin 70-80-ci
illərində minlərlə gənc ölkənin ən nüfuzlu
universitet və institutlarına göndərilərək
Azərbaycan üçün ən vacib, ehtiyac duyulan
ixtisaslara yiyələnirdilər. Bu gün müstəqil
Azərbaycanın inkişafında məhz həmin illərdə
xaricdə təhsil alan mütəxəssislər böyük rol
oynayırlar.
1980-ci ildə institutu bitirdim, bir neçə il
ixtisasım üzrə istehsalatda çalışdıqdan sonra
bitirdiyim instituta qayıdıb elmi-tədqiqat və
tədris işi ilə məşğul oldum.
1991-ci ildə Rusiyada ilk özəl ali məktəblərdən
biri olan İdarəetmə, Biznes və Hüquq İnstitutu
təsis olundu. Həmin ildən də onun rektoru oldum.
Hazırda son illər Rusiyanın cənub zonasında olan
bir sıra ali məktəblərin, o cümlədən rəhbərlik
etdiyim institutun birləşməsi nəticəsində
yaradılmış Cənubi Rusiya Universitetinin rektoru
işləyirəm. Rusiyanın ən stajlı, necə deyərlər,
yaşlı rektorlarından biriyəm. Rusiya dövləti
mənim xidmətlərimi yüksək qiymətləndirib. Bu
ölkənin fəxri ali təhsil işçisiyəm. Rusiya
Federasiyası Təhsil və Elm Nazirliyi
Kollegiyasının 33 üzvündən biri mənəm.
Kollegiyada Cənubi Rusiyanı təmsil edirəm.
İqtisad elmləri doktoru, professoram. 15 elmlər
namizədi, 2 elmlər doktoru yetişdirmişəm.
Təvazökarlıqdan kənar olmasın, elm, təhsil
sahəsində Rusiya miqyasında böyük nüfuz
qazanmışam.
- Rusiya təhsilinin hazırkı vəziyyətini necə
qiymətləndirirsiniz? Rusiya təhsilində
islahatlar hansı istiqamətlərdə aparılır?
- Postsovet məkanının bütün ölkələrində olduğu
kimi, Rusiya Federasiyasında da inkişaf gedir,
cəmiyyət həyatının bütün sahələrində, o cümlədən
də təhsildə islahatlar aparılır.
Rusiya Federasiyasının Prezidenti D.Medvedyevin
2009-cu il müraciətində Rusiyada 2010-cu və
sonrakı illər üçün təhsil sahəsində aparılan
islahatların başlıca istiqamətləri
müəyyənləşdirilmiş və qarşıya bir sıra vəzifələr
qoyulmuşdur. Bunlar aşağıdakılardır:
- Şagirdlərin nailiyyətlərinin kompleks
qiymətləndirilməsi.
- Yeni layihələr üzrə məktəb binalarının
tikintisi və rekonstruksiyası.
- Məktəblərin genişzolaqlı İnternet şəbəkəsinə
qoşulması.
- Əlverişli məktəb mühitinin yaradılması,
inklüziv təhsil üzrə beşillik proqramın qəbul
edilməsi.
- Məktəblərin müstəqilliyinin genişləndirilməsi,
onlara maliyyə müstəqilliyinin verilməsi.
- İxtisasartırma təhsilinin ən yaxşı məktəblərin
bazasında təşkil edilməsi. Maliyyə vəsaitinin
ixtisasartırma təhsili proqramlarının seçimi
əsasında verilməsi.
- Avropanın ali təhsil məkanına inteqrasiya.
- Boloniya prosesinə qoşulma və Kredit
sisteminin tətbiqi.
Hazırda bu istiqamətlərdə sistemli işlər
görülür.
- Universitetiniz haqqında oxucularımıza nə deyə
bilərsiniz?
Hansı ixtisaslar üzrə nə qədər mütəxəssis
hazırlayırsınız?
- Bizim universitet Rusiyanın ilk qeyri-dövlət
ali təhsil müəssisəsidir. Belə ki, ölkə üzrə ilk
özəl ali məktəb lisenziyası alan bizim
universitetdir. Hazırda universitetimiz
Krasnodar, Rostov, Stavropol, Volqoqrad,
Vladiqafqaz şəhərlərini əhatə edir. 25 mindən
artıq tələbəmiz, 5 min nəfərlik
professor-müəllim heyətimiz var.
Universitetimiz indiyədək 30 min mütəxəssis
buraxıb. Universitetdə humanitar texnologiya,
iqtisadiyyat, informatika və s. fakültələr
fəaliyyət göstərir. Gələcək mütəxəssislərə
keyfiyyətli təhsil verilir. Məzunlarımız iki
sənəd - dövlət nümunəli diplom və onun Avropa
əlavəsini alırlar ki, bu da onlara bütün Avropa
məkanında öz karyeralarını qurmağa imkan verir.
Universitetimizdə təhsil, mütəxəssis hazırlığı
ən yeni texnologiyalar əsasında qurulub. Təhsil
5 illikdir. Ali təhsil, ikinci ali təhsil,
qiyabi təhsil, distant təhsil, magistratura,
kollec, biznes məktəbi istiqamətlərində qəbul
həyata keçiririk. Hər bir tələbəyə fərdi yanaşma
və müəllimlərin yüksək peşəkarlıq səviyyəsi,
innovativ təhsil texnologiyalarından istifadə
yüksək keyfiyyətli ali təhsili təmin edir.
Universitetimizin praktik yönümlülüyü güclüdür.
Tələbələrə universiteti bitirdikdən sonra öz
karyeralarını qurmaq üçün praktik istiqamətdə
təhsil verilir.
Hazırda əsas məqsədimiz universitetdə
reallaşdırılan təhsil standartlarını Avropa
təhsil standartları səviyyəsinə çatdırmaqdır.
Axı gələn ildən Rusiyada Boloniya prosesinə
qoşulma tam başa çatmalıdır.
- Universitetinizdə təhsil haqqı nə qədərdir?
- Təhsil haqqı ixtisasdan, fakültədən asılı
olaraq dəyişir. Hazırda o, 1000-3000 avro
arasındadır. Ən "bahalı" ixtisasımız 3000
avrodur.
- Qəbulu necə həyata keçirirsiniz?
- Bizim universitet də Rusiyadakı digər ali
məktəblər kimi tələbə qəbulunu Vahid Dövlət
İmtahanının nəticələrinə əsasən aparır.
Bildiyiniz kimi, bir neçə il öncə Rusiyanın bəzi
vilayətlərində eksperiment kimi başlanmış Vahid
Dövlət İmtahanı ötən ildən bütün ölkə üzrə
tətbiq olunur və onun nəticələri ali məktəblərə
daxil olmaq üçün əsas götürülür. Bu, ali
təhsilin hamı üçün əlçatan olmasına imkan verir.
Biz bu eksperimentə ilk qoşulmuş 10
universitetdən biriyik. VDİ təhsilin
keyfiyyətini yüksəltmək üçün tətbiq olunub. Bu,
Rusiya üçün böyük hadisədir. Azərbaycanda ali
məktəblərə qəbulda mərkəzləşdirilmiş imtahanlar
artıq 18 ildir keçirilir. Sizin ümumtəhsil
məktəblərinizdə buraxılış imtahanları da,
bildiyimə görə, bu ildən bütün ölkədə
mərkəzləşdirilmiş qaydada aparılır. Lakin
Azərbaycandakından fərqli olaraq Rusiyada bu
imtahanlar birləşdirilib və bir dəfə - Vahid
Dövlət İmtahanı formasında keçirilir.
Bu, bütövlükdə müsbət addımdır. Amma müəyyən
problemlər də meydana çıxır. Həmin problemlər
nazirliyin mənim də iştirak etdiyim kollegiya
iclaslarında tez-tez müzakirə olunur və aradan
qaldırılması üçün tədbirlər görülür. Nəticədə bu
iş yavaş-yavaş qaydasına düşür. İctimaiyyət
yeniliyə öyrəşir.
- Hazırda Rusiya universitetləri ən çox hansı
problemlə qarşılaşır?
- Demoqrafik problemlə. Ölkədə, necə deyərlər,
demoqrafik uçurum yaşanır. Bu, Rusiya üçün böyük
problemdir. Əhalinin azalması 1990-cı ildən
başlayıb və indi 18-20 yaşlı gənclər arasında
özünü daha çox büruzə verir. Həmin yaşdan olan
gənclər ali məktəblərin potensial kontingentini
təşkil etdiyindən universitetlər də tələbə
yığmaq problemi ilə üzləşir. Əhalinin ümumi
sayında yaşlılar üstünlük təşkil edir. Amma son
illər bu problem də aradan qalxmaqdadır. Doğum
artır, kiçikyaşlı uşaqların sayı çoxalır. Uşaq
bağçalarında artıq növbə var. Amma məktəblər,
universitetlər hələ kontingent problemini hiss
edirlər.
- Sovet dövrü ilə müqayisədə müstəqillik
illərində nə dəyişib? Mən təhsil sahəsini
nəzərdə tuturam.
- İrəlidə dediyim kimi, təhsil sahəsində
islahatlar son illər aparılmağa başlanıb. Ona
görə də onun müsbət nəticələri hələlik özünü tam
göstərmir.
Əsas dəyişiklik buraxılış və qəbul imtahanlarını
əvəz edən Vahid Dövlət İmtahanının tətbiqi ilə
bağlıdır.
Bir dəyişiklik də ali məktəblərin çoxpilləli
təhsilə keçilməsində özünü göstərir. Rusiya
Federasiyasının ali təhsil müəssisələri ötən
ildən başlayaraq Boloniya prosesinə qoşulub. Bu
proses gələn il başa çatmalıdır. Ona görə də son
illərədək universitet və institutların
əksəriyyəti birpilləli sistemlə işləyir, yalnız
mütəxəssis buraxırdılar. Amma indi bir çox ali
təhsil müəssisələrində, o cümlədən bizim
universitetdə də bakalavr və magistrlərin
hazırlanmasına başlanıb. Bu, hələ ki, mütəxəssis
hazırlığı ilə paralel aparılır. Deyim ki, bu
sahədə də biz birincilər sırasındayıq.
- Universitetiniz tələbələrə təqaüdlər təklif
edirmi?
- Bəli, təqaud verilir. Ümumiyyətlə, Rusiyada
təqaüd sistemi güclüdür. Hər il də təqaüdlər
artırılır. Lakin bu, Qərbdəki kimi yox, sovet
təhsil sistemində olduğu kimidir. Qərb
ölkələrindəki kimi təqaüd proqramlarının tətbiqi
hələ ki, çətindir. Bunun üçün universitetlərin
güclü maliyyə əsası, bazası olmalıdır. Bu işə
biznes strukturları cəlb olunmalıdır. Deyim ki,
artıq Rusiyada müəyyən biznes qurumları, fondlar
yaranır və onlar tələbələrin bir qisminin təhsil
haqqını ödəyirlər. Yəni sifarişlə kadr hazırlığı
aparılır. Bu innovativ mədəniyyət təzə-təzə
yaranır. Qərb universitetlərində isə belə bir
təcrübə çoxdan mövcuddur. Bizim tərəfdaş
universitetlərimiz müxtəlif təqaüd layihələri
reallaşdırırlar.
- Maliyyə mənbələriniz, gəlirləriniz haqqında nə
deyə bilərsiniz?
- Bildiyiniz kimi, ali təhsil müəssisələrinin
maliyyələşməsi üçün üç mənbə var: büdcə pulu,
ödənişli təhsildən (yəni valideynlər tərəfindən
ödənilən təhsil haqqından) və biznesdən daxil
olan vəsait. Büdcə vəsaiti, aydındır. Əsasən
dövlət ali təhsil müəssisələri bu yolla
maliyyələşir. Lakin büdcə də nəhayətsiz deyil.
Ona görə indi dövlət ali məktəbləri də digər
maliyyə mənbələri əldə etmək üçün çalışır,
ödənişli təhsil tətbiq edir, biznes qurumları
ilə əlaqə yaradırlar. Konkret olaraq bizim
universitetə gəldikdə isə biz, əsasən, təhsil
haqqından əldə olunan vəsait hesabına
maliyyələşirik. Lakin son illər biznes
strukturlarından vəsait əldə etmək istiqamətində
də fəal iş aparırıq. Bizdə ticarət-sənaye
sahəsinin təhsilə yardımı ilə bağlı bir komitə
var. Mən onun sədriyəm. Əsas vəzifəm Rusiyada
bizneslə ali təhsil sisteminin dialoqunu təşkil
etməkdir. Artıq bu sahədə bəzi addımlar atılır
və irəlidə dediyim kimi, müəyyən biznes
qurumları təhsilə vəsait yönəltməyə başlayırlar.
Belə sistem yavaş-yavaş yaranır. Bizneslə
əməkdaşlıq ali məktəblərdə rəqabət mühitinin
yaranmasına, nəticədə mütəxəssis hazırlığının
keyfiyyətinin yüksəlməsinə müsbət təsir
göstərir.
- İmran müəllim, maddi baza, müasir
texnologiyaların, xüsusən də İKT-nin tətbiqi
baxımından universitetinizdə vəziyyət necədir?
- Bizim universitetdə olan maddi-texniki baza
bəlkə çox Avropa ölkəsinin ali məktəblərində
yoxdur. Mən dünyanın bir çox tanınmış
universitetində olmuşam. Bizim universitet maddi
baza baxımından onlardan geri qalmır.
Universitetimiz tam kompüterləşdirilib.
Tələbələr pulsuz İnternetdən istifadə edirlər.
Bu il universitetə girənlərə tələbə bileti ilə
bərabər, netbuklar da vermişik. Tələbələr bütün
zəruri informasiyaları, təlimatları kompüter
vasitəsi ilə əldə edirlər.
Bütün bunlarla bərabər onu da deyim ki,
maddi-texniki bazanın keyfiyyətə təsiri hələ o
qədər də hiss olunmur. Bu təsir hardasa 30 faizə
bərabərdir. Təsirin 100 faizə çatdırılması üçün
insanlar da dəyişilməlidir.
- Sizdə müəllimlər orta hesabla nə qədər maaş
ala bilir?
- İndi Rusiyada müəllimlər yaxşı maaş alır.
Məsələn, bizim universitetdə professor 2 min ABŞ
dollar əməkhaqqı alır. Maaşlar getdikcə
artırılır. İndi Rusiya Federasiyasında belə bir
qayda qoyulub ki, universitetlərdə orta aylıq
maaş istehsalatdakı orta aylıq əməkhaqqından çox
olmalıdır.
- Xarici tələbələriniz varmı? Azərbaycandan neçə
gənc sizdə təhsil alır?
- Xarici ölkələrdən tələbəmiz çoxdur. Dəqiq
sayını deyə bilmərəm, ancaq Azərbaycandan da
təhsil alanlarımız var. Azərbaycanlılar əsasən
iqtisadiyyat, hüquq ixtisaslarında təhsil
alırlar. Son zamanlar informatikaya maraq artıb.
Ukraynadan, Qazaxıstandan, Moldovadan
tələbələrimiz daha çoxdur.
- Universitetiniz beynəlxalq proqramlarda
iştirak edirmi?
Hansı xarici ölkələrin ali məktəbləri ilə
əlaqələriniz var?
- Universitetimizdə ikili diplom proqramı fəal
şəkildə reallaşdırılır. Tələbələrə imkan verilir
ki, beynəlxalq proqramlarda iştirak edərək bizim
universitetin diplomu ilə yanaşı, proqram üzrə
tərəfdaş universitetin də diplomunu alsın. 5
belə proqramda iştirak edirik. Tərəfdaşlarımız
İngiltərə, İsveç, Niderland, Fransa və
İspaniyanın ali məktəbləridir. Bu proqrama
qoşulan tələbələr 3 il bizdə təhsil alır, sonra
təhsillərini həmin universitetlərdə davam
etdirirlər. Çünki Rusiyada, eləcə də bizdə
təhsil hələlik birpilləlidir, mütəxəssis
hazırlanır. Avropanın həmin universitetlərində
isə təhsil ikipilləlidir. Tələbələr orada bir
il oxuyub, diplom müdafiə edir, həmin
universitetin bakalavr diplomunu alırlar.
- Vətənlə tez-tez əlaqə saxlaya bilirsinizmi?
- Vətən ana qucağı kimi müqəddəs və əzizdir.
İnsan qocaldıqca vətən onu çəkir. Bu baxımdan
doğma yerlər məni də özünə çəkir və imkan
düşdükcə vətənə gəlirəm. Anam, qohum-əqrəbam
buradadır. Azərbaycana hər gələndə onlara baş
çəkirəm.
- Maraqlı müsahibə üçün sağ olun.
Müsahibəni apardı:
Yusif ƏLİYEV |