Oktyabrın 15-17-də Bakıda "Qloballaşma
prosesində Qafqaz və Mərkəzi Asiya" mövzusunda
III Beynəlxalq konqres keçirilib.
Qafqaz Universitetinin təşəbbüsü, bu ali
məktəbin və Azərbaycan Dövlət İqtisad
Universitetinin təşkilatçılığı, Azərbaycan
Respublikası Təhsil, İqtisadi İnkişaf, Sənaye və
Energetika nazirliklərinin, Türk Əməkdaşlıq və
İnkişaf İdarəsi (TİKA) və Azərbaycan-Türk
Sənayeçi və İş adamları Beynəlxalq Cəmiyyətinin
(TÜSİAB) fəal dəstəyi ilə keçirilən konqresdə
məqsəd qloballaşan dünya şəraitində ortaq tarixi
və mədəniyyəti bölüşən Qafqaz və Mərkəzi Asiya
ölkələrinin müxtəlif universitet, akademiya və
institutlarında fəaliyyət göstərən elm
adamlarını bir araya gətirmək, Qafqaz və
Mərkəzi Asiya regionunun mövcud şəraitini və
qarşılaşdıqları problemləri təhlil etmək, ortaq
problemlərin müzakirəsi və həlli yolları üçün
təkliflər irəli sürülməsini təmin etmək idi.
Konqresin işində 13 ölkədən nümayəndələr iştirak
edirdi.
Oktyabrın 15-də Azərbaycan Dövlət İqtisad
Universitetinin II korpusundakı geniş zalda
konqresin açılışı oldu. Açılış mərasimində
Azərbaycan Dövlət İqtisad Universitetinin
rektoru, professor Şəmsəddin Hacıyev, Qafqaz
Universitetinin rektoru, professor Ahmet Saniç,
TÜSİAB-ın Baş katibi Yasin Göral, Türkiyə İsrafi
Önləmə Vəqfinin başqanı, professor Əziz Akgül,
millət vəkili, akademik Ziyad Səmədzadə və
başqaları çıxış edərək konqres iştirakçılarını
salamladılar, beynəlxalq tədbiri yüksək
qiymətləndirib onun işinə uğurlar arzuladılar.
Konqresin keçirilməsinə sponsorluq etmiş
"Mətanət-A" şirkətinin rəhbəri Elxan Bəşirova
təşkilatçılar adından mükafat təqdim olundu.
Oktyabrın 16-da konqres "Qloballaşma prosesində
təhsil", "Qloballaşma prosesində
Azərbaycan-Türkiyə iqtisadi əlaqələri və gələcək
perspektivlər", "Qloballaşma prosesində regional
inkişafın əhəmiyyəti və tətbiq edilən
siyasətlər" adlı üç bölmədə işini davam etdirdi.
Konqresdə iqtisadiyyat və beynəlxalq
münasibətlər istiqamətləri üzrə 20-yə qədər
mövzuda məruzə dinlənildi, müzakirələr aparıldı.
Qafqaz Universitetində təşkil olunan bölmələrdə
Türkiyənin Mərmərə Universiteti, İstanbul
Ticarət Universiteti, Sakariya Universiteti,
Fatih Universiteti, Başkənt Universiteti,
Azərbaycan Dövlət İqtisad Universiteti, Ankara
Universiteti və başqa nüfuzlu ali məktəblərdən
tanınmış iqtisadçı alimlər və regionşünaslar
məruzələrlə çıxış etdilər. Hər bölmə üzrə 5-7
məruzə dinlənilərək müzakirə olundu, maraqlı
təkliflər səsləndirildi.
Lalə YUSİFQIZI |